“Azpetrol”dan dizel yanacağı ilə bağlı XƏBƏRDARLIQ: "Keyfiyyətsizdir, məsuliyyət daşımırıq" - YENİLƏNİB

Baxış sayı:
9124

Son günlər “Azpetrol” yanacaq doldurma məntəqələrində dizel avtomobillərinin sürücülərinə yanacağın keyfiyyətsiz olduğu haqda xəbərdarlıq edilib. “Dizel çox keyfiyyətsizdir, istəyirsiniz doldurun, istəmirsiniz doldurmayın, sonra maşınınız xarab olsa, bizlik deyil. Bizə rəhbərlik tərəfindən bildirilib ki, sürücülərə xəbərdarlıq edək”, – deyə sürücülərə bildirilib. Hətta onu da qeyd ediblər ki, “Lukoil” və digər yanacaqdoldurma məntəqlərində satılan dizel yanacağı da kefiyyətsizdir: “Ancaq biz özümüzə borc bilərək sürücüləri xəbərdar edirik, onlar demirlər”.

“Dünən zavoddan verilən yanacaqda bir az problem olub”

Məsələ ilə bağlı “Azpetrol” şirkətinin Əməliyyat Departamenti direktorunun köməkçisi Fuad Mehdiyev “Hürriyyət”ə təsdiq edib ki, srağagün zavoddan verilən yanacaqda problem olub: “Ciddi bir şey deyildi. Amma biz müştərilərə ona görə dedik ki, qoy, müştərinin məlumatı olsun. Rəngində tündlük var idi, problemli bir şey yox idi. Bu gündən artıq normallaşıb.

Başqa şirkətlər də onu deyir-demir, mən deyə bilmərəm. Biz özümüzə borc bildik ki, müştəriyə məlumat verək. Bəli, göstəriş vermişik ki, müştərinin məlumatı olsun, yanacağın rəngində tündlük var, amma doldurmasın deməmişik. O da “Azpetrol”un istehsalı deyil, dünən (srağagün – red.) ölkənin zavodunda istehsal olunan dizel olub, amma bu gün normallaşıb. Bundan əvvəl belə hal olmayıb, ancaq dünən olub”.

“Bu, ağılabatan bir idda deyil”

Картинки по запросу SOCAR mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov

SOCAR mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov isə iddia edir ki, dizelin keyfiyyətinin istehsal prosesində bir gün dəyişməsi mümkün deyil: “Bu, ağlabatan bir idda deyil. Onun daşınma prosesində hər nə olubsa, biz onu deyə bilmərik. Onu təchizatçılarla danışmaq lazımdır ki, dizelin keyfiyyətinə təsiredici faktorlar olub, ya olmayıb”.

“Məhsulun zay olması, ya kefiyyətinin aşağı düşməsi daşınmada da, saxlanılmada da ola bilər”

“Zavoddan dizel daşınır, gəlib yanacaqdoldurma məntəqələrinə çatır. Sonra da saxlanılır. Sonra gəlib istehlakçı onu doldurur. İstehlakçı dolduranda müəyyən olunub ki, bu dizel kefiyyətsizdir. Tutaq ki, belə olub” – deyən İ.Əhmədovun sözlərinə görə, məhsulun zay olması, ya kefiyyətinin aşağı düşməsi ehtimal daşınmada da, saxlanılmada da ola bilər:

“Amma istehsalatda eyni keyfiyyətlədir. Yəni onun kefiyyəti aşağıdırsa, dünən də, srağagün də, bir ay əvvəl də aşağı olmalıydı. Dizelin kefyiyətinin bir gün aşağı düşüb, sonra yenə bərpa olunması istehsal prosesində ola bilməz və yoxdur da. İstehsalçı olaraq mən başqa məlumat verə bilmirəm. Amma dizelin təchizatında təkcə istehsalçı iştirak etmir, axı. Siz bir məhsulu alırsınız, o neçə vasitəçidən keçir? Təkcə istehsalçı olmur ki. Məsələn, əti, çörəyi neçə saxlayıblar? Yaxşı, yaxud pis saxlayıblarsa, ona görə istehsalçı cavab vermir. İstehsalçının məhsulunu laborotoriya gəlib istehsal yerində yoxlayır. Əlbəttə, SOCAR məhsulun kefiyyətli şəkildə istehsal olunmasının məsuliyyətini daşıyır. Bu da dövlətin nəzarəti altındadır. Lakin onun son istehlakçıya çatdırılması artıq başqa qurumların məsuliyyətidir”.

“Məhsul həm şirkət, həm də dövlət tərəfindən yoxlanılır”

İ.Əhmədov onu da qeyd etdi ki, dizel yanacağı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur: “Zavodda əldə olunan məhsul həmişə nəzarət altındadır. Mütamadi olaraq məhsul həm şirkət, həm də dövlət tərəfindən yoxlanılır. Bir gün nəsə dəyişmir, həmişə eyni şəkildə olur. Yəni dünən nədirsə, bu gün də odur”.

“Bu, qanunun işlədiyi bir yerdə olsa, hər bir istehlakçı ona dəyən ziyanı yox, ondan qat-qat çox tələb eləyə bilər”

Картинки по запросу İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə “Hürriyyət”ə xatırlatdı ki, “Azpetrol” yanacağın pərakəndə satışı ilə məşğul olan şirkətdir, yəni hüquqi baxımdan “Azpetrol”un funksiyası ərzaq satan marketin heç biri ilə fərqlənmir: “Məsələn, mən səhər tezdən ət almağa gəlirəm, ət satan deyir ki, “müəllim, bizə gətirib dana veriblər, kilosu 11 manatdır. Ancaq biz buna baxırıq, məsləhətli deyil, istəyirsiniz alın, istəyirsiniz də almayın”. Belə şey olar? Hər bir yanacaq şirkətinin,  o cümlədən “Azpetrol”un da hansı keyfiyyət parametrində, yəni oktan dərəcəsində neft baza ilə müqaviləsi var. Əgər yanacaq dizeldirsə, dizelin də özünün kimyəvi parametrləri var, onda o yanacağı qəbul edir. Əgər parametrlərə uyğun deyilsə, o, onu necə alıb müştərilərə deyə bilər ki, “siz bunu istəyirsiniz alın, istəyirsiniz də almayın. Mən sizə belə bir şeyi qabacadan qabaqcadan xəbərdarlıq edirəm”. Bu, qanunun işlədiyi bir yerdə olsa, həmən onu satanı məhkəməyə verib və hər bir istehlakçı ona dəyən ziyanı yox, ondan qat-qat çox tələb eləyə bilər. Çünki ona dəyən maddi ziyandan başqa, zamanı, əsəbi gedir”.

“Keyfiyyətsiz mal istehlakçıya necə satıla bilər?”

“Azpetrol” rəsmisinin söylədiklərini İlham Şabanın nəzərinə çatdırdıqda o, belə cavab verdi: ““Rəngi tünddür” demək başqa şeydir, ancaq keyfiyyət parametrlərinə uyğun deyil demək tamam başqa şeydi. Onun rəngi qırmızı da, açıq da, tünd də ola bilər. Ancaq keyfiyyət parametrləri istehlakçıya satılan malın dövlət standartlarıdır. O dövlət standartlarını da Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq edir. O standartda olmalıdır. Məsələn, gedirsiniz avtomobilinizi texniki baxışdan keçirirsiniz, əgər  standarta cavab vermirsə, o, ona möhür qoyar? Yəni hər şeyin standartı var. Keyfiyyətsiz mal yandırılır, atılır və qəbul edilmir. Keyfiyyətsiz mal istehlakçıya necə satıla bilər? Əgər o mal satılırsa, demək zəmant verib. Ona görə, mən onu ara sözü kimi qəbul edirəm. Əgər keyfiyyətsiz mal satılırsa, bu, hüquq-mühafizə orqanlarının işidir”.

 “Onlar malı qəbul edəndə o standartlarla qəbul edirlər”

“Dizelin rənginin hansı rəngdə olması mənə heç bir şey demir. O şirkətlərin hamısının öz laboratoriyası var. Yəni onlar malı qəbul edəndə o standartlarla qəbul edirlər. Əgər onu qəbul edənin şübhəsi varsa, onun o alqı-satqı müqaviləsi var, o zaman o, malını geri qaytara bilər. Mən indiyə kimi müstəqillik illərində ilk dəfədir ki, belə bir məlumata rast gəlirəm”, - deyə ekspert əlavə etdi.

“Zavod fəaliyyətini dayandırıbsa, “Azpetrol” necə deyə bilər ki, dünən aldığı dizel bir az problemli olub”

İ.Şaban onu da nəzərə  çatdırdı ki, Heydər Əliyev adına Neft Emalı Zavod oktyabrın 4-dən təmirlə əlaqədar olar rəsmi surətdə fəaliyyətini dayandırıb: “Yəni zavod fəaliyyətini dayandırıbsa, “Azpetrol” necə onu deyə bilər ki, dünən aldığı dizel bir az problemli olub. Yaxşı, dünən problemli olubsa, bu gün niyə problemli olmadı? Axı, o istehsal eləmir. O öz ehtiyat çənindən sənə verilib. Ona görə, o ziddiyyətli xəbərdir. Mən heç inanmadım.  Demək, sənin özündə nəsə olub. Görürsən ki, neçə nəfər şikayət eləyir, ya narazı qalır. Ona görə, deyirsən ki, “zavoddan aldığım yanacağı keyfiyyət parametrində bir şeylər hiss elədim. Ona görə, belə oldu, ancaq sonrakı gün yaxşı oldu”. Mən belə şeyi ömrümdə heç yerdə eşitməmişəm. Ona görə, onların dediklərinə şübhə ilə yanaşıram”.

“Azərbaycan nefti yüngül neft sayılır və yanacağın keyfiyyəti yaxşı olur”

Похожее изображение

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə dedi ki, İbrahim Əhmədov düz deyir, o bir günlük iş deyil: “Həmişə şikayət olub. Yadınızdadırsa, ötən il “Meydan TV”-yə bununla əlaqədar verdiyim açıqlamaya görə, şirkətin bir vəzifəlisinin sifarişi ilə basqılara məruz qaldım. Belə ki, araşdırılma aparılmalıdır, zavodda hansı neft emal olunan zaman keyfiyyətsiz yanacaq alınır? Azərbaycan nefti yüngül neft sayılır və bu neftin emalı zamanı həm havaya atılan zərərli maddələr az olur, həm də yanacağın keyfiyyəti yaxşı olur. Əgər emal zamanı ağır neftdən, o cümlədən Qazaxstan, Sibir neftindən istifadə olunarsa, bu zaman həm emal zamanı alınan yanacaq keyfiyyətsiz olur, həm də havaya çoxlu sayda zərərli maddələr atılır”.

“Bunun müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur”

Qəhrəmanlı qeyd etdi ki, zavodun hansı nefti emal etdiyini, haradan neft aldığına şirkət dəqiq cavab verməyəcək: “Bunun isə müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur. Bunun təsdiqini müvafiq qurumlar verə bilər”.

Şamo EMİN, Hurriyyet.org