“Azərbaycan” Nəşriyyatının binası satışa çıxarılıb - HİSSƏ-HİSSƏ SATILIR...

Vaxtilə Disko Klub kimi fəaliyyət göstərən “obyekt”ə müştəri tapılıb

Mətbuat prospektində yerləşən “Azərbaycan” Nəşriyyatının inzibati binasında “iN” adlı Disko Klubun fəaliyyət göstərdiyi haqda bir neçə ay öncə oxucularımıza məlumat vermişdik. Qeyd etmişdik ki, Xaçmaz rayonundan olan keçmiş deputatlardan birinin oğlu nəşriyyatda icarəyə yer götürərək, buranı Disko Klub kimi işlətmək qərarına gəlib. Lakin qonşuların narazılığı və rəsmi qurumların müdaxiləsi nəticəsində, açılışdan dərhal sonra Disko Klubun fəaliyyətinin qarşısı alınmışdı.
Qeyd edək ki, sözügedən informasiya saytımızda yer aldıqdan sonra, sosial şəbəkələrdə “Azərbaycan” Nəşriyyatında Disko Klub üçün ayrılan yerin video-görüntüləri də yayılmışdı. Həmin videoda “Azərbaycan” Nəşriyyatında qısa müddətə fəaliyyət göstərən “iN” Disko Klubunun, eləcə də digər çoxsaylı sexlərin mövcudluğu açıq şəkildə  görünürdü.
Təbii ki, bütün bu faktların saytımızda yer alması ciddi rezonansa səbəb olmuşdu. Bu səbəbdən də “Azərbaycan” Nəşriyyatının rəhbərliyi tərəfindən həmin yerin icarəyə verilməsi dayandırılmışdı.
Əldə etdiyimiz məlumata əsasən, sözügedən “obyekt” indiyədək boş qalsa da, “Azərbaycan” Nəşriyyatının rəhbərliyi bu dəfə oranı icarəyə verməkdənsə, birdəfəlik satışa çıxarmaq qərarına gəlib. Belə ki, nəşriyyat daxilindəki etibarlı mənbənin redaksiyamıza verdiyi məlumata əsasən, son günlər satış məqsədilə Əmlak Komitəsi, “Azərbaycan” Nəşriyyatının rəhbərliyi və  real müştərilərin iştirakı ilə həmin yerə bir neçə dəfə baxış keçirilib. Buranın konkret olaraq neçəyə satıldığı haqda hər hansı bilgi əldə edə bilməsək də, yüksək məbləğdən söhbət getdiyi istisna olunmur.
Bütün bunlardan isə belə anlaşılır ki, “Azərbaycan” Nəşriyyatının rəhbərliyi nəşriyyatın torpaq ərazisini hissə-hissə satışa çıxardığı kimi, indi də inzibati binasını özəlləşdirərək, satmağı qarşıya məqsəd qoyub.

Muxalifet.az

Redaksiydan: Məsələ ilə bağlı “Azərbaycan” Nəşriyyatı rəhbərliyinin mövqeyini dərc etməyə çalışacağıq.