Azərbaycanda proporsional seçki sistemi BƏRPA OLUNA BİLƏR

Baxış sayı:
2506

ABŞ və əksər Avropa dövlətləri parlamenti yenidən formalaşdırmaq tələbilə iqtidara təzyiq edir

2019-cu ildə keçirilməsi ehtimal olunan növbədənkənar parlament seçkilərində məhz proporsional seçki sisteminin tətbiq olunacağını güman etmək olar

Yeni formalaşdırılacaq Milli Məclisdə müxalifət düşərgəsindən olan partiyalara təxminən, 25 nəfərlik yer ayrılacaq və bununla da parlamentdə müxalifət fraksiyası formalaşdırılacaq

...iqtidar Qərbin təzyiqlərini azaltmaq məqsədiylə növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılıq verib. Deyilənlərə görə, gələn ilin əvvələrində sözegedən prosesə start veriləcək. Həmçinin, o da qeyd olunur ki, yeni formalaşdırılacaq Milli Məclisdə müxalifət düşərgəsindən olan partiyalara təxminən, 25 nəfərlik yer ayrılacaq və bununla da parlamentdə müxalifət fraksiyası formalaşdırılacaq. Böyük ehtimalla, həmin 25 nəfərlik yerin 10 nəfəri ancaq sözdə müxalifət olan siyasi təşkilatlara veriləcək. Yerdə qalan 15 nəfərlik yer isə Qərbin təzyiqlərinin qarşısını almaq məqsədiylə real müxalifətə təklif olunacaq

Ötən sayımızda qeyd etdiyimiz kimi, parlamentin oktyabrın 30-da keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Qanuna dəyişiklik layihəsi müzakirə edildikdən sonra birinci oxunuşda qəbul edilib. Sözügedən qanunun yeni redaksiyada təqdim edilən maddələri ilə tanış olduqda aydın şəkildə görünür ki, parlament deputatlara tətbiq edilən qadağaları genişləndirmək, eyni zamanda onları daha da sərtləşdirməklə millət vəkillərini maksimum dərəcədə nəzarətdə saxlamağa çalışır. Adıçəkilən qanuna yeni dəyişiklik layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi məsələsinin qeyd olunması bunun bariz sübutu kimi dəyərləndirilməlidir. Yəni artıq millət vəkilləri hər an Milli Məclisdəki kreslolarından məhrum ola bilərlər.

Təbii ki, bu, onların maraqlarına cavab vermir. Elə bu səbəbdən də deputatların bir çoxu "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Qanuna sözügedən formada dəyişikliklərin edilməsini məqsədəuyğun hesab etmirlər. Buna etiraz edən millət vəkillərinin fikrincə, sözügedən qanunun sərtləşdirilməsi deputatların səlahiyyətlərinin məhdudlaşdırılması, o cümlədən onların hər an xırda bəhanə ilə mandatdan məhrum edilməsi ilə nəticələnə bilər. Buna görə də deputatların bir qismi qeyd olunan layihənin üzərində işlənilməsinin vacibliyini vurğulayıblar. Lakin buna rəğmən, Milli Məclis millət vəkillərinə tətbiq edilən qadağaları genişləndirməkdə israrlı görünür. Odur ki, deputatların etik davranış qaydaları haqqında qanuna dəyişiklik layihəsinin növbəti oxunuşlarda da qəbul ediləcəyi istisna deyil. Ona görə ki, bu günədək parlament ölkə başçısı və ya Nazirlər Kabineti tərəfindən təqdim olunan heç bir qanunu, o cümlədən hər hansı qanuna dəyişiklikləri qəbul etmədən geri qaytarmayıb. Bu fakt onu deməyə əsas verir ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Qanuna dəyişiklik layihəsi millət vəkillərinin maraqlarına zidd olsa da, onların bunu qəbul etməmək kimi bir şansları yoxdur. Çünki bu gün parlamentdə təmsil olunan deputatların böyük əksəriyyəti seçicilərin səsləri ilə deyil, məhz təyinatla Milli Məclisdə əyləşirlər. Buna görə də onlar verilən tapşırıqlara sözsüz əməl etməklə, iqtidara itaət göstərməklə mükəlləfdirlər.

Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, deputatların etik davranış qaydaları haqqında qanuna dəyişiklik layihəsinin Milli Məclisin müzakirəsinə təqdim olunması, həm də növbədənkənar parlament seçkilərinə hazırlığın ilkin mərhələsi kimi qiymətləndirilməlidir. Bununla bağlı ötən sayımızda qeyd etmişdik ki, deputatların böyük əksəriyyəti növbədənkənar parlament seçkilərinin keçirilməsinin əleyhinə olsa da, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsinin qəbulundan bir müddət sonra, daha dəqiq desək, 2019-cu ilin əvvəllərində növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verilə bilər. Nəzərinizə çatdıraq ki, siyasilərin, partiya sədrlərinin bir qismi məhz bu düşüncədədir. Belə ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Qanuna edilmiş dəyişikliklərə münasibət bildirərkən qeyd edib ki, deputat səlahiyyətlərinin məhdudlaşdırılması, daha doğrusu sözə baxmayanların cəzalandırılması prosedurlarının daxili nizamnaməyə salınması növbədənkənar parlament seçkilərinin keçiriləcəyinin əsas əlamətidir. VİP sədri bu qənaətdədir ki, sözügedən qanuna ən diqqətçəkən dəyişiklik Milli Məclisin 9 nəfərdən ibarət İntizam Komissiyasına deputatı mandatından məhrum etmək səlahiyyətinin verilməsidir. Əli Əliyevin fikrincə, hakimiyyət ciddi xarici təzyiq qarşısında parlamenti buraxmağa hazırlaşır: "Həm də bu onun göstəricisidir ki, iqtidar məcburiyyətdən nəzarət edə bilmədiklərini də parlamentə buraxmaq zorundadır. Yəni beynəlxalq təzyiq dözülməzdir. Deməli, yeni siyasi eranın başlanması haqda dediklərim təsdiqini tapır". VİP sədri hesab edir ki, müxalifət bu siqnalı düzgün qavramalı, təşkilatlanmalıdır: "Seçkilərə hazırlıq başlamalıdır. Ən geci gələn ilin payızına seçkilər olacaq. Büdcəyə transferlərin artırılması da seçkilərin olacağının indikatorudur. Hakimiyyət Qərbin təzyiqinə tab gətirə bilmirsə, müxalifət üçün bundan yaxşı fürsət ola bilməz".

Похожее изображение

Gördüyünüz kimi, məhz bu fakt ötən sayımızda qeyd etdiklərimizi bir daha təsdiqləyir və gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın veriləcəyi ehtimallarını gücləndirir. Əslində, 26 sentyabr 2016-cı il tarixində keçirilmiş sonuncu referendumla Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün kifayət qədər əsas yaranıb. Belə ki, Konstitusiyaya edilən dəyişiklikdən sonra hazırkı parlamentin də səlahiyyətləri dəyişdirilib. Bu səbəbdən də indiki Milli Məclisin fəaliyyəti yeni Konstitusiyaya uyğun deyil. Odur ki, növbədənkənar parlament seçkiləri ilə Milli Məclisin yenidən formalaşdırılması bir zərurətə çevrilib.

Nəzərinizə çatdıraq ki, prezidentliyə keçmiş namizəd, ADP sədri Sərdar Cəlaloğlu hələ bir neçə ay bundan öncə növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıb və bunu referendumla Konstitusiyaya edilmiş dəyişikliklərlə əsaslandırıb. Onun sözlərinə görə, bu ilin aprel ayının 11-də keçirilən növbədənkənar prezident seçkilərinin yeganə qanuni əsası ondan ibarətdir ki, referendum keçirilib və buna görə də yeni prezident Azərbaycan Konstitusiyasına uyğun səlahiyyətlər əldə etməlidir: "Bunun başqa heç bir izahı yoxdur. Əgər bu iqtidar növbədənkənar parlament seçkiləri keçirməsə, o zaman prezident seçkiləri ilə bağlı revanşist müxalifətin iddia etdiyi bütün ittihamların düzgün olduğunu sübut edəcək. Buna görə də mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir. Çünki konstitusiyaya görə, parlamentin səlahiyyətləri dəyişdirilib. Bu səbəbdən də mövcud parlament bu konstitusiyaya uyğun deyil. Odur ki, əgər növbədənkənar parlament seçkiləri keçirilməsə, onda iqtidarın prezident seçkilərinin vaxtının önə çəkilməsi ilə bağlı bütün arqumentləri suya düşəcək". Həmçinin, ADP sədri hesab edir ki, cəmiyyətdə iqtidara qarşı böyük narazılıq dalğasının olmaması üçün Azərbaycan cəmiyyətinin, xalqın maraqlarını ifadə edən qüvvələrin, real müxalifətin Milli Məclisdə təmsil olunması vacibdir: "İndiki parlamentdə belə bir qüvvə yoxdur. Hazırkı deputatların heç biri xalqın maraqlarını müdafiə etmir. Buna görə də növbədənkənar parlament seçkiləri keçirilməli və narazı elektorat öz təmsilçisini Milli Məclisdə görməlidir. Əks halda, cəmiyyətdə çox ciddi konfrantasiyalar olacaq, vəziyyət pisləşməyə doğru gedəcək". Qeyd edək ki, bir müddət öncə məhz bu mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Respublikaçı Alternativ (REAL) Partiyasının icraçı katibi Natiq Cəfərli də növbədənkənar parlament seçkilərinin keçirilməsinin yalnız qanunun yox, o cümlədən zamanın da tələbi olduğunu bəyan edib: "Çünki Konstitusiyaya edilən son dəyişikliklərdən sonra parlamentin buraxılmasının səlahiyyəti prezidentin sərəncamındadır. Bu, artıq indiki hökumət və prezident üçün bir təhlükəsizlik yastığı yaradır. Yəni istənilən vaxt parlamenti buraxa bilər. Odur ki, həm bunu, həm də parlamentin tərkibindəki bir hissənin artıq icra strukturuna keçdiyini nəzərə alsaq, parlamentin yenilənməsinə, cəmiyyətdə gedən diskusiyaların parlament çatısı altına keçməsinə, normal işləmək qabiliyyəti olan, diskusiya məkanı olan bir Milli Məclisə ehtiyac var. Yəni bu məsələ artıq ehtiyacdan doğur".

Onu da vurğulamaq lazımdır ki, Milli Məclisin buraxılaraq, növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edən digər bir amil isə Qərbin, daha dəqiq desək, ABŞ və əksər Avropa dövlətlərinin parlamenti yenidən formalaşdırmaq tələbilə iqtidara güclü təzyiq etməsidir. Çünki son dövrlər yaşanan olaylar ölkənin siyasi həyatına müdaxilə etmək qabiliyyətində olan siyasi təşkilatların, müxalifyönümlü partiyaların sırasını get-gedə daralmaqda, onların əl-qolunu bağlamaqdadır. Və bütün bu proseslər nəhayətdə bir gücün - iqtidarın nəzarət imkanlarının artmasına xidmət edir. Yəni artıq elə bir şərait yetişib ki, ölkənin siyasi həyatı yalnız bir mərkəzin - hakimiyyətin iradəsi hesabına formalaşır. Belə ki, dünənə qədər həqiqətən də bir sıra siyasi proseslərdə əsas iradə sahibi olan müxalifət düşərgəsi artıq uzun müddətdir ki, bu və digər formada hakimiyyətdən aldığı zərbələr səbəbindən əvvəlki iqtidarını, əzəmətini itirmək dönəmini yaşayır. Siyasi prosesləri dəyişmə, müəyyənləşdirmə istiqamətində ortalıqda görünən cəhdlər isə miqyasının kiçik olması səbəbindən daha çox özfəaliyyət meyllərini xatırladır. Ki, bu da ciddi şəkildə nələrinsə dəyişilmə ehtimallarını sıfra endirir. Təbii ki, vəziyyətin bu həddə gəlib çatması demokratik qüvvələrlə yanaşı, ABŞ və əksər Avropa dövlətlərinin də maraqlarına cavab vermir. Elə bu səbəbədən də onlar Azərbaycanda demokratik prinsiplərə xidmət edən, Qərbyönümlü müxalif qüvvələrin aktivləşməsində, ictimai-siyasi proseslərə daha çox təsir etmələrində maraqlıdırlar. Əldə etdiyimiz bilgilərə görə, məhz bu səbəbdən də Qərb dövlətləri Milli Məclisin yenidən formalaşdırılması tələbilə hakimiyyətə müxtəlif üsullarla təzyiq göstərirlər. Verilən informasiyalarda bildirilir ki, iqtidar Qərbin təzyiqlərini azaltmaq məqsədiylə növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılıq verib. Deyilənlərə görə, gələn ilin əvvələrində sözegedən prosesə start veriləcək. Həmçinin, o da qeyd olunur ki, yeni formalaşdırılacaq Milli Məclisdə müxalifət düşərgəsindən olan partiyalara təxminən, 25 nəfərlik yer ayrılacaq və bununla da parlamentdə müxalifət fraksiyası formalaşdırılacaq. Böyük ehtimalla, həmin 25 nəfərlik yerin 10 nəfəri ancaq sözdə müxalifət olan siyasi təşkilatlara veriləcək. Yerdə qalan 15 nəfərlik yer isə Qərbin təzyiqlərinin qarşısını almaq məqsədiylə real müxalifətə təklif olunacaq. Bu isə o deməkdir ki, hazırda Milli Məclisdə əyləşən deputatların bir qismi növbədənkənar parlament seçkilərində sonra mandatlarından məhrum olacaqlar. Əldə etdiyimiz bilgilərə görə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsi məhz buna xidmət edir. Yəni növbədənkənar parlament seçkilərinin keçirilməsinə etiraz edəcək deputat məhz sözügedən qanunun tətbiqiylə dərhal cəzalandırılacaq. Bununla yanaşı, onu da qeyd etməliyik ki, adıçəkilən qanun növbədənkənar parlament seçkilərindən sonra formalaşacaq müxalifət fraksiyasını da nəzarətdə saxlamağa xidmət edir. Belə ki, iqtidar Qərbin təzyiqləri nəticəsində real müxalifətin parlamentdə təmsil olunmasına razılıq versə də, deputatların etik davranış qaydaları haqqında qanuna dəyişiklik layihəsinin qəbulundan sonra sözügedən fraksiya üzvlərini hər an mandatından mərhum etmə səlahiyyətini əldə edir.

Bu arada, bir məqama da toxunmaq gərəklidir ki, bu da növbədənkənar parlament seçkilərinin hansı seçki sistemi ilə keçirilməsiylə bağlıdır. Bildiyiniz kimi, Azərbaycanda seçki sistemi mojaritar sistemə əsaslanır. Belə ki, 2002-ci ilədək parlament seçkiləri qarışıq seçki sistemi əsasında keçirilirdi. 1995-ci və 2000-ci ildə 125 deputatdan 100-ü majoritar sistem, 25-i isə proporsional nümayəndəlik sistemi üzrə seçilmişdi. 2002-ci il avqustun 24-də isə keçirilən ümumxalq səsverməsində proporsional sistem ləğv edilib. Məlumat üçün bildirək ki, proporsional seçki sistemi seçkilərdə bu və ya digər partiyaya verilmiş səslərin miqdarı ilə bu partiyanın parlamentdə alacağı yerlərin miqdarı arasında mümkün qədər tam uyğunluğa nail olmaq üçün yaradılmış seçki sistemidir. Yəni proporsional seçki sistemində seçicilər səslərini ayrı-ayrı şəxslərə deyil, partiyaları təqdim etdiyi namizədlər siyahısına verirlər. Bu sistemin əsas ideyası ondan ibarətdir ki, hər bir siyasi partiya parlamentdə və ya digər nümayəndəli orqanda onun lehinə səs vermiş seçicilərin sayına proporsional sayda mandat əldə edir. Majoritar seçki sistemində isə deputatlığa namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır.

Qeyd edək ki, bununla bağlı verilən məlumatlara görə, Qərb dövlətləri növbədənkənar parlament seçkilərinin məhz proporsional seçki sistemi ilə keçirilməsiylə əlaqədar iqtidara təzyiq göstərirlər. Çünki bu gün Azərbaycandan başqa postsovet dövlətlərinin heç birində majoritar seçki sistemi mövcud deyil. Bundan başqa, proporsional seçki sisteminin ləğvi zamanı əsas götürülən arqumentlərin özünü doğrultmadığı artıq hər kəsə, o cümlədən ABŞ və əksər Avropa dövlətlərinə də bəllidir. Buna görə də Qərb demokratiyanın atributlarından biri olan, siyasi təşkilatların inkişafına təkan verən, partiya quruculuğuna, müxalifətin proseslərə müdaxilə imkanına, əhalinin siyasi proseslərə daha aktiv şəkildə qoşulmasına şərait yaradan proporsional sistemin bərpasında maraqlıdır. Odur ki, bütün bunları nəzərə alaraq, 2019-cu ildə keçirilməsi ehtimal olunan növbədənkənar parlament seçkilərində məhz proporsional seçki sisteminin tətbiq olunacağını güman etmək mümkündür.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org