Azərbaycana gələn bərəni partlatmaq istəyən 2 qardaş həbs olundu - TÜRKMƏNİSTANDA

Avqustun 28-də Türkmənistanın xüsusi xidmət orqanları tərəfindən Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısı alınıb.
 
 “Türkmənistan xronikası" portalının verdiyi xəbərə görə, Türkmənistan vətəndaşı olan iki qardaş (ad və soyadları açıqlanmır) Türkmənbaşı-Bakı reysini yerinə yetirən "Bəxtiyar" adlı yük-sərnişin bərəsinə partlayıcı qurğu keçirməyə cəhd edib.
 Bildirilir ki, qardaşlar müxtəlif yerlərə bilet alıb, partlayıcı qurğunu isə hissələr şəkilində ayrı-ayrılıqda keçirərək göyərtədə yığmağı planlaşdırıblar.
 Məlumata görə, həmin gün bərədə 170-ə yaxın sərnişin, Türkiyə şirkətinə məxsus yük avtomobilləri və həmin şirkətin heyəti olub.
 Qeyd edilir ki, xüsusi xidmət orqanları terror aktının törədiləcəyindən əvvəlcədən xəbər tutub.