Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlıq

Baxış sayı:
5002

Referendumla Konstitusiyaya edilən dəyişiklikdən sonra mövcud Milli Məclisin səlahiyyətləri dəyişdirilib

Deputatların etik davranış qaydaları haqqında qanuna dəyişiklik layihəsinin müzakirəsi prosesə hazırlıq kimi qiymətləndirilir

Hazırkı deputatların bir qismi Rusiyapərəst qüvvələrin nəzarətindədir, bir hissəsi isə seçicilərin, o cümlədən iqtidarın etimadını doğrultmayıb

Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsi parlamentin müzakirəsinə təqdim olunub. Nəzərinizə çatdıraq ki, sözügedən qanunun yeni redaksiyada təqdim edilən 11-ci (Maraqlar toqquşmasının qarşısının alınması) maddəsində deyilir ki, deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.

O cümlədən, qeyd olunur ki, deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməli və İntizam komissiyasının rəyini öyrənməlidir. Deputat Milli Məclisin İntizam komissiyasının rəyinə müvafiq olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış edə və ya səsvermədə iştirak edə bilməz. Millət vəkili maraqlar toqquşmasının həlli zamanı ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır. Maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müəyyən edilən tələblərdən asılı olmayaraq, deputat Milli Məclisin, onun komitə və komissiyasınının iclası və ya ictimai müzakirə zamanı çıxışından əvvəl müzakirə edilən məsələ ilə bağlı yarana biləcək marağını açıqlamalı, bu barədə iclas sədrinə şifahi formada məlumat verməlidir.

Bundan başqa, deputat normayaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüşü, həmin görüşün mövzusunu və bununla bağlı onun tərəfindən göstərilən dəstək barədə məlumatları ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclisin Aparatında saxlanılır. Belə görüşlər zamanı təqdim olunmuş rəy və təkliflər Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir. Həmçinin, dəyişiklik layihəsində o da bildirilib ki, bu maddədə "maraqlar toqquşması" dedikdə deputatın səlahiyyətlərinin icrası çərçivəsində özünün və yaxın qohumlarının əldə edə biləcəyi maddi və sair nemətlər, imtiyazlar və güzəştlər, habelə onun mənafəyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının həmin deputatın səlahiyyətlərinin obyektiv və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət başa düşülür.

Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, parlament deputatlara tətbiq edilən qadağaları genişləndirmək niyyətindədir. Düzdür, ötən gün keçirilən plenar iclasda "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsi ilə bağlı konkret qərar verilməsə də, bu heç də o demək deyil ki, parlament sözügedən məsələnin üzərindən sükutla keçə biləcək. Yəni bu dəfə olmasa da, böyük ehtimalla növbəti iclasda deputatlara tətbiq olunacaq qadağalar qüvvəyə minəcək. Söz yox ki, adıçəkilən qanuna dəyişikliklər millət vəkillərinin maraqlarına uyğun deyil. Lakin buna rəğmən, deputatların qeyd olunan dəyişiklikləri qəbul etməyəcəkləri ağlabatan görünmür. Çünki indiyədək Milli Məclisdə qəbul olunan qanunların və qanun dəyişikliklərinin böyük əksəriyyəti ya ölkə başçısı, ya da Nazirlər Kabineti tərəfindən irəli sürülüb. Parlament isə sadəcə müəyyən müzakirələrdən sonra həmin qanunları və ya dəyişiklikləri qəbul etməklə işini bitmiş hesab edib. Bu fakt isə onu göstərir ki, mövcud parlament öz funksiyasını yerinə yetirmək iqtidarında deyil. Elə buna görə də Milli Məclisin buraxılıb, mümkün qədər tez bir vaxtda növbədənkənar parlament seçkilərinin keçirilməsi daha məqsədəuyğun olardı.

Əslində, hazırda bunun üçün kifayət qədər əsas var. Belə ki, 26 sentyabr 2016-cı il tarixində keçirilmiş sonuncu referendumla Konstitusiyaya dəyişiklik edilib və bu dəyişikliyə əsasən, prezidentə növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Bildiyiniz kimi, ölkə başçısı məhz bu səlahiyyətindən istifadə edərək 11 aprel 2018-ci il tarixdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Nəzərinizə çatdıraq ki, həmin vaxtdan etibarən cəmiyyətdə belə bir fikir formalaşıb ki, Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən parlament seçkilərinin də vaxtı önə çəkilə bilər. Çünki referendumla Konstitusiyaya edilən dəyişiklikdən sonra mövcud Milli Məclisin də səlahiyyətləri dəyişdirilib. Bu səbəbdən də indiki parlamentin fəaliyyəti yeni Konstitusiyaya uyğun deyil. Odur ki, Milli Məclisin yenidən formalaşdırılması bir zərurətə çevrilib və buna görə də ən qısa zamanda yeni konstitusiyaya uyğun olaraq növbədənkənar parlament seçkiləri keçirilməli, parlamentin üzvləri yenilənməlidir.

Bu arada, onu da bildirək ki, növbədənkənar parlament seçkilərini zəruri edən digər bir amil isə növbəti prezident seçkilərinin parlament seçkiləri ilə üst-üst düşməsidir. Belə ki, əgər Konstitusiyaya edilmiş dəyişikliklərə əhəmiyyət vermədən parlament seçkiləri 2020-ci ildə keçirilərsə, o zaman sonrakı seçkilər 2025-ci ildə baş tutacaq. Məlumunuzdur ki, 2025-ci il ölkədə həm də növbəti prezident seçkisi ili olacaq. Yəni müvafiq dəyişikliklərdən sonra ölkə başçısının səlahiyyət müddəti 7 ilədək artırıldığından 2025-ci ildə həm parlament, həm də prezident seçkiləri keçiriləcək. Bu isə öz növbəsində, həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik və sabitlik baxımından heç də arzuolunan hal deyil. Nəzərə almaq lazımdır ki, prezident seçkilərində iştirak edən siyasi partiya funksionerləri həm də parlament seçkilərində iştirak edirlər. Odur ki, eyni vaxtda iki seçkinin keçirilməsi, iki seçki kampaniyasının aparılması ciddi problemlər yarada bilər. Məhz bu amili göz önünə alaraq növbədənkənar parlament seçkilərinin 2019-cu ilin əvvəllərində keçirilməsi daha doğru olardı.

Yeri gəlmişkən, qeyd edək ki, mövzu ilə bağlı əldə etdiyimiz bilgilərə görə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsinin parlamentin müzakirəsinə təqdim olunması bir növ növbədənkənar parlament seçkilərinə hazırlıq kimi qiymətləndirilir. Şübhəsiz ki, bu gün Milli Məclisdə təmsil olunan şəxslərin böyük əksəriyyəti növbədənkənar parlament seçkilərinin keçirilməsinin əleyhinədir. Çünki anlayırlar ki, növbədənkənar parlament seçkiləri onları kreslolarından məhrum edə bilər. Ümumiyyətlə, hazırkı deputatların bir qismi Rusiyapərəst qüvvələrin nəzarətindədir, bir hissəsi isə seçicilərin, o cümlədən iqtidarın etimadını doğrultmağa müvəffəq olmayıb. Bu səbəbdən də onların növbədənkənar parlament seçkiləri qorxusunu anlamaq mümkündür. Ona görə ki, yeni Konstitusiyaya uyğun olaraq formalaşdırılacaq yeni parlamentdə bugünkü deputatların bir çoxu yer almayacaq. Bu barədə əldə etdiyimiz informasiyada deyilir ki, deputatlara tətbiq edilən qadağaları genişləndirməklə əsas məqsəd növbədənkənar parlament seçkilərinə etiraz edə biləcək millət vəkillərinin dərhal cəzalandırılmasını və mandatından məhrum edilməsini təmin etməkdir. Eyni zamanda, o da qeyd olunur ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsinin qəbulundan bir müddət sonra 2019-cu ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verilə bilər.

Valeh TÜRKSOY, Hurriyyet.org