​Azərbaycan Sovet dövrünə qayıdır - MTN NİYƏ LƏĞV OLUNDU?

Milli Təhlükəsizlik Nazirliyinin nəzdində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmasının səbəbləri...
 
Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi.
ANS PRESS-in məlumatına görə, ləğv edilən nazirliyin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradıldı.
Sovet İmperiyası dövründə Azərbaycanın təhlükəsizliyi Dövlət Təhlükəsizliyi Xidmətinin öhdəsində idi. Amma Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etdikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Həmin dövrdə orqanın adı dəyişməklə onun fəaliyyət forması da dəyişdi.
Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir.
Amma son baş verən hadisələr bu təşkilatın qarşısına qoyulan məqsədlərlə deyil, özünün istədiyi fəaliyyətlərlə məşğul oluduğunu ortaya qoydu.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən son hadisələr həmin qurumun adını və fəaliyyətini kifayət qədər zədələmişdi və cəmiyyətdə ona inamı azaltmışdı.
“Etiraf etmək lazımdır ki, bundan sonra bu qurumu təhlükəsizliyimizin simvoluna çevirmək çox çətin olacaqdı. Milli Təhlükəsizlik Nazirliyi vahimə və qorxu mərkəzinə çevrilmişdi. Belə hal Sovet dövründə də baş vermişdi. O dövrdə bu proseslər Sovet kəşfiyyat orqanın sonuncu rəhbərlərindən birinin həbsi ilə müşayiət olunmuşdu. Müstəqillik dövründə isə təhlükəsizlik qurumu Eldar Mahmudovun sahəsində vətəndaşlar üzərində repressiya aparatı kimi ad qazandı. Bundan sonrakı dövrdə həmin struktur öz ətrafına nə qədər peşəkar əməkdaş cəlb etsəydi belə, o, insanların şürunda həmişə mənfi xatırlanacaqdı. Prezidentin bu qərarı tarixidir”.
Z.Oruc bildirdi ki, Milli Təhlükəsizlik Nazirliyi ölkədə narkotik qaçaqmalçılığı və digər cinayətlərin qarşını almaqla məşğul olmamalıdır:
“Artıq dünyada təhlükəsizlik orqanlarının ictimai obrazı və dəqiq fəaliyyəti formalaşıb. Bu kəşfiyyat və əks kəşfiyyat fəaliyyətidir. Azərbaycanda da xarici kəşfiyyat fəaliyyəti mövcud olub. Yeni qərarla bu orqanın səlahiyyətlərinin artırılması ölkənin təhlükəsizliyini daha da mühkəmləndirmək məqsədi daşıyır. Çünki regionda terror təhdidləri ilə bağlı risklər mövcuddur”.
Uzun müddət təhlükəsizlik orqanlarında çalışmış Arzu Nağıyev isə bildirdi ki, son dövrlər MTN-də baş verən hadisələrdən sonra bu qurumun tərkibinə müxtəlif xüsusi xidmət orqanlarının əməkdaşlarının yerləşdirilməsi təhlükəsi var idi.
”Artıq MTN ləğv edildikdən sonra həmin qurum yenidən ələkdən keçiriləcək. Onsuz da Azərbaycanda Xarici Kəşfiyyat Xidməti var idi. Amma bu fərmanla həmin xidmət müstəqil quruma çevrildi. Xidmətlə bağlı yeni addımlar yalnız onun büdcəsi və xarici ölkələrdə fəaliyyətidir”.
A.Nağıyevin sözlərinə görə, Sovet İttifaqı Dövlət Təhlükəsizlik Komitəsində struktur belə idi: “Həmin komitədə Müdafiə Nazirliyi yanında Baş Kəşfiyyat İdarəsi və həmçinin Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində həm kəşfiyyat, həm də əks-kəşfiyyat qurumları fəaliyyət göstərirdi. Bu strukturda isə Xarici Kəşfiyyat Xidməti sırf xarici kəşfiyyatla məşğul olacaq. Dövlət Təhlükəsizlik Xidməti isə dövlət daxilində əks-kəşfiyyat funksiyasını həyata keçirəcək. Xarici xüsusi xidmət orqanlarının qeyri-qanuni fəaliyyətinə qarşı daxildə əks-kəşfiyyat fəaliyyətini yerinə yetirəcək".
Oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra onun və bəzi MTN əməkdaşlarının qaranlıq fəaliyyəti ortaya çıxdı. Sabiq nazirin xarici kəşfiyyat orqanları ilə əlaqəli olması və onun tapşırığı ilə bir çox nüfuzlu insanların telefon danışıqlarının dinlənildiyi bildirildi. Həmçinin Eldar Mahmudovun sahibkarlardan qanunsuz pul yığması ilə bağlı da xəbərlər yayıldı. Eyni zamanda sabiq nazirin təmsil etdiyi nazirliyin yüksək çinli məmurları həbs edildi. Nazirlik ətrafında baş verən hadisələr fonunda 20 nəfərdən çox MTN əməkdaşı həbs edildi.
Bütün bu baş verənlərdən sonra ötən gün prezident İlham Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb. Bu, Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzalanıb. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılsın.
Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə tapşırılıb ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etsinlər.