Bakı Mühəndislik Universitetinin 2 tenderində 3 şübhəli məqam

Baxış sayı:
3445

Bakı Mühəndislik Universiteti (BMU) tərəfindən keçirilən 2 tender müsabiqəsinə yekun vurulub.
Muxalifet.az xəbər verir ki, BMU bir dəst ikili stasionar su nasosunun satın alınması üçün fiziki şəxs Salmanlı Tərlan Sadiq oğluna (VÖEN – 1802060672) 4 min 130 manat, 250 sənədin plagiat olub-olmamasını yoxlamaq üçün isə “Plagiat.PL MMC”nin Azərbaycan Respublikasındakı filialına (1602295321) 3 min 835 manat ödəyəcək.
Məlumat üçün qeyd edək ki, hər iki tender müsabiqəsində bir mənbədən satınalma metodu tətbiq edilib və dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə keçirilməyib.
Xatırladaq ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, BMU-nun almaq istədiyi su nasosu və sənədlərin yoxlanılması xidmətinin yuxarıda göstərilən hallardan hansına aid edildiyi başa düşülmür.
Daha bir müəmmalı məqam isə odur ki, tenderin qalibi olan “Plagiat.PL MMC”nin Azərbaycan Respublikasındakı filialının dövlət büdcəsinə 8 min 189 manat 78 qəpik (23 yanvar 2024-cü il tarixinə) vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, tenderdə iştirak edə bilmək üçün təchizatçıların vergi və digər icbari ödənişlərlə bağlı borcu olmamalıdır./yeniavaz.com