Baş nazirin işdən çıxardığı məmurlar - DOSYE

Baxış sayı:
289

Novruz Məmmədovun işdən çıxardıqlarından biri 1994-cü ildən NK-nın hüquq şöbəsinin müdiri olan Günəş Vəliyevadır; onların dövlət qulluğuna da xitam verilib, bəs bu hansı hallarda mümkündür?
Nazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarılıb.
Bu haqda baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib.
Baş nazirin digər qərarı ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Qərarla onun da dövlət qulluğuna xitam verilib.
 Günəş Vəliyeva 1953-cü ildə Gəncə şəhərində anadan olub. İxtisasca hüquqşünasdır.
Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Elmi-tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda kiçik elmi işçi vəzifəsini icra edən kimi başlamışdır, sonra mütəxəssis, kiçik elmi işçi vəzifəsini icra edən vəzifələrində işləmişdir.
1977-1981-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçi vəzifəsində işləmişdir.
1981-1993-cü illərdə Azərbaycan Respublikası Nazirlər Soveti (sonradan Kabineti) İşlər İdrəsinin hüquq şöbəsində referent, aparıcı mütəxəssis, hüquqi ekspertiza şöbəsinin böyük referenti vəzifələrində çalışmışdır.
1993-1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq şöbəsinin rəisi olmuşdur.
1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) Hüquq şöbəsinin müdiri idi.
Qeyd edək ki, N.Məmmədov bu ilin aprel ayında baş nazir təyin edildikdən sonra Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirilib. Kənd təsərrüfatı məsələləri şöbəsi, ekologiya məsələləri şöbəsi və regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Kənd təsərrüfatı şöbəsinin müdiri Əli Məmmədov və regionların inkişafı söbəsinin müdiri Nizami Mustafayev pensiya yaşlarına çatmaları ilə əlaqədar öz ərizələrinə əsasən tutduqları vəzifədən azad olunublar. Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə yeni yaradılan regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi müdirinin müavini təyin edilib.
Neft və kimya məsələləri şöbəsi sənaye və energetika məsələləri şöbəsinə birləşdirilib, şöbə müdiri Əsgər Aslanov şöbə müdirinin müavini təyin olunub. Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə birləşdirilib və şöbə müdiri Nail Fətəliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin edilib.
Günəş Vəliyevanın və Nizami Bayramovun vəzifədən niyə çıxarılması haqda dəqiq bilgi yoxdur. Onların dövlət qulluğuna xitam verilməsi NK-da yeni vəzifəyə təyin olunmayacaqlarını deməyə əsas verir.Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi humanitar və sosial məsələlər şöbəsinə birləşdirilib, şöbə müdiri Qurban Sadıqov həmin şöbəyə müdir müavini təyin olunub.
Dövlət qulluğuna xitam verilməsi nə deməkdir?
Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:
dövlət qulluqçusunun öz arzusu ilə;
dövlət orqanı ləğv edildikdə;
dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;
dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə;
Dövlət qulluğundan azad edildikdə;
Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;
Qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə;
qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;
məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;
dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda və sair...Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər./musavat.com