"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi

Baxış sayı:
15148

Ölkənin bir sıra regionlarında havaların kəskin soyuması, küləklə müşahidə olunan dolu və yağışın yağması "Azərişıq" ASC-ni bir sıra qabaqlayıcı tədbirlər görməyə məcbur edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev report -a bildirib ki, axşam saatlarından etibarən əməkdaşlar baş verə biləcək mümkün qəzaların qarşısını almaq üçün səfərbər olunub:
"Artıq canlı qüvvə və texnikamız hazır vəziyyətə gətirilib. Onlar baş verə biləcək qəzaların qarşısını almağa çalışırlar. Digər qrup isə yağışlı-küləkli hava şəraitində baş verən fasilələri operativ aradan qaldırmaqla məşğuldur. Hazırda Zaqatala rayonu və ətraf ərazilərdə yaranan fasilələr aradan qaldırılıb, abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib".
Qeyd edək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumara görə, Quba, Göygöl, Gəncə, Daşkəsən, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Şamaxı və Naxçıvanda hava küləkli və yağışlı keçir. Bəzi regionlarda dolu düşüb.