Azad Rəhimovun oğlundan atributlarımıza sayqısızlıq – ARİF RƏHİMOV DÖVLƏT RƏMZLƏRİNİ BİLMİRDİSƏ…

Baxış sayı:
11362

Dövlət maraqları ilə şəxsi maraqlar arasındakı paralellik

Ötən həftənin sonu - bazar günü Azərbaycanda keçirilən “Formula 1” yarışları başa çatdı. Artıq bəlli olduğu kimi, Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton Azərbaycan Qran-prisinin qalibi olub. Britaniyalı pilot 1 saat 43 dəqiqə 44 saniyə göstərici ilə rəqiblərini qabaqlaylb. “Ferrari”nin sürücüsü Kimi Raykkonen ikinci, “Force İndia”nın pilotu Serxio Peres üçüncü yeri tutub.
Qeyd edək ki, yarışın sonuncu günü Azərbaycan prezidenti İlham Əliyevlə xanımı Mehriban Əliyeva da izləyicilər arasında olub. Qran-prinin qalibi Lüis Hemilton birincilik mükafatını məhz İ.Əlyevin əlindən alıb. İkinci yerin sahibi Kimi Raykkonenin mükafatını Gənclər və İdman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresin mükafatını isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.
Bəlli olduğu kimi, artıq üçüncü ildir ki, Azərbaycan “Formula 1” Qran-prisinə ev sahibliyi edir və hər hansı yenilənmə olmasa, müqavilənin vaxtı 2020-ci ildə başa çatacaq.
Əlbəttə, müqavilənin müddətindən asılı olmayaraq bu yarışların yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin maraq dairəsindədir. Xüsusən də, prezident İlham Əliyevin “Formula 1” Azərbaycan Qran-prisinə böyük diqqət göstərdiyi və hər bir yarışdan öncə hazırlıq işləri ilə mütəmadi olaraq maraqlandığı sirr deyil. O cümlədən Təşkilat Komitəsinin də bu yarışın yaddaşlarda xoş xatirələr buraxması üçün əlindən gələni əsirgəmədiyi şübhəsizdir. Əslində, son 3 il ərzində “Formula 1” Qran-prisinin yüksək səviyyədə keçirildiyi də inkar edilə bilməz. Ancaq təəssüf ki, ötən həftə baş verən bayraq qalmaqalı görülən yüksək səviyyəli işlərin üzərinə az da olsa kölgə salır.  
Xatırladaq ki, təşkilatçılar yarışdan əvvəl "Formula-1” izləyicilərinin əyləşəcəyi tribunanın üzərində Azərbaycan bayrağını əks etdirmək istəyiblər. Lakin bu zaman ciddi nöqsana yol verilib və bayrağın rəngləri dəyişik düşüb. Yəni yaşıl və mavi rənglər səhv salınıb, aypara-ulduz tərsinə vurulub.

Bu haqda görüntülər sosial şəbəkələrdə paylaşılandan az sonra Bakı Şəhər Halqasının (“Baku City Circuit”) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Unikal.org-a açıqlamasında bunun texniki səhv olduğunu deyib: "Bu barədə xəbərimiz var. İndi onu düzəldirlər. Sadəcə texniki səhv olub. Bayraq tribunanın üzərinə vurulanda bilməyiblər hansı tərəfə baxsınlar. Bilməyiblər ki, bayraq Bulvar tərəfə, yoxsa trasa baxmalıdır. Texniki bir səhv idi”.
Qeyd edək ki, “Formula-1” yarışının təşkili “Baku City Circuit” şirkətinə həvalə olunub. Şirkətin icraçı direktoru Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur. Əlbəttə, bu məsələdə birbaşa nazir Azad Rəhimovu və oğlu Arif Rəhimovu ittiham etmək bəlkə də doğru olmaz. Amma bir halda ki, bu yarışın ölkəmiz üçün böyük əhəmiyyəti var, təşkilinə böyük həcmdə vəsait ayrılır, o zaman belə məsuliyyətli işləri diletantlara həvalə etmək yanlışdır. Nəzərə alsaq ki, “Formula 1”i izləmək üçün ölkəmizə çoxlu sayda turist gəlir, bu Qran-pri bütün dünyada maraqla izlənilir və Azərbaycanı da bütün dünyaya tanıdır, deməli, bu yarışın təşkilatçıları ikiqat məsuliyyətli olmalıdır. Əslində, Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin sözlərindən də aydın olur ki, bayrağımızın rəngləri texniki səhv nəticəsində dəyişik düşməyib. Bu, sadəcə həmin işin qeyri-peşəkarlara həvalə olunmasının nəticəsidir. Hansı ki, Nigar Arpadarainin “Bayraq tribunanın üzərinə vurulanda bilməyiblər hansı tərəfə baxsınlar. Bilməyiblər ki, bayraq Bulvar tərəfə, yoxsa trasa baxmalıdır” – fikri də dediklərimizi təsdiq edir.
Əlbəttə, bu kimi tədbirlərin təşkilində hansısa nöqsana yol verilə bilər. Amma beynəlxalq səviyyəli bir yarışa ev sahibliyi edən bir dövlətin öz atributlarının rəsmini çəkərkən yanlışlığa yol verməsi sıradan bir səhv deyil, böyük qüsurdur. Əgər biz hansısa ölkədə təşkil olunan tədbir və ya rəsmi görüşlər zamanı bayrağımızın tərsinə asılmasını böyük təpki ilə qarşılayırıqsa, Bakının mərkəzində belə bir biabırçılığa yol verilməsi bağışlanılan deyil. Çünki, bu, dövlət atributlarımıza qarşı hörmətsizlikdir. Hansı ki, orta məktəbin 1-ci sinfində oxuyan şagirdlər də dövlət rəmzlərinin toxunulmaz olduğunu və bayrağımızın rəngələrinin ardıcıllığını, o cümlədən hansı məna daşıdığını çox yaxşı bilir. Nazir Azad Rəhimovun oğlunun icraçı direktoru olduğu “Baku City Circuit” şirkətində dövlət atributları haqqında bilgili bir şəxs yox idisə, o zaman ən yaxındakı məktəbin ibtidai sinif şagirdlərindən birinə müraciət edə bilərdilər...
Yeri gəlmişkən, “Baku City Circuit” şirkətinin rəhbəri Arif Rəhimov mətbuata deyib ki, “Formula-1” yarışı ilə bağlı danışıqlar gedir, 2020-ci ildən sonra yarışın Bakıda keçirilməsi 5 il də uzadıla bilər. Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar iyun ayında veriləcək.
A.Rəhimov onu da deyib ki, başqa ölkələrə nisbətən Azərbaycan belə yarışın keçirilməsinə görə 2 dəfə daha çox pul verir, bu məbləği azaltmaq istəyirlər.
Bu arada, nazir oğlunun açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məsələn, iqtisadçı ekspert Natiq Cəfərli özünün Facebook profilində Arif Rəhimova bir neçə sual ünvanlayıb: “Xub, Arif müəllim, evdə atanızla danışın, deyin niyə biz ölkə olaraq 2 dəfə daha çox pul veririk? Nədən müqavilə bağlananda bu məsələ qaldırılmayıb? Nə səbəbə ölkə üçün əlverişsiz müqaviləyə qol çəkilib? Əgər atanız bunu sizə izah etsə, lütfən cavabını bizə də deyin, daha öz gördüyünüz işdən, öz sahənizdə olan problemlərdən bizə şikayət etməyin, müqaviləni biz bağlamamışıq axı?!”
Bütün bu suallar öz yerində. Amma, xüsusən də “Formula 1” Azərbaycan Qran-prisinin vaxtı 5 il artırılacaqsa, Arif Rəhimovun daha peşəkar komanda ilə çalışmasına ehtiyac var. Və yaxud da təşkilatı işlər “Baku City Circuit” şirkətindən alınıb, daha güvənilir bir şirkətə həvalə olunmalıdır. Çünki şəxsi maraqları dövlət maraqlarına qurban vermək olmaz!

Muxalifet.az