Avropa Məhkəməsindən İlkin Rüstəmzadə və Hüseyin Abdullayevlə bağlı QƏRAR - 25 min avro kompensasiya ödəniləcək

Baxış sayı:
10948

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, martın 7-də NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə və keçmiş deputat Hüseyn Abdullayevlə bağlı qərarlarını açıqlayıb.
Bu iş İ.Rüstəmzadənin 2013-cü ildə açılan cinayət işi çərçivəsində barəsində seçilən həbs-qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılmasından verdiyi şikayətlə bağlıdır.
Məhkəmə İ.Rüstəmzadənin şikayəti ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyanın 5.1-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusunu tanıyıb, mənəvi zərərə görə 20 min avro, məhkəmə xərclərinə görə 2 min 500 avro kompensasiya müəyyən edilib.
İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. Həmin vaxt onunla birgə həbs edilən bütün fəallar əfv fərmanı ilə azadlığa buraxılsa da, İ.Rüstəmzadə hələ də həbsdədir.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş deputat, işadamı Hüseyn Abdullayevə aid birinci cinayət işi ilə bağlı da şikayəti qismən təmin edərək qərar çıxarıb.
Bu işdə qeyd edilir ki, H.Abdullayev 2007-ci ilin martında başqa deputat Fəzail Ağamalı ilə dalaşıb, sonuncu prokurorluğa şikayət edib. Bunun nəticəsi olaraq H.Abdullayev cinayət məsuliyyətinə cəlb edilib və həmin il 2 il şərti olaraq azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi ittiham qərarını qüvvədə saxlayıb, kassasiya şikayəti də təmin olunmayıb.
Şikayətdə vurğulanıb ki, həbsə qədər H.Abdullayev fəqərə yırtığından əziyyət çəkib, istintaq dövrü bu xəstəlik güclənib, həkimlər isə onu sağlam sayıblar. H.Abdullayev həmçinin hesab edib ki, onun ədalətli məhkəmə araşdırması hüququ da pozulub. Bundan başqa, şikayətdə onun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasından da bəhs edilib.
Amma məhkəmə H.Abdullayevin ancaq 6-cı maddə (ədalətli məhkəmə araşdırması) üzrə hüququnun pozulduğunu tanıyıb və ona 2 min 500 avro ödənilməsi qərarını çıxarıb./azadliq.org/