"Azərbaycanda İrana dəstək nümayiş etdirən şəxslər potenasial vətən xainləridir" - İLHAM İSMAYIL

Baxış sayı:
4519

"İranlı general Qasım Süleymaninin ölümü ilə bağlı Azərbaycanda ciddi narahatlıq keçirən bir qrup şəxslərin son günlər sosial şəbəkələrdə müxtəlif çağırışlar etməsi və xüsusi fəallıq göstərməsi Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yaradır. Mən Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinə çağırış edirəm ki, həmin şəxslər nəzarətə götürülsün, ciddi şəkildə yoxlansılsınlar".   

Muxalifet.az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl bildirib. 

İlham İsmayıl deyib ki, milli təhlükəsizliyimizin təhdid olunması təkcə terror aktı və ya partlayışla ölçülmür. Eyni zamanda ideoloji boşluğun yaratdığı bu cür təhlükələr daha dağıdıcı olur:

"Son günlər İran generalının ölümü ilə bağlı cəmiyyətdə yaranan faktiki qarşıdurma bir daha göstərdi ki, Azərbaycan cəmiyyətində kifayət qədər ciddi ideoloji boşluq var. Bu ideoloji boşluq da başqaları tərəfindən təhdid edilməyə və təhlükədə saxlanılmağa gətirib çıxarır. Bu cür vəziyyətin yaranmasında həm Azərbaycanda ideoloji sahəyə uzun illər cavabdeh olmuş şəxslərin, həm də yarıtmaz təhsilin böyük günahı var. İndiyədək bu boşluq doldurulmadığı üçün iradəsi zəif olan insanlarımız da üzünü başqa dövlətlərə tutublar. İnanın ki, sabah bir rus generalı da eyni şəkildə öldürülsə, misal üçün, Rusiyanın xarici işlər naziri Lavrov ölsə, eyni vəziyyət yaranacaq, insanlar az qala onlara da yas tutacaqlar".

Ekspert qeyd edib ki, Qasım Süleymaninin mənsub olduğu İran dövləti daim Azərbaycanın müstəqilliyini hədələyib:

"Şəxsən həmin general Qasım Süleymani özü də Azərbaycanı hədələyib. Çox təəssüf ki, bütün bunlara baxmayaraq, Azərbaycanda zərərli "müsəlman təəssübkeşliyi" formalaşıb. Onlar bunun adını "müsəlman təəssübkeşliyi" qoysalar da, ancaq bu, Azərbaycanın mənafeyini satmaqdan ibarətdir. Burada kütləvi psixoloji savadsızlıq da mövcuddur. Onlardan bəziləri Vətənini sevirlər, amma onlar iranlı müsəlmanın ölümünü "şəhid" hesab edirlər. Bu adamlar başa düşmürlər ki, Qasım Süleymani İran İslam Respublikasının xarici dövlətlərdə olan maraqlarını həyata keçirən zaman öldürülüb. Yəni, onun apardığı cihad deyil, onun islam şəhidi sayılması üçün fətva belə verilməyib. Bütün bu cür dini savadsızlığın və zərərli "müsəlman təəssübkeşliyi"nin əsas səbəbi Azərbaycanda olan milli ideologiyasızlıqdır. Bu da Azərbaycan dövlətinin təhlükəsizliyinə çox ciddi təhdiddir, hədədir. Əmin olun ki, sabah ölkəmizdə ekstremal stiuasiya yaransa, Azərbaycan bir neçə yerə parçalanmağa hazırdır".

Azərbaycanda İran İslam Respublikasının maraqlarını müdafiə edən bir sıra KİV-lər, internet saytları və sosial şəbəkə istifadəçilərinin fəaliyyətinə də toxunan keçmiş DTX zabiti bildirib ki, həmin şəxslər və fəaliyyət növləri ciddi şəkildə araşdırılıb lazımı təhlükəsizlik tədbirləri görülməlidir.