​Azərbaycan Fələstinlə tam həmrəydir - Məmmədyarov

Baxış sayı:
5212

Azərbaycan Fələstin xalqı ilə tam həmrəy olduğunu və Fələstin məsələsinin ədalətli və davamlı həllinə qəti dəstəyini bir daha bəyan edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Qoşulmama hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində Fələstin üzrə nazirlər komitəsinin iclasında çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir: "Təəssüf ki, şiddət və münaqişələr hələ də dünyada inkişaf və tərəqqiyə maneə yaradır. Yaxın vaxtlarda Qəzza zolağında baş verən hadisələr dərin narahatlığımıza səbəb olur.
Qonşu Ermənistanla həll edilməmiş münaqişədən, işğal edilmiş ərazilərimizdə etnik təmizləmə və qeyri-qanuni məskunlaşmadan əziyyət çəkən bir dövlət kimi Azərbaycan Fələstini tamamilə və aydın şəkildə anlayırıq”.
Nazir qeyd edib ki, Fələstin və Azərbaycan tarixən bütün beynəlxalq forum və təşkilatlarda əməkdaşlıq edib və bir-birini dəstəkləyiblər: “Bu həmrəylik ruhu müxtəlif mərhələlərdə öz sübutunu tapıb. Azərbaycan 2013-cü ildə “Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı” və “Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” kimi iki uğurlu konfransa ev sahibliyi edib və Müqəddəs şəhərin infrastrukturunun inkişafı və saxlanılması üçün mühüm ianə ayırıb. 2017-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının himayəsi ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib”.