​Bakı polisindən əməliyyat: 3 həbs

Baxış sayı:
3241

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Muxalifet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə cari il iyul ayının 31-də saat 23 radələrində Xətai rayonunun M.Hadi və Vunq Tau küçələrində Bakı şəhər sakinləri R.Fərzəliyevin “Toyota”, Ş.Nəsibovun və M.İsgəndərovun “Mercedes”, Y.Hüseynovun “Nissan” markalı avtomobillərindən yan güzgülərinin şüşələrinin oğurlandığı barədə müraciətlər daxil olub.
Dərhal Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Fərman Heydərov olduğu müəyyən edilib.
Bundan başqa, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədbəyov küçəsində Sumqayıt şəhər sakini Z.Məmmədovun “Mazda” markalı avtomobilindən 1300 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev saxlanılıb.
Daha bir əməliyyat Nəsimi rayonunda keçirilib. 20-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini P.Quliyevin “Hyundai” markalı avtomobilindən 87 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Elvin Məmmədov saxlanılıb.
Hər üç faktla bağlı cinayət işi başlanıb.