Azərbaycanlı İŞİD-çilər İraqda kürd qüvvələrinə təslim oldu

İraqda yüzlərlə İŞİD üzvü ailələri ilə birlikdə kürd-peşmərgə silahlı birləşmələrinə təslim olub.
 
Onların arasında azərbaycanlıların da olduğu bildirilir.Virtualaz.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Haşdi Şabi silahlılarının və İraq əsgərlərinin onları öldürməsindən qorxan 250-yə yaxın İŞİD üzvü öz ailələri ilə birlikdə Telafer şəhərinin şimalındakı İyaziyə qəsəbəsində Peşmərgə qüvvələrinə təslim olub.
Mənbənin yazdığına görə, onların arasında Türkiyə, Yəmən, Tunis, Əfqanıstan və Misir vətəndaşları da olub. Ümumilikdə 500-yə yaxın insanın Peşmərgə qüvvələrinə təslim olduğunu Haşdi Şabi hərbi birləşməsinin komandanı Tahir Əbu Əli də təsdiqləyib.
Türkiyə vətəndaşı, 34 yaşlı İŞİD döyüşçüsü Uğur Çardakçının anası Xalidə Çardakçı mətbuata açıqlamasında oğlunun ayağından yaralandığını və bundan sonra kürd silahlılarına təslim olduğunu bildirib.
“Oğlum iki il əvvəl Telaferə getmişdi. Onun zorla və ya istəyərəkdən İŞİD-ə qoşulduğunu bilmirəm. Orada Rizəli Türkiyə vətəndaşı ilə ailə qurmuşdu, iki uşağı var idi. Tez-tez “Whatsapp”la danışırdıq. 7 aydır mühasirədə idi, bizə deyirdi ki, millət vəkillərinə müraciət edək, onların mühasirədən çıxmasına yardım etsinlər. Oğlum Peşmərgəyə təslim olmağa gələrkən ayağından vurulub. Gəlinim uşaqlarla düşərgəyə gətirilib, oğlumdan isə xəbər yoxdur. İraqda onunla bərabər 500 türk ailəsi Peşmərgəyə təsim olub”, – deyə İŞİD döyüşçüsünün anası bildirib.