Avropa Məhkəməsi Azərbaycanla bağlı beş iş üzrə kommunikasiyaya başlayıb

Baxış sayı:
2707

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı beş iş üzrə kommunikasiyaya başlayıb.
 
Bu şikayətlərin dördünü vəkil Cavad Cavadov müdafiə edir.
Vəkil bildirib ki, şikayətlərin ikisi Nardaran işi ilə bağlı tutulan Zülfüqar Mikayılov və Elman Ağayevlə bağlıdır.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Zeynal Ağayevin sədrliyi ilə 2017-ci ilin sentyabrında Zülfüqar Mikayılovu 17 il, Elman Ağayevi 13 il azadlıqdan məhrum edib.
Digər şikayət Vüqar Əliyevin işi ilə bağlıdır. O 2015-ci ilin martında Cinayət Məcəlləsinin 228.1. maddəsi - Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmək, - ilə ittiham edilib. Əliyev Qarabağ Azadlıq Təşkilatının fəalı olub.
Digər bir iş Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovla bağlıdır. O 2014-cü ildə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 ila azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası həbsi 9 ilə endirib.
“Məhəmməd Bağırovla bağlı Avropa Məhkəməsinə şikayət göndərməyimin səbəbi ondan ibarət olub ki, onu altı ay başqa yerə getməmək haqqında iltizamda saxlayıblar, sonra iltizamın şərtlərini pozmadığı halda təqdimat verib məhkəmədə həbs ediblər”, Cavadov qeyd edib.
Beşinci iş “Meydan TV”nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyovin şikayəti ilə bağlıdır. Ağabəyov 2015-ci ilin iyulunda həbs edilib. 2016-cı il aprelin 22-də iki il sınaq müddəti olmaqla 3 il azadlıqdan şərti məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb. O Cinayət Məcəlləsinin 234.1 maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunub.