Azərbaycanda müxalifətin MÖVCUDLUQ MÜCADİLƏSİ - Bizdə siyasi partiyalar niyə hakimiyyət davası aparmır?

Baxış sayı:
4402

"Müxalifət" sözü ərəb dilindən tərcümədə zidd olma, əksolma, əksinə getmə, müqavimət göstərmə, qarşı durma deməkdir. Buradan da belə çıxır ki, müxalifətin əsas vəzifəsi siyasi sferada iqtidara müqavimət göstərmək, onun daxili və xarici siyasətdə yol verdiyi nöqsanları bəyan edərək, sivil mübarizə üsulları, piket, aksiya və mitinqlərlə səhvlərini düzəltməsinə vadar etməkdir. Bunun üçün isə mütləq mənada ortaya real güc qoymaq gərəkdir. Təəssüflər olsun ki, bu gün Azərbaycan müxalifəti - istər radikal, istərsə də konstruktiv adlandırılan cəbhə hakimiyyətlə baş edə biləcək mövqedə deyil. Düzdür, müxalifət daxilində yetərincə potensiallı, bacarıqlı, siyasi prosesləri düzgün analiz edib məntiqli nəticə çıxarmağı bacaran şəxslər var. Və onların sayı heç də az deyil. Lakin buna rəğmən, müxalifət düşərgəsi nəinki yerində sayır, hətta son illər nəzərəçarpacaq dərəcədə geriləyib.

Azərbaycanın müxalifət düşərgəsi qonşu Gürcüstan və düşmən ölkə Ermənistan müxalifətindən xeyli geridədir

İş o yerə çatıb ki, Cənubi Qafqazın lider ölkəsi hesab edilən Azərbaycanın müxalifət düşərgəsi, hazırda regionun digər dövlətlərinin, yəni qonşu Gürcüstan və düşmən ölkə Ermənistan müxalifətindən xeyli geridədir. Təbii ki, bu qənaətə gəlməyimiz üçün tutarlı arqumentlər var. Məsələn, bir neçə gün öncə, daha dəqiq desək, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi və Nikol Paşinyanın rəhbəri olduğu "Mənim addımım" bloku 70,43 faiz səslə qələbə qazandı. Bu, həmin Paşinyandır ki, 20 il iqtidarda olmuş Ermənistan Respublika Partiyasını hakimiyyətdən kənarlaşdırmağa, Serj Sarkisyanı istefaya göndərməyə, Rusiyanın nəzarətində olan "Qarabağ klanı"nın mövqeyini ciddi şəkildə sarsıtmağa müvəffəq olub. Sözsüz ki, Paşinyan bütün bunları xalqın dəstəyi olmadan edə bilməzdi. Düzdür, Qərb, daha doğrusu ABŞ bu məsələdə ona lazımınca köməklik göstərib. Bunu inkar etmək olmaz. Lakin o da bir faktdır ki, Amerika hər zaman güclünün yanında olmağa üstünlük verib. Yəni əgər Paşinyan xalqın dəstəyini qazana bilməsəydi, o zaman nə ABŞ, nə də hər hansı digər Qərb dövləti ona "qorxma, mən səninləyəm" deməyəcəkdi.

Gürcüstana gəlincə, bildiyiniz kimi, bu ilin noyabr ayının 28-də qonşu ölkədə prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə Bidzina İvanişvilinin sədri olduğu hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan" Partiyasının dəstəklədiyi Salome Zurabişvili seçicilərin 59,56 faizinin səsini qazanaraq ölkənin yeni prezidenti seçilib. Bəli, deyə bilərsiniz ki, Gürcüstanda müxalifətin deyil, məhz iqtidarın namizədi qələbə qazanıb. Bu, doğrudur. Lakin unutmaq lazım deyil ki, müxalifətin yaratdığı "Güc birlikdədir" təşkilatının namizədi, Mixail Saakaşvili tərəfindən dəstəklənən Qriqol Vaşadze heç də az səs toplamayıb. Hətta bəzi iddialara görə, seçki prosesi Salome Zurabişvilinin xeyrinə total saxtakarlıqlarla müşayət olunub. Ancaq buna baxmayaraq, gürcü müxalifəti geri addım atmaqda maraqlı görünmür. Belə ki, onlar indidən 2020-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıq görür və nəyin bahasına olursa-olsun seçkini qazanmağı planlaşdırırlar. Çünki Gürcüstanda əsas söz sahibi prezident yox, parlament və baş nazirdir. Elə buna görə də gürcü müxalifəti parlament seçkilərində qələbə naminə bütün gücünü ortaya qoyacaq.

Bizim müxalifət "köhnə hamam, köhnə tas" prinsipindən çıxış edərək, yalnız mövcudluğunu qoruyub saxlamağa çalışır

Gördüyünüz kimi, bütün bunlar bir daha onu təsdiqləyir ki, həm Gürcüstan, həm də Ermənistan müxalifəti Azərbaycan müxalifəti ilə müqasiyə olunacaq səviyyədə deyil. Onlar son illər ciddi-cəhdlə iqtidara gəlmək uğrunda mübarizə aparır və bu zaman düşərgələrində yeni-yeni simalar peyda olur. Bizdə isə müxalifət "köhnə hamam, köhnə tas" prinsipindən çıxış edərək, yalnız mövcudluğunu qoruyub saxlamağa çalışır. Təbii ki, belə bir şəraitin yetişməsinə səbəb olan ciddi faktorlar var. Söz yox ki, müxalifət düşərgəsinin ən böyük dayağı onun sosial elektoratı idi. Həmin elektorat ayrı-ayrı məmurların və bütövlükdə hakimiyyətin fəaliyyəti səbəbindən narazı düşmüş əhalidən təşkil olunmuşdu. Lakin belə bir qüvvəyə malik olan müxalifət uzun illər heç bir siyasi dəyişiklik yarada bilməməsi səbəbindən get-gedə ciddi elektorat itkisi yaşamalı oldu. Onu da vurğulamaq lazımdır ki, bu itkinin yaranmasına bir tərəfdən heç bir siyasi uğurların əldə olunmaması səbəb olurdusa, digər tərəfdən, bu itki həm də siyasi müxalifətin daxili çəkişmələri nəticəsində daha da geniş miqyası əhatə etdi. Nəticədə müxalifət qüvvələri hətta ən aktual problemlərlə bağlı təşkil etdikləri aksiyalarda belə, ciddi şəkildə problem yaşadı. Bu isə o deməkdir ki, əvvəllər yüz minlərə iddia edən, böyük xalq kütləsini meydanlara çıxara bilən müxalifətin çağırışları indi ən yaxşı halda bir neçə min vətəndaş üçün eşidilən olub.

Dünən müxalifət liderləri bu günkündən fərqli olaraq daha çəkili və cəlbedici görünürdü

Bundan əlavə, müxalifət qüvvələrinin mövqelərini gücləndirən, onların siyasi proseslərə təsir imkanlarını artıran bir başqa amil isə ortalıqda olan liderlər və onların keyfiyyətlərilə bağlı idi. Yəni dünən müxalifət liderləri bu günkündən fərqli olaraq daha çəkili və cəlbedici görünürdü. Bu gün isə mövcud müxalif liderlərinin bir sıra uğursuz gedişləri onların xərclənməsinə səbəb olan faktor kimi qabarmaqdadır. Yəni məhz bu səbəbdən hazırda müxalifət qüvvələri daha zəif görünməklə yanaşı, həm də hadisələrə təsir imkanlarını itiriblər. Siyasi prosesləri diqqətlə izləyib və sonda məntiqli nəticə çıxarmağı bacaranlar təsdiqləyərlər ki, Azərbaycan müxalifəti 2005-ci ildən sonra sürətlə geriləməyə başlayıb. Və artıq bu gün siyasi iflasın eşiyinə qədər gəlib çatıblar. Əgər belə olmasaydı, o zaman Gürcüstan və Ermənistandakı kimi bizdə də müxalifət liderlərinin bir çağırışına meydanlara yüz minlərlə insan axışardı.

Qərb müxalifətə yetərincə dəstək vermirsə, partiya liderləri ilə 10-15 il əvvəl olduğu kimi görüşlərdə maraqlı deyilsə, bu, düşərgənin gücsüzlüyü səbəbindən baş verib

Yeri gəlmişkən, bir məqamı da qeyd etmək lazımdır ki, müxalifət düşərgəsinin dünənə qədər baş verən siyasi proseslərin fövqündə dayanmasına yardımçı olan ən mühüm faktorlardan biri də onların beynəlxalq təşkilatlarla olan əlaqələri idi. Yəni daha çox məhz bu şərtin olması səbəbindən ayrı-ayrı məqamlarda müxalifət hətta ölkənin siyasi mühitini silkələyə biləcək addımlar ata bilmiş və ciddi yaşantılara səbəb olmuşdu. İndi isə bu faktor da ciddi şəkildə sıradan çıxma dövrünü yaşayır. Yəni görünən odur ki, artıq müxalifətin əvvəlki əlaqələri ya düşərgənin zəifliyi səbəbindən sıradan çıxıb, ya da hakimiyyətin müdaxiləsi ilə sıradan çıxarılıb. Təbii ki, hər iki halda məsuliyyət yenə də müxalifətin üzərinə düşür. Çünki bir qədər öncə də bildirdiyimiz kimi, Qərb, əsasən də ABŞ hər zaman güclünün yanında olub və məhz bu yolla maraqlarını təmin etməyə çalışıb. Odur ki, bu gün Qərb institutları müxalifətə yetərincə dəstək vermirsə, partiya liderləri ilə 10-15 il əvvəl olduğu kimi görüşlərdə maraqlı deyilsə, deməli bu, düşərgənin gücsüzlüyü səbəbindən baş verib.

Azərbaycan müxalifəti ancaq seçkidən-seçkiyə aktivləşir, qalan vaxtlarda isə qınına çıkilir

Müxalifət daxilində mövcud olan problemlərə gəlincə, diqqət yetirsəniz görərsiniz ki, hazırda sözügedən düşərgədə təmsil olunan siyasi təşkilatların hamısı olmasa da, böyük əksəriyyəti arasında uzun illərdən bəri hakimiyyət uğrunda mübarizədən daha çox, müxalifətin birincisi, başqa sözlə desək, "ana müxalifət" olmaq uğrunda ölüm-dirim savaşı gedir. Məsələnin maraqlı tərəfi ondadır ki, müxalifət partiyalarının bir çoxu özünü düşərgənin lideri, əsas söz sahibi kimi aparır və digərlərini məhz özünün ətrafında birləşməyə razı salmağa çalışır. Təbii ki, bu da öz növbəsində, müxaliflər arasında münasibətlərin getdikcə daha da soyuqlaşmasına gətirib çıxarır. Həm media təmsilçisi, həm də ölkənin sadə vətəndaşı olaraq, vəziyyətin bu həddə gəlib çatmasına çox təəssüflənməyə bilmərik. Çünki normal siyasətlə məşğul olmağı bacaran, müxtəlif boğazdanyuxarı vədlərlə, eyforiya xarakterli çıxışlarla tərəfdarlarını aldatmayan, onlara kələk gəlməyən hər bir siyasi təşkilatın layiq olduğunu yerə gəlməyə haqqı var. Lakin əfsuslar olsun ki, bu gün qeyd olunan kriteriyalara cavab verən çox az sayda partiya var. Ki, onların da bir qismi bir-birinə qarşı az qala düşmək mövqe sərgiləməkdədir.

Əslində, həmişə belə olub. Lakin əvvəllər yaxşı-pis bir araya gəlib blok, ittifaq yarada bilir və ortaya normal güc qoymağı bacarırdılar. İndi isə vəziyyət lap acınacaqlı hal alıb. Yəni artıq heç kim digərinin kitabını oxumaq istəmir. Elə buna görə də kimin nə zaman nə iş görəcəyi məlum deyil. Bir sözlə, planlı, proqramlı iş qurmaq barədə fikirləşənlərin, müxalifəti birliyə, ortaq hərəkət etməyə dəvət edənlərin mövqeyi iddiası imkanlarından üstün olanlar tərəfindən qulaqardına vurulur. Beləcə, bir də gözümüzü yumub açdıqda görəcəyik ki, 2020-ci il gəlib və növbəti parlament seçkiləri qapımızın kəndarında dayanıb. Bax, o zaman müxalifət düşərgəsində sözün həqiqi mənasında əsl çaxnaşma düşəcək. Yenə başlayacaqlar geniştərkibli və çoxsaylı görüşlər keçirməyə, diskusiyalar aparmağa. Keçmişə nəzər saldıqda aydın şəkildə görünür ki, Azərbaycan müxalifəti ancaq seçkidən-seçkiyə aktivləşir, qalan vaxtlarda isə qınına çəkilir.

Bəzi partiya liderlərinin ambisiyaları qeyri-sağlam olduğundan bu, müxalifətdaxili münasibətlərə də mənfi təsir göstərir

Ümumiyyətlə, müxalifətin həm ideoloji əlamətlərə, həm də siyasi cizgisinə görə bəlli bir mərkəzdə toparlanması prosesi çox çətindir. Bunun bir neçə səbəbi var. Məsələn, son illər partiyaların özündə daxili problemlər yaranıb və mahiyyətcə bu problemlər prinsipial əhəmiyyət kəsb etməyən məsələlər ətrafındadır. O da danılmaz faktdır ki, hazırki ictimai-siyasi mühit partiyaların fəaliyyəti üçün o qədər də əlverişli deyil. Amma bununla yanaşı, siyasi təşkilatların və onların liderlərindən asılı olan məsələlər də çoxdur. Misal üçün, bir qədər öncə də qeyd etdiyimiz kimi, bəzi partiya liderlərinin ambisiyaları qeyri-sağlam olduğundan bu, müxalifətdaxili münasibətlərə də mənfi təsir göstərir. Bəzi hallarda elə təsəvvür yaranır ki, siyasi partiyaların cəmiyyətlə bağlı öz üzərinə götürdüyü missiya və bu missiyadan doğan məsuliyyət hissi son illərdə sanki zəifləyib. Elə buna görədir ki, eyni ideoloji istiqamətdə olan və eyni məqsəd uğrunda mübarizə apardıqlarını bəyan edən partiyaların belə, bir araya gəlməsi müşkül məsələyə çevrilib. Elə yaxın keçmişə nəzər salsanız görərsiniz ki, müxalifət düşərgəsində indiyədək yaradılmış qurumların demək olar ki, hamısını məhz birincilik uğrunda mübarizə, liderlik sevdası dağıdıb. Əslində, bütün bunlar bir daha onu təsdiqləyir ki, qarşısına hakimiyyətə gəlmə kimi böyük hədəflər qoymuş müxalifət nəinki siyasi hakimiyyət uğrunda mübarizəyə, hətta heç xırda gərginliyə belə hazır deyil./Hurriyyet.org