Azərbaycanda istehsal olunan xalçalar İsveçdə satışa çıxarılıb - FOTO
İsveçin paytaxtı Stokholmda "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan məhsulların satışını həyata keçirən mağaza açılıb.
Stokholmun Viksjö rayonunun ticarət mərkəzində "Azerbajdzjanska mattor" adı ilə yeni fəaliyyətə başlayan mağaza artıq yerli ictimaiyyətin marağına səbəb olub.
Muxalifet.az bildirir ki, bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən mağazanın sahibi Əbülfəz Seyidov deyib ki, İsveçdə Azərbaycan xalçalarının satışını həyata keçirmək üçün mağaza açmaq fikri onun ailəsinə məxsusdur. Buna görə də ona məxsus "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının İsveçə idxalı üçün "Azərxalça"ya müraciət edib. Bundan sonra sahibkarın verdiyi təklif "Azərxalça" tərəfindən müsbət dəyərləndirilib və həmin şirkətin "Azərxalça"nın İsveçdəki distribüteri olması ilə bağlı razılıq əldə olunub.
"Bu mağazanın açılışı həm azərbaycanlı ustaların əl işlərinin, həm də ölkəmizin mədəniyyətinin və tarixinin İsveçdə daha da tanıdılmasına kömək edəcəkdir", - deyə Əbülfəz Seyidov vurğulayıb.