Baş həkimin müavini dələduzluqda ittiham olunur – TƏRTƏR SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
1519

Ucar rayonu Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Kərimov Qaraoğlan Mirzəhüseyn oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Tərtər rayon Mərkəzi Xəstəxanasının rəhbərliyindən şikayət edən Q.Kərimov bildirir:
“Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu alıb dələduzluq edib. Belə ki, mən Qarabağın azadlığı uğrunda gedən müharibədə iştirak edib döyüşlər zamanı yaralanmışam. Buna görə Qarabağ müharibəsi veteranı adı alsam da indiyə qədər Qarabağ müharibəsi əlili ala bilməmişəm. Səbəbi isə savadsızlığım və imkansızlığım olub.
Mən buna görə Ucar rayon Hərbi Komissarlığına müraciət etdikdə komissar Rafiq Qədirov mənə bildirildi ki, sən Tərtər istiqamətində gedən döyüşlərdə yaralandığın üçün oranın xəstəxanasında müalicə olunmusan deyə həmin yerə müraciət etməlisən. Yaxın bir tanışımla Tərtər rayon Mərkəzi Xəstəxanasına gəldikdə dedilər ki, əlilik işinə baş həkimin müavini Mətanət Hüseynzadə baxır. Onunla görüşdük, bizə bildirdi ki, ilk olaraq xəstəlik epikrez sənədi üçün 500 manat, əlilik sənədinə görə isə 3100 manat verməlisən. Mən həmin pulu baş idarəyə verəcəm ki, sənə əlillik dərəcəsi təyin etsinlər. Mən 500 manatı həmin günü  həkimə verdim, o, mənə xəstəlik sənədi verdi. 3100 manat pulu isə 03 aprel 2019-cu il tarixdə Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadəyə verdim. Bundan sonra o, mənə gələn həftəyə əlilik sənədin düzələcək deyə-deyə məni bu günədək get-gələ saldı. İndi mənə tam məlum oldu ki, Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu alıb, dələduzluq edib.
Mən həmin pulu həkim Mətanət Hüseynzadəyə iki nəfər şahidin yanında vermişəm, həmçinin həkim mənim vatsapıma çoxlu mesajlar yazıb, telefon danışıqları var ki, bunlar mötəbər subutlardı.
Onu da qeyd edim ki, həkimin 500 manat alıb mənə verdiyi xəstəlik epikrez sənədi saxtadır.
Mən kasıb adamam, heç bir yerdə işləmirəm, himayəmdə 4 azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm.Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.
Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu almaqla bizim ailəni quru çörəyə möhtac qoyb. Elə hər dəfə mənə deyir ki, pulu aparıb baş idarəyə vermişəm, sənədlər tezliklə hazır olacaq. Hətta mesajlarındada bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlğından 3 dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin.
Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq you ilə çoxlu sayda insanları aldadıb, pullarını alıb.
Mən mətbuat vasitəsi ilə prezident İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevdən və Səhiyyə naziri Oktay Şirəliyevdən xahiş edirəm, vəzifə səlahiyyətlərindən sui-istifadə edib 3600 manat pulumu alıb dələduzluq etmiş Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadənin barəsində qanuni tədbirlər görəsiniz. Bu həkimin əməli dələduzluq cinayətidir”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.