Azərbaycanla Aİ arasında saziş bu il imzalanmayacaq

"Avropa İttifaqı ilə yeni saziş üzrə sənədin hansı mərhələdə olduğunu demək çox çətindir".
 
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Nazir müavini bildirib ki, ilk növbədə sənədin keyfiyyəti vacibdir: "Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Bu, hüquqi sənəddir. Gec olsun, amma keyfiyyətli olsun. Sənəd çərçivəsində siyasi məsələlər də müzakirə olunur. Sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı öz əksini tapıb. Bu ilin sonuna kimi bu saziş imzalana bilməyəcək. Bu yalnız o halda baş verə bilər ki, biz onların dediyi hər şeyi qəbul edək. Amma bu düzgün olmaz".