​“Azadlıq” qəzetinin müxbiri 9 il həbs cəzası aldı

Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının məhkəmə istintaqı yekunlaşıb.
 
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rəşid Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən, E.İsmayıllı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elçin İsmayıllı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə verilmiş ittiham edilir. O, 17 fevral 2017-ci ildə İsmayıllı rayonunda həbs olunub. E.İsmayıllı İsmayıllı rayonunda vəzifəli şəxslərdən biri haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.
E.İsmayıllı ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. Saxlanılarkən üzərində olan 1000 manatı tanığı Azər Abbasovdan borc aldığını deyib.