“Azərbaycan hakimiyyəti Rusiyaya nota göndərməlidir” – MÜXALİF PRTİYADAN SƏRT BƏYANAT

Baxış sayı:
1186

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyadan Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş vrən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə RF Milli təhlükəsizlik Şurasının sədri Petruşevin Bakı səfərinin nəticələri və səfər zamanı onun səsləndirdiyi bəyanatlar ətrafında fikir mübadiləsi aparıb. Partiya rəsmiləri bu cür səfərlərin iki ölkə arasında əməkdaşlığa dair münasibətlərin davam etdirilməsi baxımından zəruri olduğunu diqqətə çatdırmaqla yanaşı, Moskva rəsmisinin Azərbaycan güc strukturlarının ekstremizm və terrorizmlə mübarizə adı altında daxili münaqişələrdə fəal iştirakının vacibliyi barədə səsləndirdiyi bəyanatları ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirib və hakimiyyəti həddini aşan bu cür bəyanatlara görə Rusiya hökumətinə nota göndərməyə çağırıb.
İdarə Heyəti son vaxtlar bir sıra YAP rəsmiləri və millət vəkillərinin vəzifədən getmiş öz keçmiş həmkarlarının əllərində olan külli miqdarda vəsaitləri, mövcud hakimiyyətə qarşı hansısa xarici qüvvələrlə əməkdaşlıq etməsi ilə bağlı ittihamlarına münasibət bildirib və bu faktların arxasında  korrupsiya, hakimiyyətdaxili qruplaşma, hər bir qrupun Azərbaycana təsir imkanları olan dövlətlərlə işbirliyi faktının durduğunu diqqətə çatdırıb və hakimiyyəti müstəqilliyimizin, suverenliyimizin əleyhinə yönələn bu qüvvələrə qarşı ciddi addımlar atmağa çağırıb.
İdarə Heyəti son vaxtlar ölkə başçısı İlham Əliyevin səhhəti ilə əlaqədar gəzən şayələrin ölkədə stabilliyin pozulmasına xidmət edən amil kimi dəyərləndirib və hakimiyyəti bu qeyri-müəyyənliyə son qoyan, prezidentin fəaliyyətini şəffaflıqla təmin edən addımlar atmağa çağırıb.
İdarə Heyəti milli Məclisin deputatı Vahid Əhmədovun son müsahibəsində işğal olunmuş ərazilərin məhz satqınlıqla, orduya rəhbərlik edən yüksək çinli şəxslərin təxribatı nəticəsində əldən getməsini gündəmə gətirməsi məsələsinə münasibət bildirib və prokurorluq orqanlarını həmin faktlar üzrə istintaq hərəkətini başlatmağa çağırıb.
İdarə Heyəti türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının Bakıda keçirilən görüşünü ölkələrimiz arasında hərbi, siyasi, mədəni əlaqələr baxımından təqdir edib və əlaqələrin digər sferalar üzrə də davam etdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti son vaxtlar ailələrə uşaq pulunun verilməsi ilə bağlı bir sıra siyasilər, partiya rəsmiləri tərəfindən səslənən fikirlərin əleyhinə olaraq bəzi rəsmilər tərəfindən inkarçı mövqe sərgilənməsini qətiyyətlə pisləyib və bu antimilli çıxışların sağlam ailə təməlini sarsıdan, uşaq hüquqlarını saya saymayan yaramaz addım kimi dəyərləndirib və hakimiyyəti dövlətin təməli olan hər bir ailəyə, həssaslıqla yanaşmağa, gələcəyimiz olan uşaqlara uşaq pulu verilməsi ilə yanaşı, hər cür qayğı göstərməyə çağırıb.
 
Muxalifet.az