AXCP fəalı həbs edildi - SOSİAL ŞƏBƏKƏDƏKİ FƏALİYYƏTİNƏ GÖRƏ

Sentyabrın 5-də Bakının Səbael rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Üzeyir Abbasovu 30 sutka inzibati həbsə məhkum edib.
 
 Üzeyir Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) təqsirli bilinib.
AXCP-nin məlumatına görə, fəal senyabrın 2-də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sosial şəbəkələrdə hakimiyyət, xüsusən də prezident əlehinə olan bir neçə statusu silinib və izahatı alınaraq sərbəst buraxılıb.
“Hadisədən sonra fəal ABŞ-ın Azərbaycandakı səfirliyinə gedərək, onları bu barədə məlumatlandırıb. Səfirlikdən çıxandan sonra yenidən saxlanılıb”, məlumatda qeyd edilir.
Abbasov iddia edib ki, o sosial şəbəkələrdə ölkə başçısının karikaturasını paylaşıb və bu, həbsinə səbəb olub.
Rəsmi qurumlar AXCP fəalının həbsinə hələ münasibət bildirməyib.