Bakıda kazino biznesi “çiçəklənir” – PAYTAXTDA QUMARXANALARA HANSI MƏMUR NƏZARƏT EDİR... - Video

Baxış sayı:
6047

Tanınmış vəkil Aslan İsmayılovdan şok açıqlama: “Heydər Əliyevin adını daşıyan Mərkəzin ətrafında və şəhərin digər gur yerlərində artıq kazinolar açıq-aşkar fəaliyyət göstərir” Tanınmış hüquqşünas Aslan İsmayılov son günlər özünün “Facebook” səhifəsində Azərbaycanda kazinolarına fəaliyyəti ilə bağlı açıqlamalar verməkdədir. Onun bu statusları izləyiciləri tərəfindən böyük diqqət çəkməklə yanaşı, həmin kazinoların fəaliyyətinə qarşı çoxsaylı rəylər də yazılmaqdadır. Şübhəsiz, bu da əsasən onunla bağlıdır ki, Azərbaycanda kazino və qumarxanaların fəaliyyəti rəsmən qadağandır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılmışdır. Buna rəğmən, A.İsmayılov Bakının mərkəzində kazinoların fəaliyyət göstərdiyini faktlarla ortaya qoyur: “Topaz və o tipli qumar oyunlarının nə qədər evlər yıxdığını bildiyimdən onların yığışdırılmasına çalışırdım... Deyəcəksiniz necə?! Cavab verirəm, çox sadə... Qumarxanaların xalqımıza hansı fəlakətlər gətirdiyini bilən, buna görə də kazinoların fəaliyyətini qadağan edən mərhum Heydər Əliyevin adını daşıyan Mərkəzin ətrafında və şəhərin digər gur yerlərində artıq kazinolar açıq-aşkar fəaliyyət göstərir. Özü də hamısı qeydiyyatsız, vergi ödəmədən, xalqın evini yıxıb cavid qurbanovların ciblərini doldurmaqla məşğuldurlar. Deyəsən artıq bunlar üçün müqəddəs heç nə qalmayıb. Heydər Əliyev Mərkəzinin beş addımlığında, bunları hakimiyyətə gətirib, milyardlar sahibi edən mərhum Heydər Əliyevə bundan artıq hörmətsizlik etmək olmaz. Özü də bunlar bu murdar addımlarına xeyirxah donu da geyindirmək istəyirlər. Guya bununla ölkədə turizmi inkişaf etdirəcəklər. Doğrudan da bizi avam yerinə qoyublar. Şəxsən mən avam deyiləm və bu avamlara izah edirəm ki, kazinolarla yox, ancaq və ancaq ucuz hava yolları ilə turizmi inkişaf etdirmək olar. Deyəsən, heç kimin "boinq cahangir"ə gücü çatmır deyə, ona söz deyə bilmirlər. Məhz onun, hava yollarındakı yüksək qiymətlərinə görə, turizmi çökdürdüyü artıq körpə uşağa da bəllidir. Bundan başqa dünyanın heç bir yerində mərkəz şəhərlərdə, xüsusən paytaxtlarda kazinolar olmur. Kazino məkanı olan ABŞ-da belə kazinolar mərkəzdən çox uzaq, səhrada yenidən salınmış Las-Veqasda və təxminən iki yüz min əhalisi olan Reno şəhərində yerləşir. Əgər doğrudan da bu milləti talayıb Tbilisi və digər şəhər kazinolarında milyonlar səpələyən oliqarxlar və onların ətrafının pullarını ölkəyə cəlb etmək istəyirlərsə, onda milyardlar xərclənib ancaq qış aylarında fəaliyyət göstərən Şahdağ istirahət mərkəzində nə qədər istəyirlər rəsmi kazinolar açsınlar”. Tanınmış vəkil onu da açıqlayıb ki, bu kazinolardan biri də Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, “Gülüstan” Şadlıq Sarayı ilə üzbəüz, vida mərasim zallarının birinci mərtəbəsində qanunsuz olaraq fəaliyyət göstərir. A.İsmayılov həmin kazinodan vide-görüntülər də paylaşıb. Həmin çəkilişdə danışanlardan biri qeyd edir ki, qumarxana bir aydan çoxdur işləyir. Mərasim zalının 1-ci mərtəbəsində yerləşən kazinoya istənilən şəxs daxil olub, pul uduşu qoya bilir. Başqa bir məlumata əsasən, Bakıdakı son günlər sürətlə çiçəklənməkdə olan qanunsuz kazino biznesi bəzi hallarda çay evləri, internet klublar adı altında fəaliyyət göstərir. İddia olunur ki, paytaxtda fəaliyyət göstərən əksər kazinolar bir neçə şəxsin əlində cəmlənib. Onlar özlərini “toxunulmaz şəxs” statusunda aparır, himayədarları olduqlarını bəyan edir, lotu dəstələri saxlayırlar. Ümumilikdə isə, hər ay milyonlarla manatın qanunsuz olaraq qəsb edildiyi bu kazinolar neçə-neçə ailənin də bədbəxt olmasına yol açıb. Hansı ki, bir gecənin içində bu qumarxanalarda bütün mal varlığını - evini, maşınını, obyektlərini uduzanların sayı onlarladır. Qeyd edək ki, Azərbaycanda gizli kazinolar əsasən Bakı, Xırdalan və Sumqayıt ərazilərində, habelə bir çox rayonlarda fəaliyyət göstərir. Bəzi saytlar yazır ki, Bakıda hər ay milyonların dövr etdiyi qumar biznesinin yetərli hissəsinə “Qara Vəzir” kimi tanınan şəxs başçılıq edir. “Qara Vəzir” əsasən metroların çıxışına yaxın yerlərdəki zirzəmiləri icarəyə götürərək orada qumarxana açır. Muxalifet.az P.S. Mövzu ilə bağlı geniş araşdırma aparırıq. Yaxın günlərdə oxucularımızı çox ciddi faktlarla tanış edəcəyik. Bu zaman Bakıdakı kazino biznesinin arxasında dayanan məmurun kimliyini də öyrənmiş olacaqsınız. Bizi izləyin.