“Azərbaycanın vergi-gömrük sistemində köklü islahatlara ehtiyac var” – Vahid Əhmədov

Baxış sayı:
4276

Azərbaycanın vergi-gömrük sistemində köklü islahatlara ehtiyac var. İslahatlar aparmaq lazımdır ki, insanlar kifayət qədər vergi və rüsum ödəsinlər, kölgə iqtisadiyyatı olmasın”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin kölgə iqtisadiyyatı ilə bağlı dediklərini şərh edərkən bildirib.
“Kölgə iqtisadiyyatı bütün dünyada, o cümlədən Azərbaycanda da var. Amma onun qarşısını almaq lazımdır. Bunu Prezident ötən gün Nazirlər Kabinetinin iclasında da qeyd etdi. Dövlət başçısı bu məsələyə xüsusilə vergi və gömrük sahəsinin müzakirəsi zamanı toxundu. Uçotdan yayınma, qeyri-rəsmi məşğulluq və s. hallar kölgə iqtisadiyyatı üçün şərait yaradır və insanlar vergi və rüsumları ödəmək istəmirlər. Odur ki, vergi-gömrük sistemində islahatlar aparılmalıdır. Bu məsələdə sağlam rəqabətin olması da böyük rol oynayır. İnhisarçılıq olmamalı, həm vergi, həm də gömrük orqanlarında şəffaflıq təmin olunmalı, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə daha da sərtləşdirilməlidir. Bütün bu kompleks tədbirlər kölgə iqtisadiyyatını müəyyən qədər aradan qaldıra bilər”, – deyə o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev də müşavirədə Azərbaycanda kölgə iqtisadiyyatının payının kəskin azaldılması üçün ciddi addımlar atıldığını bildirib: “Bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100% nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır”.