​Bakıda gizli və açıq şəkildə saxlanılan sovet izləri… - REPORTAJ, FOTOLAR

Sovet hökumətinin dağılmasından 26 il vaxt keçsə də Azərbaycanda hələ də bu hökumətin izlərinə rast gəlmək mümkündür. Bu izlər müxtəlif binaların üzərində yazı formasında, küçələrin adlarında, barelyeflərdə, hətta Fəxri Xiyabanda yerləşən qəbir daşlarında belə qalmaqdadır.
 
İlk olaraq şəhərin mərkəzində bu izləri axtardıq. Bəzi yerlər var ki, orada sovet izlərini tapmaqda heç də çətinlik çəkmirsən. Həmin izlər açıq şəkildə, hər kəsin gözü qarşısındadır. Məsələn, “İstiqlaliyyət” küçəsində yerləşən Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının yuxarı hissəsində kiril əlifbası ilə yazılmış “Azərbaycan SSR  Elmlər Akademiyası” yazısı hələ də dəyişdirilməyib. Maraqlıdır ki, bu yazı ilə bağlı bir neçə il öncə verilən açıqlamalarda qeyd olunur ki, bu, tarixdir və toxunmaq olmaz.
Ancaq o da məlumdur ki, elə “Sovetski” adlanan məhəllədə bir sıra tarixi binalar sökülən zaman, nədənsə heç kim məsələyə tarixi yöndən yanaşmadı. Onu da qeyd edək ki, Azərbaycan müstəqillik mücadiləsinə başladığı ilk illərdə hərəkatçıların toplaşdığı, qərar verdiyi və Azərbaycanın üçrəngli bayrağının ilk dəfə dalğalandığı məkanlardan biri də bu bina olub.  Digər tərəfdən, həmin bina 1905-06-cı illərdə tikilib, onun inşa tarixinin də SSRİ-yə aidiyyəti yoxdur.
Bundan başqa yuxarıda da qeyd etdiyimiz kimi paytaxt rayonlarında bir sıra küçələrin adlarında sovet hökuməti hələ də “hakimiyyətdədir”. Məsələn, Sabunçu qəsəbəsində “Bakı komissarı” küçəsini qeyd edə bilərik.
Şəhərin mərkəzində, Bülbül küçəsində yerləşən binanın girişində Leninin 1.70 sm uzunluğunda olan heykəli saxlanılır. Heykəlin kim tərəfindən hansı məqsədlə ora qoyulması bilinmir. Tarixçilər hesab edirlər ki, ola bilər heykəl sadəcə olaraq orada unudulub. Ancaq fakt budur ki, heykəl oradadır.
Ümumiyyətlə, onu da qeyd edək ki, Sovet dövründə Azərbaycanda Leninin 50-yə yaxın heykəli və büstü mövcud olub. Onlardan ən məşhuru 1955-ci ildə indiki Azadlıq meydanının önündə ucaldılan heykəl idi. 1991-ci ildə bu heykəl Azərbaycan rəhbərliyi tərəfindən demontaj olundu.
Müstəqillik illərində isə Azərbaycanda qalan yeganə abidə Qəbələ rayonunun Qəmərvan kəndində yerləşən Leninin heykəli hesab olunur. Həmin heykəlin hündürlüyü 3 metrdən yuxarıdır. Heykəli daha çox Azərbaycan Kommunist Partiyasının fəalları ziyarət edirlər.
Bütün bunlardan da dəhşətlisi Birinci Fəxri Xiyabanda rastlaşdığımız mənzərə oldu. Belə ki, Fəxri Xiyabanda Səməd Vurğunun məzarının sağ tərəfində sıra ilə şəkilsiz qəbirlər var. Həmin qəbirlərin baş daşının üzərində açıq şəkildə Cümhuriyyətimizin qurucularına, qarşı həqarət öz əksini tapıb. Baş daşlarından biri Əli Bayramova aiddir. Daşın üzərində bu cümlələr qeyd olunub: “Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş alovlu bolşevik Əli Bayram oğlu Bayramov 1889-1920”. Eyni fikirlər daşın üzərində rus dilində də yazılıb.
Qeyd edək ki, indiki Şirvan şəhəri bir zamanlar Əli Bayramovun adını daşıyırdı. Lakin 2008-ci ildə Milli Məclisdə şəhərin adının Şirvan olaraq dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. Şəhərin adı dəyişdirilsə də, həqarət dolu daş lövhə Fəxri Xiyabanda hələ də qalmaqdadır.
Orada ikinci belə qəbir Musevi Mir Fəttah Əli oğluna aiddir ki, bu qəbrin də üzərində yazılıb: “Müsavat qatillərinin əli ilə öldürülüb”.
Fəxri Xiyabanda üzərində “Azərbaycanda Sovet İttifaqının qurulmasında böyük xidmətləri olub” cümləsi yazılmış digər qəbirlərə də rast gəlmək mümkündür. Maraqlısı budur ki, orada təmizlik işləri aparanlar, əraziyə bələd olduğunu bildirən işçilər bu məzarlardan xəbərsiz olduqlarını bildirdilər. Onlardan həmin məzarların yerini soruşduğumuz zaman qeyd etdilər ki, burada elə bir qəbir ola bilməz.
Ancaq işçilər görməsə də məzarlar turistlərin gözlərindən yayınmır. Elə biz orada olduğumuz zaman rusiyalı turistlərin bu məzarları ziyarət etdiyinin şahidi olduq. Hələ Musevi Mir Fəttahın məzarının üzərinə tər qərənfillər də qoyulmuşdu.  Bu isə onu göstərir ki, qəbirlər Fəxri Xiyabanda nə qədər dərinlikdə yerləşsələr də bu məzarları ziyarət edənlər yox deyil. Təəssüf ki, onların da əksəriyyəti turistlərdir...
Mövcud vəziyyətlə bağlı tarixçi Dilavər Əzimli musavat.com-a bildirib ki, bu kimi izlər şəhərdən yığışdırılmalıdır: “Heykəllər xüsusi yerlərə köçürülməlidir. Bununla bağlı Avropa nümunəsindən faydalanmaq lazımdır. Məsələn, Böyük Britaniyada baxırsan ki,  Oliver Kromvelə onun yanında da bu şəxsə qarşı çıxan insanın da heykəlini ucaldıblar. Hesab edirəm ki, bu kimi parklar düzəltmək olar. Həmin parklarda Lenin də heykəlini qoymaq olar. Bakıdan bu kimi qalıqların silinməməsinin ən böyük günahı icra nümayəndələrində, bələdiyyələrdə və digər əlaqədar təşkilatlardadır. Mən də tez-tez rastlaşıram. Bu, çox pis haldır və pis hal kimi də qarşılayıram. Hətta elə yerlər var ki, orada Azərbaycan xalqının qətlində iştirak etmiş keçmiş bolşeviklərin adları qalıb. Yazırlar ki, filan bolşevik bu binada yaşayıb. Əslində bu müvafiq qurumların işləməməyinin nəticəsidir. Həmin qurumların rəhbərlərinin başları yalnız vəzifə tutmağa, qohum-əqrəbalarını işə qoymağa qarışıb. Bu adamları belə bir şey maraqlandırmır. Bu məsələ sırf olaraq dövlətçiliklə bağlıdır. Dövlətçilik isə odur ki, bir insan şəhəri gəzəndə orada millilik, dövlətinin atributlarını görsün.
Təsəvvür edin ki, xarici qonaq gəlir sağa baxır, orada bir sovet izi görür. Sola baxanda başqa bir nüansı müşahidə edir. Belə olan halda turist nə düşünəcək? Çox pis haldır. Təəssüf ki, 1991-ci ildən bəri 26 il keçsə də, bu məsələ hələ də həllini tapmayıb. Salyan tərəfdə bir hüquqi binanın üzərində hələ də “Slava KPSS” (Kommunist Partiyasına eşq olsun) yazısı qalıb. Hərfləri çıxarıblar, yerində işarələri qalıb. Münasibət, dövlətçiliyin özünə qarşı münasibətdir. Bu dövləti sevən insan bu kimi şeylərdə son dərəcə diqqətli olmalıdır”./musavat.com/