Avtovağzaldakı mikroavtobuslara qənim kəsilən kimlərdir? - AÇIQLAMA

Baxış sayı:
11455

Xəbər verdiyimiz kimi, Biləsuvarda yerləşən avtovağzalda Biləsuvar-Bakı xəttinə buraxılmış yeni mikroavtobusların təkərləri qəsdən yararsız hala salınıb. 

Mövzu ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan N. Allahyarova hadisə ilə bağlı istintaq getdiyini deyib: 

“Bu konkret olaraq sözü gedən avtovağzalın əməkdaşlarının iddiasıdır. Nə vaxt ki, Daxili İşlər Nazirliyinin istintaq nəticələri bəlli olacaq, bizdə o istintaqa uyğun fikir bildirmək rahat olacaq ki, doğurdanmı bu hadisə işbazlar, qeyri-qanuni daşımalara dəstək verən daşıyıcılar tərəfindən təşkil olunub, yoxsa sıradan bir cinayət  tərkibli işdir? Hələ istintaq getdiyi üçün fikir bildirmək olmaz. İstintaqa müdaxilə etmək doğru deyil.”

Sektor müdiri həmçinin aparılan tədbirlər haqqında da danışıb:

“Biz qanuni icazə verdiyimiz daşımaların hər hansı qayda pozuntularına görə, onların reysləriylə bağlı qayda pozuntuları ilə bağlı nəzarəti təmin edən qurumuq. Amma qeyri-qanuni daşımalarla bağlı bizim bilavasitə səlahiyyətlərimiz çərçivəsində olmasa da, biz Daxili İşlər Nazirliyi ilə ötən il avqust ayında momerandum imzalamışıq. Memoranduma uyğun şəkildə Daxili İşlər Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, dolayısı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə tədbirlər keçirir. Xüsusilə bayram günlərində, xüsusi günlərdə beynəlxalq avtovağzal və eyni zamanda respublikanın 56 avtovağzal və avtostansiya ərazilərinin ətraflarında, yəni harda ki, qeyri-qanuni daşımalarla məşğul olan işbazlar var, orada tədbirlər görürük. Bu tədbirlərdə digər qurum cəza mexanizminə sahibdirsə, biz də aidiyyatı üzrə qanuni daşımalanı icra etmək üçün daşıyıcılara fərqlənmə nişanının əldə edilməsinin nə formada olduğunu izah edirik”.

Xatırladaq ki, Biləsuvar avtovağzalında anoloji hadisə bir neçə ildir təkrarlanır. Avtovağzal tərəfindən süni qiymət artımına və qanunsuz sərnişindaşımaya qarşı mübarizə məqsədilə xəttə buraxılan yeni mikroavtobusların təkərləri qəsdən yararsız hala salınıb. Ərazidəki təhlükəsizlik kameraları mikroavtobusun təkərlərini yararsız hala salan şəxslərdən birini müəyyən etməyə imkan verib. Avtovağzal rəsmisi görüntülər əsasında hadisəni törədən şəxsin Elçin Məmmədov olduğunu bildirir. Sürücülər isə əlavə edir ki, bu şəxs tək deyil və onun kimi bir neçə şəxs Bakıda və Biləsuvarda qanuni fəaliyyət göstərən sürücüləri təhdid edir, müxtəlif üsullarla maneələr yaradırlar. Xüsusən də bayram günlərindəki sərnişin sıxlığını fürsət bilən sözügedən işbazlar qiymətləri süni şəkildə qaldırırlar.

Biləsuvar Rayon Polis Şöbəsinə faktla bağlı məlumat verilib. Hadisəni törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır.