Azərbaycan yeni artilleriya qurğularını işə saldı - FOTO

Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayıb.
 
Azərbaycan Silahlı Qüvvələri təlimlərdə Çexiyadan yeni aldığı 152 mm çaplı “SpGH DANA” özüyeriyən haubitsaları və RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemləri ilk dəfə nümayiş etdirib.
Hərbi ekspert Rəşad Süleymanov bildirib ki, hər iki artilleriya sistemləri Azərbaycan Ordusunun bu gün başlayan genişmiqyaslı təlimində ilk dəfə istifadə olunub.
Ekspertin sözlərinə görə, “Dana” özüyeriyən haubitsalar və RM-70 reaktiv sistemləri 2016-2017-ci illərdə alınıb: "Özüyeriyən toplar müasir atış-kontrol sistemi ilə təchiz olunub. “Dana” 8×8 konfiqurasiyalı “Tatra” şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4, yaxud 5 nəfərdir. Maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Topun atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.
122 mm çaplı RM-70 “Vampir” “Tatra T-813” şassisi üzərində yerləşir. RM-70 “Vampir” 2,5 dəqiqədən az müddətdə atəşə hazır ola və 3 dəqiqə ərzində döyüş mövqeyini tərk edə bilər. Sistem 30 saniyədən az müddətdə 40 raket buraxır".