“AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA OLACAQ...” - Sülhəddin Əkbərdən maraqlı analiz

Baxış sayı:
3001

Tanınmış politoloq, Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbərlə müsahibənin ikinci hissəsini təqdim edirik.

Əvvəli bu linkdə:(http://hurriyyet.org/xeber/trkiy_ab-in_niyytini_gec_anladihellip_-_bronson_azad_edilse_de_gerginlik_qalacaq)

- Bu istiqamətlər hansılar olacaq?

– İlk növbədə iqtisadi bloklarla müəyyən yaxınlaşmalar olacaq. Eyni zamanda ikitərəfli qaydada müxtəlif ölkələrlə iqtisadi münasibətlərini gücləndirəcək. Burada söhbət müəyyən Körfəz ölkələrindən, Afrika istiqamətində, Latın Amerikası istiqamətindən gedir. Həmçinin türkdilli ölkələrlə də münasibətlərin daha geniş müstəvidə qurulması gedəcək. Rusiya ilə münasibətlərin yumşalması fonunda bunun üçün əlverişli zəmin də formalaşır. Bu baxımdan, Azərbaycanın strateji önəmi, Xəzərin strateji önəmi də Türkiyə xarici siyasəti üçün artacaq.

- Belə bir deyim yaranıb ki, “Trampla Ərdoğan savaşacaq, Putin qalib gələcək”. Sizcə, nə qədər reallığa uyğun deyimdir? Bu gərginləşmədən Rusiya həqiqətənmi belə böyük qazanc əldə edəcək?

– Bunun hamısı Tramp administrasiyasının apardığı yanlış siyasətlə bağlıdır. Baxın, Tramp və onun ətrafında hakimiyyətə gələnlər bu siyasəti yalnız Türkiyəyə qarşı aparmır ki? Ümumiyyətlə, Tramp administrasiyası oturuşmuş qlobal liberal-demokratik düşünənlərə qarşı müharibə elan edib. Tramp hakimiyyətə gələn kimi “Asiya-Pasifik” anlaşmasından çəkildiyini bəyan etdi. Transatlantik münasibətlərdə vəziyyət tamamilə dəyişdi, Avropa Birliyi ilə ticarət və investisiya cəlbi ilə bağlı danışıqları dayandırdı. NATO-da daxili münasibətləri gərginləşdirdi, Alyans üzvləri ilə qarşıdurmaya getdi, NAFTA-ya (Şimali Amerika Azad Ticarət Zonası Sazişi) yenidən baxılacağını bildirdi. Dünya Ticarət Təşkilatının qaydalarına zidd olan hərəkətlərə, Almaniya və Avropa Birliyi ilə münasibətləri pozmağa başladı.

- Bunlar Rusiyanın maraqlarına nə qədər uyğundur?

– Əslində Tramp birbaşa Rusiyanın maraqlarına xidmət edən, Putin Rusiyasının yuxusunda belə görə bilmədiyi siyasəti yürüdür. Rusiya təsəvvür belə etməzdi ki, soyuq savaşda məğlub olduqdan sonra ABŞ-da belə bir prezident hakimiyyətə gələcək və onun intiqamını alacaq. Düşünürəm ki, Rusiya dərin dövləti Trampı ələ keçirməklə ABŞ dərin dövlətinin Mixail Qorbaçovu ələ keçirməsinin intiqamını alır hazırda. Bu, mənim sabiq təhlükəsizlik işçisi kimi gəldiyim qənaətdir. Və ABŞ dərin dövləti bunu bilir. Bu gün Trampın Amerika dərin dövləti ilə müharibəyə girişməsi də bununla bağlıdır. Tramp Amerikada paralel olaraq öz dərin dövlətini qurur. Yəni bu gün Trampı hakimiyyətə gətirən qüvvələr – yəhudi və xristian sionistlər ABŞ dərin dövlətini parçalayıb. Anqlosaksonlarla yəhudi-yevangelistlər bir-birinə qarşıdır. Trampın Londona səfərini istəməyənlər də yəhudi və yevangelistlər idi. Trampın Rusiya ilə əlaqələrini araşdıran prokuror Miller də anqlosakson qanadın təmsilçisidir. Tramp bu qanadın bir neçə məşhur simasına xüsusi informasiya bazasına çıxışına qadağa qoyub.

Bir sözlə, dünyada qlobal güc savaşı gedir. Burada mən rus kəşfiyyatının böyük uğurunu görürəm. Rus dərin dövləti ABŞ dərin dövlətində və siyasətində öz maraqlarına uyğun qüvvələri hakimiyyətə gətirməyə nail olub. Eyni zamanda Rusiyanın İsraillə indiyədək heç olmayan qədər yaxınlaşması gedir. Düşünürəm ki, yəhudi lobbisi indiyədək heç zaman dünya miqyasında bu qədər güclü olmayıb. Amma fikrimcə, bunun da əks-reaksiyası olacaq. Bu reaksiyanı isə anqlosaksonlar verəcəklər.

- Sülhəddin bəy, bildiyiniz kimi bu günlərdə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçıları tərəfindən konvensiya imzalandı. Bu sənədi Azərbaycanın mənafeyi baxımından necə dəyərləndirirsiniz?

– Bilirsiniz, birincisi, burada Azərbaycanın mənafeyindən söhbət belə gedə bilməz. Xəzərdə yüz illərdir Rusiya hökmrandır. Çar Rusiyasının dövründən başlayaraq, sovet Rusiyasında da bu hökmranlıq davam edib. Bu konvensiya ilə yeni şəraitdə Rusiya öz hegemoniyasının hüquqi təminatını da yaratdı. Xəzərdə yeganə hərbi güc olduğunu de-yure təsdiq etdirdi. Eyni zamanda Xəzərə sahili olmayan güclərin, xüsusən də ABŞ və onun müttəfiqlərinin, NATO-nun Xəzərə çıxışının hüquqi cəhətdən önünü kəsdi. Çünki konvensiyanı imzalayan tərəflər hüquqi cəhətdən öhdəlik götürürlər ki, onlar Xəzərdə sahili olmayan ölkələrin hərbi iştirakına icazə verməyəcəklər. Digər məsələlər Rusiya üçün elə də önəmli deyil. Buna görə də mən bu konvensiyanı Rusiyanın nəinki siyasi-diplomatik, ümumiyyətlə, bütün sahələrdə qələbəsi hesab edirəm.

İlk baxışdan belə görünə bilər ki, Azərbaycanın mənafeyi baxımından Transxəzər layihələrinin icrasına “yaşıl işıq” yandırılıb. Lakin sənəddə belə bir müddəa var ki, Transxəzər layihələrinin icra olunması üçün onların dənizin ekologiyasına zərər vurmadığına dair bütün sahilyanı ölkələrin rəyi alınsın. Yəni Rusiya burada da ekologiya rıçağını saxlayır əlində.

Digər tərəfdən, konvensiya Xəzərin dibinin bölünməsi ilə bağlı əsas mübahisələri də həll etmir. Əsas mübahisələr isə Azərbaycanla Türkmənistan və İran arasındadır. Xəzərin şimal sahillərində dibin bölgüsü Rusiya, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli qaydada həll edilib. Amma Azərbaycanın Türkmənistan və İranla belə sazişləri yoxdur. Bu mübahisələrin həllində həm Azərbaycan, həm də Türkmənistan çalışacaqlar Rusiyadan dəstək alsınlar. Bu isə hər iki ölkəni Rusiyadan asılı edəcək. Bir sözlə, Rusiya bu konvensiya ilə əldə etmək istədiklərinin hamısına nail oldu.

- ABŞ-ın İrana qarşı sanksiyalarının bir hissəsi qüvvəyə mindi. Payızda da daha bir qismi minəcək. Son vaxtlar Azərbaycanın İranla əlaqələrində xeyli inkişaf baş verib. Azərbaycan bu ölkəyə 500 milyon dollar kredit ayırıb, İranın Azərbaycanda layihələri var. İran həm də Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsi istiqamətində açar ölkələrdən biridir. Sizcə, Azərbaycan İrana qarşı sanksiyalardan kənarda qala biləcəkmi?

– Çox təəssüf ki, Azərbaycanın belə gücü yoxdur. Azərbaycan çoxsaylı problemləri olan kiçik bir ölkədir. ABŞ kimi supergücün təzyiqləri qarşısında tab gətirmək onun imkanları xaricindədir. Ona görə də mən Azərbaycanın bu sanksiyalara əməl etməkdən başqa yolunun olmadığını düşünürəm. Əks halda, çox pis nəticələri ola bilər. Çünki İrana qarşı budəfəki sanksiyalar əvvəlkindən daha kəskin və daha əhatəlidir. Yalnız sanksiyanı pozan deyil, onunla əməkdaşlıq edənlər də cəzalanacaq. Yəni üçüncü tərəflər də sanksiyalara məruz qalacaq. Bu baxımdan, Azərbaycanın sanksiyalara əməl edəcəyini düşünürəm.

Tramp administrasiyası və İsrail bu məsələyə çox ciddi yanaşır. Elə Türkiyə ilə Amerikanın münasibətlərində yaranan son gərginliyin bir səbəbi də Ərdoğanın İranla bağlı məsələdə ABŞ-ın yanında yer almamasıdır.

Onu da nəzərə almaq lazımdır ki, artıq ABŞ Azərbaycanın marağını nəzərə alan addım atıb -“Şahdəniz-2″ layihəsini sanksiyalardan kənarda qoyub. Bildiyiniz kimi, İran şirkəti bu layihədə iştirak edir. Düşünmürəm ki, ikinci belə bir istisna edilsin. İsraillə Azərbaycanın münasibətlərinin bugünkü səviyyəsini, xüsusən də Gəncədə baş verən hadisələrdən sonra Azərbaycanın İrana yönəlik dəyişiklikləri nəzərə alsaq, mənə elə gəlir ki, Azərbaycan ABŞ və İsrailin yanında yer alacaq. /musavat.com/