“Azərbaycan hökuməti Rusiyaya nota verməlidir” – ADP-dən ÇAĞIRIŞ

“...Rusiyanın tərkibində olan muxtar vilayətlər və muxtar respublikalar da referendum keçirərək öz müstəqilliklərini elan etməlidirlər”
 
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə ötən həftə Şimali İraq Kürd Muxtariyyatında və İspaniyanın Kataloniya vilayətində keçirilən referendumları müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, hər hansı bir milli dövlətin konstitusiyasında həmin dövlətin ərazisində yaşayan ayrı-ayrı milli azlıqların referendum keçirərək öz müstəqilliklərini elan etmək hüquqları təsbit olunmadığı halda, belə bir referendumun keçirilməsi beynəlxalq hüquqda öz müqəddəratını təyin etmək kimi dəyərləndirilə bilməz. Bu baxımdan istər İspaniya, istərsə də İraq konstitusiyasında belə bir hüquq olmadığına görə, Kataloniyada və Şimali İraq Kürd Muxtariyyatında keçirilən referendumlar beynəlxalq hüquq normalarına ziddir, ona görə də başqa beynəlxalq ictimaiyyət tərəfindən bu tipli referendumların nəticələrini tanımaq seperatizmi dəstəkləmək, başqa dövlətin daxili işinə qarışmaq və beynəlxalq hüquq normalarını çeynəmək kimi dəyərləndirilməlidir. İdarə Heyəti bu hadisələrdən dolayı bir daha separatizmlə bağlı beynəlxalq hüquq normalarının müəyyən edilməsinin və bunlarla bağlı ümumi qətnamələrin qəbul edilməsinin vacibliyini bildirib.
İdarə Heyəti Rusiyanın Federasiya Şurasının beynəlxalq məsələlər üzrə sədrinin həm Kataloniyada, həm də Şimali İraq Kürd Muxtariyyatında keçirilən referendumları tanıdığı, eyni zamanda Dağlıq Qarabağın da müstəqil dövlət kimi tanınmasının vacibliyini bildirməsi ilə bağlı bəyanatına münasibət bildirib. İdarə Heyəti hesab edib ki, Rusiya rəsmisinin bu açıqlaması İspaniyanın, İraqın, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmaq və seperatizmi dəstəkləməkdir. İdarə Heyəti bu bəyanatla bağlı Azərbaycan hökumətini Rusiyanın Xarici İşlər Nazirliyinə nota ünvanlamağa çağırıb. Müzakirələrdə həmçinin qeyd edilib ki, Rusiya rəsmisinin dediyi kimi Dağlıq Qarabağ, Kürdüstan və Kataloniya referendum keçirib öz müstəqilliklərini elan edə bilərlərsə, onda Rusiyanın tərkibində olan onlarla muxtar vilayətlər və muxtar respublikalar da referendum keçirərək öz müstəqilliklərini elan etməlidirlər və Rusiya dövləti də həmin referendumların nəticələrini tanımalıdır.
İdarə Heyəti bəzi Azərbaycan vətəndaşlarının Kürdüstanın müstəqilliyini dəstəkləməsi məsələsinə də münasibət bildirib. İdarə Heyəti Kürdüstan dövlətinin xəyali xəritəsində Azərbaycan ərazilərinə də iddiaların olmasını nəzərə alaraq, Kürdüstanın müstəqilliyinə dəstək vermək Azərbaycan ərazisində yeni seperatizm ocaqlarının yaradılmasına dəstək verməkdir ki, bu da Azərbaycan dövlətinə xəyanət kimi dəyərləndirilməlidir. Eyni zamanda bu cür açıqlamalar Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə zidd bir addım kimi dəyərləndirilib.
İdarə Heyəti saxta və qondarma ittihamlarla və hakimiyyət orqanlarının siyasi sifarişi əsasında 10 il azadlıqdan məhrum edilən və “Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimova və atası Həsən İbrahimova yenidən cinayət işinin açılması hadisəsini qətiyyətlə pisləyib, bu addımı ölkədə həyata keçirilən siyasi repressiyanın tərkib hissəsi kimi dəyərləndirib, eyni zamanda beynəlxalq istimaiyyəti də Azərbaycan hakimiyyətinin bu hərəkətlərinə qarşı dözümsüz yanaşmağa çağırıb.
İdarə Heyəti 23 sentyabr tarixində Milli Şuranın mitinqində iştirak edən vətəndaşlara qarşı həyata keçirilən zorakılıqlarla bağlı narahatçılığını ifadə edərək, Azərbaycan hakimiyyətini vətəndaşları konstitusion hüquqlarından istifadə etdiyinə görə cəzalandırmaq praktikasına son qoymağa çağırıb. Müzakirələrdə qeyd edilib ki, Azərbaycan iqtidarının ölkə konstitusiyasına və beynəlxalq hüquqa zidd apardığı siyasət, insan hüquq və azadlıqlarının total şəkildə pozulması hər şeydən əvvəl Azərbaycan dövlətinin beynəlxalq izolyasiyasına gətirib çıxaracaq ki, bu da ölkə üçün ağır nəticələr verə bilər. İdarə Heyəti Azərbaycan hakimiyyətindən beynəlxalq ictimaiyyətin iradları nəzərə alınmaqla ölkədə beynəlxalq hüququn və konstitusiyanın hüquqi gücünu bərpa etməyə çağırıb.
İdarə Heyəti ötən həftə işdən azad edilən "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlının mətbuatda dəyəri milyonlarla ölçülən əmlakı ilə bağlı məsələyə də toxunub və hüquq mühafizə orqanlarını həmin əmlakın mənbəyi ilə bağlı təhqiqat aparmağa çağırıb.   
Sonda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.
 
Muxalifet.az