Azərbaycandan jurnalistə maneəsiz işləmək imkanı tələb edilir

Baxış sayı:
5080

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Haarlem Dezir criminal.az saytının baş redaktorunun məhkum edilməsi ilə bağlı məhkəmə qərarını pisləyib.
 
Harlem Dezir "twitter" hesabında yazıb ki, criminal.az saytının baş redaktoru Anar Məmmədovu məhkum edən məhkəmə qərarı bir daha Azərbaycanda ifadə azadlığı və media azadlığında narahatverici tendensiyanın olduğunu nümayiş etdirir.
"Mən səlahiyyətli qurumları apellyasiya instansiyasında bu cinayət işinə nəzər salıb jurnalistə maneəsiz işləmək imkanı verməyə səsləyirəm," media azadlığı üzrə nümayəndə yazıb.
Martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Eldar Mikayılovun sədrliyi ilə Anar Məmmədova 5 il 6 ay şərti azadlıqdan məhrumetmə hökmü çıxarıb. Məhkəmə hökmünə görə ona 2 il sınaq müddəti təyin olunub. Bu müddətdə müvafiq orqanlara xəbər vermədən yaşayış yerini dəyişə, ölkəni tərk edə bilməz.
Baş redaktor Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevin güllələnməsi, onun vətəndaşlarla kobud münasibəti, bu üzdən şəhərin mərhum polis rəisi Rasim Musayevlə aralarında baş verən insident barədə yazılara görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Anar Məmmədov günahsız olduğunu və məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.
“Bəraət hökmündən başqa istənilən qərar mənim hüquqlarımın pozulmasıdır. Bunu özümə qarşı dövlət adından verilmiş haqsız qərar hesab edirəm”, baş redaktor məhkəmədə son sözündə deyib.
2018-ci il iyulun 9-da Baş Prokurorluq internetdə həmin ilin yayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.
Bundan sonra prokurorluq bastainfo.com, criminal.az, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.