Azərbaycanda yeni hökumət: 5 naziri, komitə sədrlərini və digərlərini nə gözləyir... - FOTOLAR

Baxış sayı:
877

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Novruz Məmmədovun baş nazir statusunda rəhbərlik edəcəyi Nazirlər Kabinetinin yeni tərkibini qismən formalaşdırıb. Ona görə qismən ki, 6 nazir postuna, o cümlədən bir sıra dövlət komtələrinin və xidmətlərinin rəhbərliyinə yeni təyinatlar olmayıb. Bu postları tutanlar hələlik vəzifələrini müvəqqəti icra edirlər.

Lakin belə qeyri-müəyyən vəziyyət həmin nazirlərin və məmurların hamısının avtomatik olaraq işsiz qalacağı mənasını vermir. Hökumətin yeni tərkibinin formalaşdırılması prosesi qarşıdakı günlərdə də davam edəcək və istisna deyil ki, səlahiyyətlərini müvəqqəti icra edənlərin bəziləri yenidən öz postlarına təsdiq olunsun, yaxud başqa vəzifələrə keçirilsinlər. Amma burası dəqiqdir ki, bu kateqoriya məmurların bir çoxu istefaya göndəriləcək.

Kreslosu hələ “sual altında” olan nazirlərdən biri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur. Bağırov hökumətin nisbətən gənc üzvlərindəndir, 1955-ci ildə anadan olub. 2001-ci ildən Azərbaycanın ekologiya və təbii sərvətlər naziridir, yəni düz 17 ildir ki, nazir postunu tutur.

Vəzifəsinə hələ təsdiqlənməyən gənclər və idman naziri Azad Rəhimov da nisbətən “gənc nəsil” məmurlardandır. Lakin o da nazir vəzifəsini 10 ildən çoxdur tutur, 2006-cı ildə bu vəzifəyə təyin olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev 1956-cı ildə anadan olub və hökumətin vəzifə tutmaq baxımından ən “uzunömürlü” üzvlərindən biridir. O, 1994-cü ildə gənclər və idman naziri təyin olunub. 2001-ci ilə qədər bu vəzifədə çalışıb. Həmin il nazirlikdə struktur dəyişiklikləri aparılıb, turizm sahəsi də bu nazirliyə həvalə edilib  və Əbülfəs Qarayev gənclər, idman və turizm naziri statusunda yenidən təyinat alıb. 2006-cı ilə qədər bu statusda çalışıb, həmin il yenidən struktur dəyişikliyi aparılıb və nazirlik bölünüb, idman sahəsi ayrılıb. Nəticədə Əbülfəs Qarayev bu dəfə mədəniyyət və turizm naziri portfelini götürüb, yenə də nazir postunda qalıb.

Belə demək olar ki, Ə.Qarayevin nazirliyi bütün bu müddət ərzində ən çox struktur dəyişikliyi yaşayan nazirlikdir. Elə ötən həftə hökumətin yeni tərkibinin formalaşmasından əvvəl prezident İlham Əliyev yenidən bu nazirlikdə struktur dəyişikliyi aparıb. Nazirlik bölünüb, Mədəniyyət Nazirliyinə çevrilib  və ayrıca Dövlət Turizm Agentliyi yaradılıb. İndi Əbülfəs Qarayev mədəniyyət nazirinin səlahiyyətlərini icra edən şəxs statusundadır və onun bu vəzifəyə təsdiqlənəcəyi hələ məlum deyil.

Vəzifəsinə hələlik təsdiqlənməyənlərdən biri də müdafiə sənayesi naziri Yavər Camalovdur. O, 1949-cu ildə anadan olub, 2006-cı ildən, yəni Müdafiə Sənayesi Nazirliyi yaradılan gündən bəri bu nazirliyə rəhbərlik edir.

Səhiyyə naziri Oqtay Şirəliyev də hələlik nazir səlahiyyətlərini müvəqqəti icra edəcək. Şirəliyev 1950-ci ildə anadan olub,  2005-ci ildən səhiyyə naziridir.

Təhsil naziri postu isə hələ prezident seçkilərindən əvvəl Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsindən sonra boşalmışdı və bu vəzifəyə təyinat olmamışdı. Ötən gün də təhsil naziri postuna təyinat olmayıb. Nazirin səlahiyyətlərini hazırda birinci müavin Ceyhun Bayramov icra edir.

Vəzifəsinə hələ təsdiq olunmayan komitə sədrlərindən Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1955-ci ildə anadan olub. 2006-cı ilin fevralından, yəni 12 ildir ki, həmin komitənin sədri vəzifəsini tutur.

Diasporla  iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov da hələlik vəzifəsinə təsdiq edilməyib. İbrahimov 1963-cü ildə anadan olub, 2002-ci ildən həmin komitəyə rəhbərlik edir.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə cəmi 4 ildir bu vəzifəni tutur, 2014-cü ildə komitəyə rəhbər təyin edilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-polkovniki Aydın Əliyev də hələlik səlahiyyətlərini müvəqqəti icra edəcək. Əliyev 1957-ci ildə anadan olub, Gömrük Komitəsinə 12 ildir (2006-cı ildən) rəhbərlik edir.

Dövlət Statistika Komitəsinin sədri, 1965-ci ildə anadan olan Tahir Budaqov isə bu vəzifədə “uzunömürlü” hesab edilə bilməz. O, 2015-ci ildə həmin vəzifəyə təyin edilmişdi.

Əəmlak Məsələləri Dövlət Komitəsinin sədri , 1969-cu ildə anadan olan Kərəm Həsənov da vəzifəsinə hələlik təsdiq edilməyənlər sırasındadır. Həsənov 2005-ci ildən bu vəzifəni tutur.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də vəzifəsinə hələ təsdiq edilməyib. 1960-cı ildə anadan olmuş Nəbiyev Dövlət Miqrasiya Xidmətinə 2012-ci ildən bəri rəhbərlik edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov da vəzifəyə təsdiqlənib-təsdiqlənməyəcəyini hələ gözləməli olacaq. 1964-cü ildə anadan olmuş Rəhimov 2012-ci ildən bu xidmətə rəhbərlik edir.

Bu yaxınlarda yaradılan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qorxmaz Təhməzli də hələlik səlahiyyətlərini müvəqqəti icra edəcək.  Habelə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Arxiv İdarəsinin də rəhbərliyinə hələlik təyinat olmayıb.

Virtualaz.org

Vəzifəsinə hələ təsdiq olunmayan nazirlər:

Vəzifəsinə hələ təsdiqlənməyən komitə və dövlət xidmətləri rəhbərləri: