Azərbaycanı yeni torpaq işğalı ilə hədələyən erməni nazirə Bakıdan sərt cavab

Baxış sayı:
6412

Təxribatçı və sərsəm bəyanata XİN, Müdafiə Nazirliyi, hərbi və siyasi ekspertlərdən kəskin reaksiyalar gəldi...

“Ermənistan müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı ”sülh naminə ərazi" formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən D.Tonoyanın fikirlərini şərh edərkən bildiriblər.

Qeyd olunub ki, Ermənistan baş naziri N.Paşinyanın Vyanada Azərbaycanın dövlət başçısı ilə görüşü nəticəsində münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesində konkret və nəticəyə yönəlik addımların atılması, sülh mühitinin yaradılması ilə bağlı qəbul edilən birgə bəyanatdan dərhal sonra erməni müdafiə nazirinin belə bir çıxışı təhrikçi xarakter daşıyır və münaqişənin sülh yolu ilə həllinə, bu xüsusda Minsk Qrupunun həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxır: “Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır”.

XİN-in yaydığı açıqlamada o da bildirilir ki, Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil: “Azərbaycanın tələbi BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Bütün bu illər ərzində beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan səylərimiz məhz bu məqsədə yönəlib. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsini rəhbər tutaraq öz torpaqlarını bütün digər vasitələrlə erməni işğalından azad etməyə hazırdır və bundan ən yaxşı xəbərdar olan elə məhz Ermənistandır. Yekunda müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edib, yoxsa bu, nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdır?”.

Vaqif Dərgahlı ile ilgili görsel sonucu

Azərbaycan Müdafiə Nazirliyi də erməni müdafiə nazirinin bəyanatına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı Vyanada keçirilən görüşü müsbət dəyərləndirdiyi halda bu ölkənin müdafiə nazirinin məsuliyyətsiz çıxışı Ermənistan hakimiyyətində mövcud olan hərc-mərcliyin, ikitirəliyin və özbaşınalığın əyani sübutudur: “Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyətdən yaxşı xəbərdar olan David Tonoyan bunu müxtəlif üsullarla ölkə rəhbərliyi və ictimaiyyətindən gizlətməyə çalışır. Eyni zamanda, baş nazir Nikol Paşinyan ordu rəhbərliyini toplayaraq qapalı iclas keçirməklə Ermənistan silahlı qüvvələrinin cinayət aləminin qaydaları ilə idarə olunduğunu və bunun böyük problemə çevrildiyini bildirir. İş o həddə çatıb ki, Paşinyan Mehridə baş verən əsgər qiyamından ciddi narahatlığını ifadə edir, arxa cəbhədə yerləşən bölmələrdə qeyri-döyüş itkilərinin sayının artmasını dilə gətirir, Ermənistan müdafiə nazirliyi və baş qərargahındakı korrupsiya, oğurluq, rüşvətxorluq halları barədə ictimaiyyətə məlumat verir. Tonoyan isə bu cür absurd və sərsəm bəyanatlar verməklə Ermənistanın işğalçı mahiyyətini bir daha rəsmi surətdə nümayiş etdirir ki, bu da ölkəmizin ərazi bütövlüyünə qarşı rəsmi İrəvan tərəfindən yeni təhdidlərin ifadə olunması kimi dəyərləndirilir. BMT-nin sülhün dəstəklənməsinə həsr olunmuş tədbirində iştirak edən bir müdafiə nazirinin erməni diaspora nümayəndələri ilə görüşdə bu cür aqressiv və irticaçı fikirlər səsləndirməsi Ermənistanın sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldilən beynəlxalq hüquq və normalara hörmətsizliyinin təzahürüdür”.

Nazirlik rəsmisi bəyan edib ki, Nyu-Yorkun erməni icması qarşısında çıxış edən D.Tonoyanın əsas məqsədi, heç şübhəsiz, onlarda çaşqınlıq yaratmaq, oğurladığı və talan etdiyi maliyyə vəsaitlərinin yerini doldurmaq üçün erməni diasporundan əlavə pul dilənməkdir: “Bütün bu fikirləri tamamlayaraq qeyd edim ki, ərazilərin azad edilməsi üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Azərbaycan ordusu malik olduğu bütün qüvvə və gücünü düşmənin üzərinə endirməyə qadirdir və hazırdır”.

Bəs Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşündən az sonra erməni müdafiə nazirinin belə bir bəyanat verməsinin arxasında real güc, plan dayanır, yoxsa bu bəyanat siyasi məqsədlərə hesablanan bəyanatdır?

Hərbi-siyasi ekspert Ramil Məmmədli ile ilgili görsel sonucu

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın müdafiə naziri David Tonoyanın son çıxışında “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi iki ölkə arasında sülhün əldə olunması istiqamətində atılan addımların qarşısını almağa xidmət edir: “O ki qaldı Ermənistan ordusunun döyüş bacarığına, bizə qalib gəlmək imkanlarına, onu deyə bilərəm ki, son illərdə ermənilər də müəyyən hərbi texnikalarla ordunun arsenalını gücləndiriblər. Lakin bu, Azərbaycan Ordusuna qalib gəlmək səviyyəsində güc deyil. Münaqişənin həllində vasitəçilik edən ölkələrin də rəhbərliyi yaxşı bilir ki, Qarabağın azad edilməsi üçün Azərbaycan bütün imkanlara malikdir. David Tonoyan isə hələ də köhnə erməni yanaşması ilə düşünür ki, birinci Qarabağ müharibəsində onlara hər cür yardım edən Rusiya bu dəfə də hərbi əməliyyatlarda onların yanında olacaq. Lakin o, yanılır. Çünki artıq regiondakı proseslər beynəlxalq qurumların nəzarətindədir və Rusiya isə Suriya, Ukraynadan sonra üçüncü cəbhədə - Qarabağda bizə qarşı müharibə aparmaq imkanında deyil. Tonoyanın bu açıqlamasını erməni lobbisinin ictimai fikrinə hesablanmış açıqlama kimi də analiz etmək olar. Çünki on illərlə lobbinin pullar ”böyük Ermənistan" ideyasına xərclənib. Azərbaycan torpaqları işğal olunub. İndi isə Azərbaycan bütün meyarlar üzrə güclənib və Azərbaycan əsgərinin silahının “lüləsi” ermənin alnına dayanıb və tələb edir ki, ərazini boşalt. Artıq Rusiya xaric, digər ölkələr ərazilərin boşaldılmasını istəyir. Belə olan halda Tonoyan nə deməlidir? Yəni bu fikirlər erməni ictimaiyyətinə yönəlib".    

Ekspertin sözlərinə görə, baxmayaraq ki, Qarabağ işğal altındadır, Azərbaycan Ordusu oradakı bütün hərbi yerdəyişmələrə nəzarət edir, düşmən qüvvələrinin atdığı addımları izləyir: “Bu, ordumuzun arsenalında olan müasir texniki imkanlar və kəşfiyyat bölmələrimizin döyüş bacarığı sayəsində həyata keçirilir. Bunu əminliklə deyirəm. Ermənistan Ordusunun Qarabağda həyata keçirmək istədiyi istənilən hücum əməliyyatı ermənilərin böyük məğlubiyyəti ilə nəticələnə bilər. Mən burada istiqamətləri bir-bir sadalamaq istəmirəm. Amma onu deyə bilərəm ki, Ermənistan ordusunun nə şəxsi heyəti, nə texniki imkanları min kilometrdən artıq məsafədə Azərbaycanla döyüş aparmaq imkanında deyil. 2016-cı ilin aprelində döyüşlər əsasən 250 km uzunluğunda olan təmas xətti boyunca baş vermişdi. Buna dözə bilməyən erməni ordusu indi bizimlə bir neçə cəbhədə döyüş apar bilərmi?! Əlbəttə, bu mümkün deyil. Təəssüf ki, Ermənistanın müdafiə naziri David Tonoyan hərbçi kimi deyil, sıradan bir siyasətçi kimi populizmlə məşğul olur. David Tonoyan əslində erməni ordusunun Azərbaycan ordusundan bütün parametrlərə görə zəif olduğunu və Ermənistanın da belə vəziyyətdə müharibəyə başlamayacağını bilir”.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə görüşün nəticələrini pozitiv adlandıran Ermənistanın baş naziri Nikol Paşinyanın bu sözlərindən dərhal sonra Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməklə Vyana görüşünün üstündən xətt çəkmiş oldu, “müsbət impulsdan” əsər-əlamət qalmadı: “Ermənilər hər dəfə belə edirlər. Azərbaycan XİN Tonoyanın açıqlamasıyla bağlı bəyanat yaydı. Bəyanatın son abzası belədir: ”Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu onun ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdır?" Bu sualın cavabını gözləməyə ehtiyac yoxdur. Çünki cavab olmayacaq. Paşinyan müdafiə nazirinin ağzının üstündən vurmayacaq. Tam əksinə, Paşinyanın icazəsi olmasaydı, müdafiə naziri artıq ikinci dəfə Azərbaycanı hədələməzdi"./musavat