Baş Prokurorluğun “qaynar xətt”i gecə növbəsində “yatır”? - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
4293

Korrupsiya şikayətlərinin prokurorluğa aid olmadığı bildirilir

Hər ayın 15-i qulluq stajına görə pensiya alanların “şad olduğu”, aylıq pensiyalarının bank hesablarına oturduğu gündür. Artıq bir ildir bu sətirlərin yazarı ayın 15-i gələndə nəinki şad olur, əksinə, stress, depressiya qazanır. Nədən  pensiyasına 7 il qabaq Azərbaycan dövlətinin adından çıxarılan 05.07.2017 tarixli  məhkəmə qərarı ilə əlavə olunan 110 manatı DSMF-in pensiya filialı dələduzluqla, vəzifəsindən sui-istifadə etməklə 6 ildən sonra kəsib, bir ildir bərpa etməkdən imtina edir. Bu gecə də elə oldu. Hesabıma gələn daşınar əmlakın qərəzlə aya 155 manat az hesablandığı bəlli oldu. Və..
Son 10 ayda gündüz edilən hərəkət 15.02.2019-cu ildə gecə yarısına düşdü. Baş prokurorluğun saytında yerləşdirilən 4925540 nömrəsi “mövcud olmadığını” avtomatik rejimdə “bildirdiyindən”, 4920138 nömrəsi həmişəki kimi gecə-gündüz “fısıltı” ilə “yatdığından, ” 161 “qaynar xətt” bağlantı nömrəsini yığdım. İnsafən, anında götürüldü və nə yazıq, götürən gecə növbətçisi gecə yarısından on dəqiqə keçdiyini vurğulayıb, yatdı. Əlimizdən nə gəlir, səhəri gözlədik. Fevralın 16-sı saat 11-30 radələrində zəngimizə növbətçi Eldar Abdullayev şikayətin bir ay qabaq yanvarın 16-da qeydə alındığlnı dedi. Bəs niyə tədbir görülmür, elə özbaşınalıq, dələduzluqla pensiyanın mənimsənilməsi sürür? 961 çağrı mərkəzi də , hüquq sahəsində “bilgisini” prokurorluğun məhkəmə qərarlarının icra olunmamasına qarışa bilməməsini (?) vurğulamaqla  ortaya qoydu Prokurorluq səlahiyyətsizdir, yoxsa, şikayətlər yalandan, başdan eləməkdən yana qeydə alınır?
Deyəsən, Baş Prokurorluğun 961, 161 xidmətləri korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilikdən , Konstitusiyanın özündən olduğu kimi, bilgisizdir. Konstitusiyanın 133-cü maddəsinə görə, prokurorluq qanunların icrasına və tətbiqinə nəzarət edir, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirir. 14 maddəlik  “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun hamısını bir gecədə oxumaq çətin olar , 9.3.12 maddəsini diqqətə çatdırırıq: “Fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq- korrupsiyaya şərai yaradan haldır”.  Belə hala qarşı mübarizə aparmaq yerinə, korrupsiya halının qarşısında gündüz susub , gecə yatmaq hansı sosial ədalət, şəffaflıq, dövlətə, hökumətə inam yarada bilər? Axı korrupsiyaya qarşı mübarizənin amacı elə budur! Daha gündüz susub, gecə yatıb, görməzliyə vurmaqla hansı mübarizədən danışmaq olar?
Gülməcə kimi verilib , amma gerçəkdə aforizm kimi səslənir: bütün dünyada korrupsiya ilə mübarizə mümkünsüzdür, nədən korrupsiyanın özü kimi, onunla mübarizə də ən gəlirli , rentabelli sahədir! Qalır bu gəlirdən payı “ədalətlə” bölmək.
Məğrur BƏDƏLSOY
P.S. 18 fevral saat 10-52-də baş prokurorluğun 161 qaynar xətti şikayəti qeydə almaqdan və özünü təqdim etməkdən imtina edərək, salamlaşmadan və sağollaşmadan dəstəyi asdı. Bu imtinanın və hərəkətin etik davranış kodeksinə uyğunluğuna online şikayət edilən Baş Prokurorluq və yanındakı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi qiymət verməyə borcludur.