"Azərbaycanda rus dilində təhsil qadağan olunmalıdır" – ADP SƏDRİ

Baxış sayı:
7582

"Rus bölmələri üzrə keçid ballarının Azərbaycan bölmələri ilə müqayisədə xeyli aşağı olması açıq-aşkar ayrı-seçkilikdir"
“...bu üsulla Azərbaycan xalqının gələcəyində rol oynaya biləcək intellektual insanların hamısı rusbaş olacaq, Rusiya dövlətinin, Kremlin maraqlarına xidmət edəcək”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev son zamanlar rus dili, daha doğrusu, ölkədə rus dilinin təsir dairəsinin minimuma endirilməsi ilə bağlı ciddi islahatlara imza atıb və bu istiqamətdə siyasətini davam etdirməkdədir. Çünki bu gün qazaxların əksəriyyəti, o cümlədən mühüm dövlət postlarında təmsil olunan şəxslər ana dilini lazımı səviyyədə bilmirlər. Elə bu səbəbdən də ötən ilin mart ayından etibarən Qazaxıstanda Nazirlər Kabinetinin iclaslarında rus dilində danışmaq qağadan edilib. Bu ilin fevral ayında isə Nursultan Nazarbayev ölkə valyutasının rusdilli yazılarla buraxılmasının dayandırılması haqda qərar verib. Yəni bundan sonra yeni sikkələrin və əskinasların üzərindəki yazılar yalnız qazax dilində olacaq. Təkcə investisiya və kolleksiya sikkələrində xarici dillərdə yazılar ola bilər.
Qazaxıstan prezidentinin bir neçə gün öncə verdiyi qərara görə isə artıq parlamentdə də rus dilində danışmaq qadağan edilib. Beləliklə də Nursultan Nazarbayevin təlimatı ilə parlament və hökumət idarələrində ancaq qazax dilində danışılacaq. Qazaxıstan prezidenti həmçinin, qeyd edib ki, sinxron tərcümələr də qazax dilində aparılmalıdır. Nəzərinizə çatdıraq ki, tədricən çoxmillətlilik statusunu itirən Qazaxıstanda artıq rus məktəblərinin bağlanması ilə bağlı təkliflər də intensivləşib. Təəssüflər olsun ki, Azərbaycanda isə bunun tam əksi müşahidə olunmaqdadır. Belə ki, Rusiya prezidenti Vladimir Putinin ötən ilin sentyabr ayının 27-də ölkəmizə baş tutan səfərindən sonra təhsil naziri Ceyhun Bayramov rus dilinin 50 orta məktəbdə intensiv tədrisi ilə bağlı əmr imzalayıb. Məhz bundan sonra ölkənin orta təhsil məktəblərində rus dilinin tədrisi bəzi siniflərdə hətta 1 saatdan 3 saata qaldırılıb. Bu isə gələcək nəslin rus adət-ənənəsinə uyğun yetişməsinə, əhalinin öz doğma dilindən uzaq düşməsinə səbəb ola bilər. Odur ki, bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rus dili ilə bağlı apardığı siyasət, Azərbaycanda rus dilində təhsilin fəsadları və digər mühüm mövzularla bağlı söhbətləşdik.
 
(Əvvəli bu linkdə:http://muxalifet.az/putin-azrbaycan-hokumtin-tapsiriq-verdi-ki-rus-dilini-beyinlr-v-qlblr-yeridin-adp-sdri.html)
 
"Azərbaycanda rus vətəndaşlığının sayını artırmaq istəyirlər ki, gələcəkdə bunun üzərində konyukturaya əl atıb hansısa bir siyasət qura bilsinlər"
 
- Belə olan halda Rusiya nədən Nazarbayevin rus dili ilə bağlı apardığı siyasətinə sərt reaksiya vermir?
 
- Bildiyiniz kimi, vaxtilə sovet hökumətindən müttəfiq respublikalara qalan nüvə başlıqlarının ləğv edilməsi ilə bağlı beynəlxalq müqavilə imzalandı. Həmin müqaviləyə görə, Qazaxıstan və Ukrayna nüvə silahlarını o şərtlə utilizasiya edəcək ki, ABŞ onların dövlət müstəqilliyinə təminat versin. Qeyd edim ki, o zaman Rusiya da bu müqaviləyə qoşuldu. Sözügedən müqavilə müəyyən mənada Rusiyanın adıçəkilən ölkələrin müstəqilliyinə çox ciddi təhdidinin qarşısını alır. Deyə bilərsiniz ki, Ukraynada da belə bir müqavilə vardı. Qeyd edim ki, Ukrayna ilə Qazaxıstanın ciddi fərqi var. Belə ki, Ukraynada yaşayan rusların sayı Qazaxıstandakı ruslardan bir neçə dəfə çoxdur. Bundan başqa, Qərbi Ukrayna istisna olmaqla, Ukraynada bir o qədər də milli şüur yoxdur. Bu baxımdan, Rusiyanın orda müəyyən oyunlar oynaması daha asandır. Qazaxıstanda isə Nursultan Nazarbayevin siyasətinə qarşı çıxmaq üçün bir separatizm dalğası qaldırmaq lazımdır. Lakin orda belə bir zəmin yoxdur. Ukrayna və Azərbaycanda isə belə bir zəmin mövcuddur. Baxın, niyə Azərbaycanda rus dilində təhsili genişləndirirlər? Nə üçün insanlara asanlıqla rus pasportu verirlər? Çünki bu yolla Azərbaycanda rus vətəndaşlığının sayını artırmaq istəyirlər ki, gələcəkdə bunun üzərində konyukturaya əl atıb hansısa bir siyasət qura bilsinlər. Bildiyiniz kimi, bu gün rus mıktəblərinin sayı artırılır, Təhsil Nazirliyi isə bəyan edir ki, rusdilli müəllimlərin sayı azadır və bu səbəbdən də Rusiyadan pedaqoqlar gətirilməlidir. Vaxtilə burda toxuculuq fabriki tikirdilər, Azərbaycan qadınları işsiz idi, lakin Rusiyadan minlərlə rus qızları gətirilmişdi. Onlar burda Azərbaycan oğlanları ilə evləndilər və nəticədə kontingent əmələ gətirmişdilər. Ondan öncə isə çarın vaxtında malakanları bura sürgün etmişdilər. Bu gün isə Rusiyadan rusları bura gətirmək çətin olsa da, buna da cəhd edirlər. Eyni zamanda, yerli xalqı - azərbaycanlıları ruslaşdırılmaq istəyirlər ki, burda bir rus kontingenti əmələ gəlsin ki, gələcəkdə siyasi separatizmə zəmin hazırlasınlar. Əlbəttə, Qazaxıstanda da belə bir zəmin olacağı təqdirdə, Qazaxıstana da təzyiq edəcəklər. Ancaq onu da qeyd etmək lazımdır ki, Nursultan Nazarbayev Rusiya ilə siyasəti kifayət qədər tarazlaşdırılmış vəziyyətdə saxlaya bilir. Yəni onun apardığı siyasət daxildən milli siyasət olsa da, xarici siyasətdə bir o qədər də Rusiyanı qıcıqlandıran addımlar atmır. Məsələn, açıq-aşkar ABŞ və Avropa ilə əlaqələrə girmir. Bunlar müəyyən mənada Kremli sakitləşdirir. Azərbaycan, Ukrayna və Gürcüstana gəlincə, Rusiya bu ölkələrin Avropa məkanına inteqrasiya etməsindən narahatdır. Rusiyanın Orta Asiya respublikalarındakı milli hərəkatla bizdəki istiqlalçılıq, müstəqillik hərəkatına ikili yanaşmasının bir səbəbi də məhz budur.
 
"Azərbaycan xalqına tamamilə yanlış informasiya verirlər ki, guya rus dilində təhsil alanlar daha savadlıdır, onlara daha yaxşı təhsil verilir"
 
- Sərdar bəy, dəfələrlə bəyan edibsiniz ki, rus dilində təhsil Azərbaycanın müstəqiliyinə və suverenliyinə zidd hərəkətdir. Necə düşünürsünüz, bu gün rus dilində təhsildən imtina etmək mümkündürmü və bunun üçün nə etmək lazımdır?
 
- Əvvəla, onu qeyd edim ki, Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olunub. Ona görə də Azərbyacanda heç bir dövlət müəssisəsi, o cümlədən məktəblər rus dilində dərs keçə bilməzlər. Bu, Konstitusiyaya ziddir. Yəni Konstitusiya Azərbaycanda dövlət müəssisələrində rus dilində təhsilin aparılmasını qadağan edir. Hətta ölkədəki ruslar belə, Azərbaycan dilində təhsil almalıdır. Odur ki, rus dilində təhsilin genişləndirilməsi Azərbaycan Konstitusiyasının kobud surətdə pozulmasıdır. İkincisi, Azərbaycan xalqına tamamilə yanlış informasiya verirlər ki, guya rus dilində təhsil alanlar daha savadlıdır, onlara daha yaxşı təhsil verilir. Halbuki bu, kökündən yanlış fikirdir. Bunun üçün Azərbaycan və rus dilində təhsil alanlar sırasından çıxan dünya miqyaslı alimlərin sayını müqayisə etmək kifayətdir. Onda görəcəksiniz ki, nisbət Azərbaycan dilində təhsil alanların xeyrinədir. Yəni müəyyən bir dildə təhsil almaq insanın ağlına, savadına təsir etmir. Çünki ağıl, intellekt təbii əsasa bağlıdır. Daha sərt formada ifadə etsək, gic hansı dildə danışsa belə, yenə də gicdir. Yəni intellekt dillə yox, ağılın sahibi ilə bağlı olan məsələdir. Əgər rus dilində təhsil belə güclüdürsə, o zaman nədən bu gün Rusiya əhalisinin böyük bir hissəsi nadandır? Nədən Rusiya bu gün dünya elmində geridə qalıb? Görünür, bu cür düşünənlərin xəyalı sovet hökumətinin vaxtına gedib. Halbuki o zaman hər şey, təhsil də icbari idi. O baxımdan, insanların başqa fəaliyyət növlərinə, azad sahələrə yolu bağlı olduğu üçün hamı elmə doğru gedirdi. İndi isə Rusiyada elmə maraq azalıb. Odur ki, insanların elmli, savadlı olmasının hansı dildə təhsil almasına aidiyyəti yoxdur. Düzdür, bəzi dillər vasitəsi ilə daha çox informasiya almaq mümkündür. Yəni 4 dil var ki, onlar dünya dili sayılır. Onların sırasında isə rus dili yoxdur. Ərəb dili dünya dilidir, çünki dünyanın 35 dövləti bu dildə danışır. İngilis dilində isə dünyanın 100-ə yaxın dövləti danışır. Asiyada istifadə edilən dili bildikdə həm yaponla, həm də çinli, həm də vyetnamlı və digərləri ilə asanlıqla ünsiyyət qurmaq mümkündür. Türk dili də dünya dili olmağa iddialıdır. Çünki bu gün 7 müstəqil türk dövləti var və əlavə olaraq bir neçə muxtar subyekt mövcuddur. Odur ki, türk dilini bilməklə həmin ölkələrdə asanlıqla ünsiyyət qura, özünüzə iş tapa bilərsiniz. Hazırda Türkiyə türkləri bütün Avropanın informasiya məkanındakı məlumatları türk dilində ifadə edirlər. Türk dilini bilən şəxslər həmin bilgilərdən də yararlana bilər. Bundan başqa, bu gün BMT-nin rəsmi dillərindən biri də türk dilidir. Bu baxımdan, mən rus dilinin guya kiminsə fərdi inkişafı üçün mühüm rol oynaması ilə bağlı arqumenti yanlış hesab edirəm. Bu, sadəcə siyasi bir məsələdir. Ümumiyyətlə, dil məsələsi hər zaman siyasi məsələ olub. Məsələn, dillərin işlənmə səviyyəsi var. Belə ki, məişət, diplomatik və elmi dillər mövcuddur. Azərbaycan dili hələ 16-cı əsrdən diplomatik dil idi. Çünki Şah İsmayıl Xətai xarici dövlətlərə ünlanlanan bütün məktubları Azərbaycan türkcəsində yazırdı. Qacarın Napaleonla bağladığı müqavilə türk dilində yazılmışdı. Hətta Azərbaycan türkcəsi Türkiyə türkcəsindən fərqli olaraq daha erkən siyasi və diplomatik dil olub. Bu o deməkdir ki, bizim dilimiz artıq dilin tarixi inkişafının ən yüksək pilləsinə çatıb. Ruslar alman və ingilis dilində danışanda, Şah İsmayıl Xətai tərəfindən bizim imperiyamızda rəsmi dövlət dili türk dili elan olunub. Lakin Rusiya Çarlığında dövlət dili kimi ya alman, ya da ongilis dilindən istifadə ediblər. Çar imperiyası zamanı rus dili geridə qalmış "çuska" dili hesab olunub. Sarayda aristokratlar rus dilindən istifadə etmirdilər, onlar fransız dilinə üstünlük verirdilər. Buna baxmayaraq, 16-cı əsrdə Azərbaycan türkcəsi diplomatik-siyasi dil olduğu vaxtda, 21-ci əsrdə mənim dilimi sıxışdırırlar, deyirlər ki, rus dilinin belə üstünlükləri var. Bu üstünlük Azərbaycan xalqını talayan, xalqa qarşı düşmənçilik edən insanların şəxsi maraqlarına xidmət edən məsələdir. Bunun mədəniyyətə, elmə-filan aidiyyəti yoxdur.
 
"Rusiyada rejimlər dəyişsə də, Azərbaycandakı həmin xain nəsillərin düşüncəsi hələ də dəyişməyib"

 
- Əgər rus dilində təhsil həqiqətən də belə güclüdürsə, o zaman nədən ali məktəblərə qəbul zamanı keçid balı rus bölmələrində Azərbaycan bölmələrinə nisbətən daha aşağı olur?
 
- Həqiqətən də universitetlərə qəbul zamanı rus bölmələri üzrə keçid balları Azərbaycan bölmələri ilə müqayisədə xeyli aşağıdır. İlk öncə, bunu ayrı-seçkilik kimi qiymətləndirmək lazımdır. Çünki keçid balları arasında azı 200-250 bal fərq olur. Bu səbəbdən də rus bölməsi üzrə sənəd verən şəxslərin ali məktəblərə daxil olma şansları daha yüksəkdir. Sonra da deyirlər ki, rus sektorunda yaxşı təhsil verdikləri üçün universitetə daha çox adam qəbul olur. Halbuki bu, keçid balında yaranmış kəskin fərqlə əlaqəlidir. Azərbaycan bölməsində də bu cür aşağı keçid balı olsa, onda onlar da rus bölməsinin abituriyentləri kimi asanlıqla universitetə daxil ola bilərlər. Hesab edirəm ki, bunun özü də rus dilinin təhsildə daha geniş yayılmasına xidmət edir. Axı, rus dilində təhsil alan uşaqlar min illik tariximizi, keçmişimizi necə biləcəklər? Heç olmasa, ərəb dilində öyrət ki, həm "Quran"ı oxusun, həm İslam mədəniyyətinin ortaya qoyduğu əsərlərdən bəhrələnə bilsin, həm də lazım olsa dünyanın 35 dövlətində gedib işləmək imkanı əldə etsin. Rus dili hardasa 16-17-ci əsrdən sonra formalaşmağa başlayıb. Axı bu dil bizə nə verə bilər? Heç nə. Rus dilində olan ilk şifahi ədəbiyyat "İqor polku dastanı"dır. Azərbaycanda isə ona qədər minlərlə yazılı ədəbiyyat olub. Belə olan halda, necə olur ki, rus dili Azərbaycan dilindən daha üstün olur?! FETÖ-nün Türkiyədə apardığı siyasəti Təhsil Nazirliyi bu gün Azərbaycanda aparmaq istəyir. Belə FETÖ Türkiyədə məktəblərdə ilkin seçimlər aparıb istedadlı, ağıllı uşaqları seçib onları öz məktəblərinə cəlb edirdilər. İntellektual səviyyəsi nisbətən aşağı olan uşaqlar isə digər məktəblərdə təhsil alırdılar. Sonradan da belə çıxırdı ki, FETÖ-nün məktəblərində oxuyan uşaqlar digərlərinə nisbətən daha böyük göstəricilər ortaya qoyur. Halbuki ilkin seçimə görə, elə ən istedadlı, zəkalı uşaqları FETÖ öz məktəblərinə aparırdı. İndi də Təhsil Nazirliyi bir sənəd hazırlayıb deyir ki, rus bölmələrinə gələnlərin sayı çox olduğuna görə biz seçim edəcəyik. Yəni seleksiya edəcəklər, FETÖ kimi Azərbaycan xalqının ən intellektual uşaqlarını seçim rus bölmələrinə götürəcəklər. İntellektual imkanları nisbətən məhdud olan uşaqlar isə milli məktəblərdə qalacaq. Beləliklə də sabah yüksək göstərici əldə olunduqda deyəcəklər ki, görürsünüz, biz demişdik ki, rus dilində təhsil daha üstündür. Halbuki artıq seçim zamanı daha istedadlı uşaqlar rus bölmələrin götürülüb. Bundan başqa, məhz bu üsulla Azərbaycan xalqının gələcəyində rol oynaya biləcək intellektual insanların hamısı rusbaş olacaq, Rusiya dövlətinin, Kremlin maraqlarına xidmət edəcək. Azərbaycanda istər çar vaxtı, istər sovet zamanında, istərsə də indi müəyyən nəsillər var ki, ardıcıl olaraq xəyanət yolu tutaraq ruslara xidmət edib. Bu gün onların nəvələri Azərbaycanın müstəqilliyinin əleyhinə çıxış edib Rusiyaya xidmət edirlər. Baxmayaraq ki, Rusiyada rejimlər dəyişib, lakin Azərbaycandakı həmin xain nəsillərin düşüncəsi hələ də dəyişməyib. Onlar bu gün də öz xalqına xəyanət yolunu tutublar.
 
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org