"Avropalılar mitinqlərdə insanlara qarşı rəftarı gəlib Azərbaycandan öyrənsinlər" - Komitə sədri

Baxış sayı:
5641

"Avropalılar mitinqdə etirazçılara qarşı necə rəftar edilməsini gəlib Azərbaycandan öyrənsinlər".
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Fransada keçirilən kütləvi etiraz aksiyalarına münasibət bildirərkən deyib. 
Eldar İbrahimov bildirib ki, Azərbaycan polisi etiraz askiyaları zamanı insanlara qarşı çox humanist yanaşır:
"Ancaq biz son vaxtlar Avropa ölkələrində keçirilən kütləvi etiraz aksiyaları zamanı minlərlə nümayişçiyə qarşı zor tətbiq edildiyinin şahidi oluruq. Bəs hara baxır beynəlxalq təşkilatlar? Bəs nə üçün Avropa dövlətlərində də demokratiya, sərbəst toplaşma və söz azadlığının qorunması kimi məsələlər yada düşmür? Öz gözlərində tiri görmürlər, ancaq gəlib Azərbaycanda xırda nə isə axtarırlar. Yaxşı olar ki, həmin Avropa gəlib Azərbaycandan nümunə götürsün ki, bizim polislər aksiyaçılarla necə normal rəftar edirlər".
Komitə sədri həmçinin qeyd edib ki, Avropa ölkələrində Azərbaycan hakimiyyətinə qarşı söyüş və təhqir kampaniyası aparan Vidadi İsgəndərli və digər şəxslər cəzalandırılmalıdır:
"Vidadi İsgəndərli və onun kimi bir qrup tərbiyəsiz adamlar xaricdən qrant vəsaitləri almaq üçün öz əxlaqlarına uyğun hərəkətlər edərək söyüş və təhqir kampaniyası aparırlar. Əlbəttə ki, bu cür yaramaz adamlar əxlaqdankənar hərəkətlərə yol verirlər. Mən onları bu cür əməllərdən geri çəkilməyə çağırırram. Söyüş və təhqir mübarizə yolu deyil. Bu yolu tutanlar əxlaqsızlığa üstünlük verən adamlardır. Onlar öz səviyyələrinə əxlaqlarına uyğun olaraq bu cür söyüşləri işlədirlər".
Eldar İbrahimov Vidadi İsgəndərli və onun kimi cinayət hərəkətlərinə yol verən digər şəxslərin cəzalandırılmasını istəyib:
"Bu cür adamlar qanunun tələblərinə uyğun olaraq cəzalandırılmakıdır. Əks halda bu cür hallar digər şəxslərə də rəvac verə bilər. Mən hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, bu şəxslərin qanunu yollarla cəzalandırılması istiqamətində ciddi addımlar atılsın".