Azərbaycan Cümhuriyyətinin maaşlı casusu – BERİYA...

Baxış sayı:
4825

Lavrenti Pavloviç Beriyanın adı Stalin dövrünün simvoludur.
Və onun bioqrafiyasının ən maraqlı cəhətlərindən biri Beriyanın Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanlarında çalışmasıdır.
Beriya özü də bunu inkar etmirdi.
Stalinin ölümündən sonra onu da xarici kəşfiyyatla əlaqədə ittiham edərək güllələdilər.
Beriyanı işə cəlb eləyən Əksinqilabla Mübarizə İdarəsinin rəhbəri Nağı bəy Şeyxzamanov idi.
O, xatirələrində Beriya haqqında geniş yazıb.
Onun bələdçiliyi ilə Beriyanın AXC dövründəki fəaliyyətinə işəq tutmaq mümkündür.
Beriyanı işə Nağı bəy “Hümmət” partiyasının zəmanəti ilə götürmüşdü.
O zamanlar Beriyanın cəmi 21 yaşı vardı.
Senzura şöbəsinə işə qəbul olunan Beriya bir müddət sonra şöbə müdiri vəzifəsinə yüksəlir.
Bakıda Beriya anası ilə yaşayırdı.
İşlədiyi dövrdə rəislərinin etimadını qazanır.
Bir gün rəisə raport yazır.
Bir rus tələbənin öz anasına yazdığı bir məktubu aşkarlamışdı.
Ağqvardiyaçılara qoşulan tələbə tezliklə Bakını və Tiflisi fəth edəcəkləri barədə anasına məlumat verirmiş.
Bakıya gələn tələbə həbs edilir.
Nağı bəy anası ilə tələbəni Azərbaycandan deportasiya etdirir, amma onlara heç bir cəza vermir.
Onun bu liberallığı Beriyanı çox təəccübləndirir.
O, tələbənin həbs olunmasını istəyirmiş.
Hətta iyerarxiyanı belə pozaraq Nağı bəyə “Siz ruslarla zəif mübarizə aparırsınız”, - deyir.
Nağı bəyin də əlbəttə ki, öz arqumentləri vardı, Azərbaycanın ağqvardiyaçılar tərəfindən işğal təhlükəsi yox idi.
Amma getdikcə bolşevik təhlükəsi güclənirdi.
Nağı bəy də idarəsinin resurslarını Beriyanın əqidə yoldaşlarının izlənməsinə sərf edirdi.
Bu, əlbəttə ki, Beriyaya sərf eləmirdi.
O, rəislərinə məlumat vermədən aradan çıxdı.
Nağı bəy onun iki aylıq maaşını anasına göndərdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Nağı bəy Gürcüstana, ordan da Türkiyəyə gedir.
Tiflisdə Beriya ilə qarşılaşır.
Nağı bəy ondan işdən niyə görə çıxdığını soruşur.
 “Hiss edirdim ki, sizin tərəfdən kommunist yoldaşlarım təqib olunur. Ona görə də bu təşkilatda qalmağın mümkün olmadığını gördüm”.
Beriya maaşını anasına göndərdiyi üçün rəisinə təşəkkür edir və ona tezliklə Gürcüstandan çıxmağı məsləhət görür.
O günlərdə hələ Gürcüstanda Sovet hakimiyyəti qurulmamışdı.
 “Məni bolşeviklər həbs etsələr, xilas edə bilmərsən?” - deyə soruşur Nağı bəy.
Nağı bəyin planı hazırdır, Batumiyə, ordan da Türkiyəyə keçəcək.
Sadəcə maraq üçün sual verir.
Beriya “yox, təəssüf ki, xilas edə bilmərəm”, - deyir.
Nağı bəy israr edir: “Axı mən niyə xalq düşməni oluram? Heç bir zaman kasıbı varlının ayağına vermədim. Xalqa qarşı heç bir hərəkətim olmadı”.
Beriya susur və sonra deyir: “Bəlkə də günahkar olmayan 100 adamı da gülləyəcəklər. Bu, bolşevik inqilabıdır”.
Nağı bəy Türkiyəyə mühacirətə gedir və Beriyanın vəzifə pillələrində yüksəlişi başlayır.
Bir yerdə çalışdığı iş yoldaşlarının, Əksinqilabla mübarizə idarəsinin işçilərinin məhv edilməsi üçün Beriya böyük səy göstərir.
1950-ci ildə Nağı bəy İstanbulun məşhur Qapalı çarşısında əntiq mallar dükanı işlədir.
Bir gün o İstanbuldakı sovet konsulluğunda çalışan bir rusla tanış olur.
Rus ona Beriyaya məktub yazaraq keçmiş günləri ona xatırlatmağı və onu Qərb ölkələri ilə sülhə dəvət etməyi xahiş edir.
Nağı bəy peşəkar bir siyasətçi və çekist kimi konsulluq işçisinin əsl istəyini dərhal hiss edir.
Bu məktub Beriyanın rəqiblərinin əlində onu əzmək üçün vasitəyə çevriləcəkdi.
Nağı bəy qətiyyətlə məktub yazmaqdan imtina edir.
Üç il sonra Stalin vəfat edir və Beriya da xarici kəşfiyyata işləməkdə ittiham olunaraq güllələnir.
Nağı bəyin sözlərinə görə, XX qurultayda Xruşşov Malenkova belə deyibmiş: “Beriya Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanında çalışıbmış. O xaricdəki müsavatçılarla əlaqə saxlayır və Sovet hökumətini devirmək istəyirmiş”.
Görünür, belə bir məktub yazılmasa da, onun saxtası hazırlanıbmış və Beriyanın məhv edilməsində bu cür “dəlilə” ehtiyac varmış.
Tarixin belə-belə işləri var.
Cümhuriyyətə xəyanət edən Beriya elə Cümhuriyyət bəhanəsi ilə cəzalandırılmışdı./teleqraf.com