Atəşkəs sazişinin 25-ci ili arxada qaldı - BU MÜQAVİLƏ KİMİN XEYRİNƏ İŞLƏDİ... / Təhlil

Baxış sayı:
4048

12 may 1994-cü ildə Qarabağ münaqişəsiylə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalanıb.

Dağlıq Qarabağ konflikti SSRİ ərazisində yaranmış və böyük insan tələfatıyla nəticələnmiş ilk etnik münaqişədir.

Konfliktin başlanğıcı 1988-ci il hesab olunur - həmin il Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisi Azərbaycandan ayrılmaq tələbini irəli sürmüşdü.

Bunun ardınca lap başlanğıcından zorakılıqlarla müşayiət olunan qarşılıqlı deportasiya və qarşıdurma 1991-ci ildə Ermənistan və Azərbaycan müstəqilliklərini elan edəndən sonra ərazi münaqişəsinə çevrilib.

Üç il davam edən qanlı döyüşlərdən sonra ATƏT-in Minsk qrupu çərçivəsində beynəlxalq vasitəçilərin iştirakıyla tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb. Həmin tarixdən 25 il keçir.

Atəşkəs tərəflərə nə qazandırdı?

O vaxta qədər artıq onminlərlə insan həlak olmuşdu, qaçqınların və məcburi köçkünlərin sayı isə bir milyonu keçmişdi.

Keçmiş SSRİ ərazisindəki konfliktlərin bir çoxunu "dondurulmuş" adlandırırdılar, amma atəşkəs rejimi az qala hər gün pozulduğu üçün münaqişələrin yox, onların həlli variantlarının dondurulduğunu qeyd edənlər vardı.

Ermənistan və Azərbaycan arasındakı atəşkəs rejimi sülhməramlı qüvvələrin müdaxiləsiylə təmin edilən digər nizamlama hallarından (məsələn, Gürcüstanda olduğu kimi) fərqlənirdi.

Bu faktdan çıxış edib demək olardı ki, mövcud status-kvonun saxlanmasında həm münaqişə tərəflərinin, həm də regionda və ondan kənarda nüfuz sahibi olan ölkələrin maraqları kifayət qədər güclü və ardıcıldır.

Qarabağ münaqişəsindəki atəşkəs mərhələsi təkcə müharibəni durdurmağa yox, problemin həllini sivil-diplomatik danışıqlar müstəvisinə yönəltməyə imkan verdi.

Eyni zamanda bu, ATƏT-in 1994-cü ildə yaradılmış Minsk qrupundakı regional və beynəlxalq aktorlar vasitəsilə əməkdaşlıq mexanizmini də işə saldı.

Bu format çərçivəsində həm münaqişə iştirakçılarının, həm də vasitəçi dövlətlərin maraqlarını açıq şəkildə razılaşdırmaq imkanı yarandı.

Dağlıq Qarabağ müharibəsi bitəndən 25 il sonra da burda minalar aşkar edilir

Bu sonuncusu kifayət qədər vacib məqamıydı, çünki Rusiya həmin ərəfədə faktiki olaraq münaqişənin iştirakçısıydı: əvvəlcə tərəflər öz ərazilərindəki sovet hərbi bazalarından istifadə edirdilər, sonra müstəqil Azərbaycan öz ərazisindəki bazaların ləğvinə nail oldu, Ermənistansa Rusiyanın aktiv hərbi yardımından yararlanmaqda davam etdi.

Atəşkəsdən sonra yaranmış sabitlik həm Azərbaycana, həm də Ermənistana Avropa təşkilatlarına və NATO-ya inteqrasiya prosesini başlatmaq imkanı verdi.

Yaranmış sabitlik həmçinin regionda beynəlxalq əhəmiyyətli böyük enerji və infrastruktur layihələrini reallaşdırmağı da mümkün etdi.

Bu, ilk növbədə neft və qaz ehtiyatları olan Azərbaycana, ardınca da enerji resurslarının Qərbə nəqli prosesində iştirak edən Türkiyə və Gürcüstana aid idi.

Qərb ölkələri bu yolla öz enerji təhlükəsizliklərini təmin etməyə, yeni enerji mənbələri və marşrutlarının diversifikasiyası yoluyla Rusiyadan asılılığı azaltmağa çalışırdı.

Azərbaycandakı neft-qaz yataqlarının işlənməsi sayəsində Gürcüstan və Türkiyə iqtisadiyyatına investisiyalar qoyuldu, Azərbaycanda görünməmiş iqtisadi yüksəliş baş verdi: 2006-cı ildə ÜDM 36% artdı.

İqtisadi kooperasiya tərəflər arasında təhlükəsizliklə bağlı əməkdaşlığı möhkəmlətdi, nəticə etibarilə bu, postsovet dövründə Cənubi Qafqazın müstəqilliyə bağlı konsolidasiyanın artmasına gətirib çıxardı.

Atəşkəs tərəflərə nələri qazandırmadı

Ən başlıcası: 25 il ərzində uzunmüddətli siyasi razılaşma əldə etmək mümkün olmadı.

Bu, qismən ona görə alınmadı ki, status-kvo bir çox ölkənin maraqlarını təmin edirdi.

Əksər ekspertlərin qeyd etdiyi kimi, Rusiya bu iki ölkə və bütün region üzərindəki nəzarətini itirməkdən qorxduğu üçün münaqişənin həllində maraqlı deyildi, digər həmsədr ölkələr üçünsə staus-kvonun saxlanmasından çox onun dəyişməsi riski böyük idi.

Avropa bazarlarını Xəzər nefti və qazıyla təmin etməyə hesablanmış vacib enerji və nəql layihələrinin reallaşdırılması üçün sabitliyin əldə olunmuş səviyyəsi kifayət edirdi.

Bundan başqa, dondurulmuş konflikt Azərbaycanın NATO ilə əməkdaşlığına mane olmurdu.

Azərbaycan hərbçiləri NATO-nun Əfqanıstan və Kosovo kimi "qaynar nöqtələrdəki" əməliyyatlarında iştirak edirdilər.

Ona görə də tərəflərin heç birinə onları güzəştə məcbur edəcək səviyyədə təzyiq göstərilmirdi.

Amma bu həll edilməmiş münaqişə Cənubi Qafqaz ölkələrinin müstəqillik və Avropaya inteqrasiya məsələlərində konsolidasiyasına maneə yaradan əsas faktor olaraq qalmaqdadır.

Halbuki, 2006-cı ildə "Avropa qonşuluq siyasəti" proqramının fəaliyyət planına imza atanda onlar bu haqda çox inamlı danışırdılar.

Dağlıq Qarabağda vəziyyət bu gün də son dərəcə gərgin olaraq qalmaqdadır

Məsələnin bir başqa tərəfi ondan ibarətdir ki, Ermənistan hələ də enerji və inftrastruktur üzrə əsas regional layihələrdən kənardadır, qonşuluğundakı iki varlı dövlətlə - Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlığın verə biləcəyi faydalardan məhrumdur.

Azərbaycansa ermənilər tərəfindən işğal olunmuş ərazilərinin resurslarından istifadə etməkdən məhrum olunub; təxminən bir milyona qədər qaçqın və məcburi köçkünün inteqrasiyası və sosial təminatıyla məşğul olmaq məcburiyyətindədir. Hakimiyyət aramsız ictimai basqı altındadır, qaçqınlar doğma torpaqlarına qaytarılmaq vədinin yerinə yetirlməsini tələb edirlər.

Dağlıq Qarabağ problemi Ermənistanda istənilən siyasi liderin taleyini müəyyənləşdirməkdə davam edir.

Bu ölkə atəşkəsdən "faktiki vəziyyət" ("facts on the ground") yaratmaq üçün istifadə edib: işğal olunmuş bəzi Azərbaycan əraziləri məskunlaşdırılıb, yollar çəkilib, Dağlıq Qarabağ iqtisadiyyatını Ermənistana inteqrasiya edən infrastruktur layihələri reallaşdırılıb.

Kimin haqqı daha legitimdir?

Ən vacib məqamsa budur ki, həll olunmamış konflikt bu iki ölkəyə güclü dövlət institutları formalaşdırmağa; korrupsiyayla mübarizə apara biləcək, kölgə iqtisadiyyatının həcmini azaldacaq, əhalinin yaşayış səviyyəsini yüksəldəcək demokratik idarəçilik sistemi qurmağa mane olur.

Və nəhayət, Qarabağ münaqişəsinin beynəlxalq həlli mexanizmi (ATƏT-n Minsk qrupu) də problemlərdən xali deyil. Bu mexanizm tərəflərə normativ olaraq qeyri-müəyyən olan formatda - ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə hüququ formatında kompromis tapmağı təklif edən normativ qeyri-müəyyənliklərdən ibarətdir.

Digər tərəfdən, beynəlxalq təşkilatların Helsinki Yekun Aktıyla müəyyənləşmiş prinsiplərə əsasən verdiyi qərarlar, o cümlədən, Ermənistan hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə BMT-nin 5 qətnaməsi yerinə yetirilməyib.

BMT-nin qərarları Ermənistan ordusunun ərazidən heç bir şərt irəli sürmədən çıxarılmasını tələb etməklə münaqişənin hərbi yolla həllini qeyri-legitim saydığı halda, Minsk formatındakı danışıqlarda bu məsələni qarşı tərəfin siyasi kompromislərindən asılı vəziyyətə salır və beləliklə də razılaşmanın əldə edilməsində hərbi faktoru legitimləşdirmiş olur.

SSRİ ərazisindəki digər etnik konfliktlər kimi, Dağlıq Qarabaq münaqişəsi də "dondurulmuş" hesab olunur

Bu, qüvvələr arasındakı müəyyən balansdan və beynəlxalq norma və prinsipləri reallaşdırma prinsiplərinin yoxluğundan xəbər verir.

Azərbaycan ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipindən çıxış edir, Ermənistansa millətin öz müqəddəratını təyin etmə hüququna və atəşkəs imzalan andakı hərbi üstünlüyünə əsaslanır; Rusiyayla təhlükəsizlik və hərbi əməkdaşlıq müqaviləsinə, o cümlədədn, Qərb ölkələrindəki erməni diasporalarının ənənəvi siyasi dəstəyinə "söykənir".

Danışıqlar prosesini xarakterizə edən normativ qeyri-müəyyənlik, qüvvələr arasındakı balans, ordunun çıxarılmasının siyasi kompromislərdən asılılığı və bununla da hərbi faktorun müzakirə instrumenti olaraq tərəflər üçün legitimləşdirilməsi atəşkəsin ciddi səviyyədə pozulması hallarına səbəb olub.

2016-cı ilin aprelində cəbhə xəttində toqquşma baş verib. Müşahidəçilər bu toqquşmanı bütün atəşkəs dövrünün ən ciddi insidenti adlandırıblar.

4 gün davam edən gərgin döyüşlər sonrası Azərbaycan işğal olunmuş torpağının 2 min hektarını geri aldığını açıqlayıb, Ermənistan tərəfi isə itkisinin 800 hektar olduğunu və həmin ərazinin xüsusi strateji əhəmiyyət daşımadığını bildirib.

Müstəqil müşahidəçilərin hesablamalarına görə, hər iki tərəfin itkisi təxminən 350 nəfər olub.

Balansın pozulmasında 2016-cı il döyüşlərinin rolu

2016-cı ildəki hərbi əməliyyatlar göstərdi ki, Qarabağ münaqişəsinin həll edilməməsi region üçün ciddi qeyri-sabitlik faktorudur.

Bu hadisə sübut etdi ki, konfliktin dondurulmuş vəziyyətdə olması vəziyyətlə bağlı yanlış təsəvvürlər yaradır - danışıqlar prosesinin bu məqamı Azərbaycana müəyyən nəticələr çıxarmaq imkanı verir və buna görə də o, neft gəlirlərindən Ermənistanın "hərbi kartını" neytrallaşdırmaq üçün istifadə etdi.

Rəsmi Bakı döyüş meydanında qüvvələr balansını dəyişmək üçün öz hərbi potensialını artırmağa yönəlik addımlar ataraq silah idxalı mənbələrini (Rusiya, İsrail, Pakistan və digər ölkələr) diversifikasiya edib.

Minsk sülh prosesindəki normativ qeyri-müəyyənlik, hərbi faktorun siyasi kompromislərdən asılı vəziyyətə salınması tərəflərə imkan verib ki, danışıqlardakı normaların sərhədlərini özləri müəyyən etsinlər.

Azərbaycanın hərbi güc nümayiş etdirməsi Ermənistana gözlənilməz mənfəətlər qazandırdı. Həmin hadisə korrupsioner hakimiyyətin və onun daxilindəki klanlar şəbəkəsinin Ermənistan ordusunun döyüş qabiliyyətinə ziyan vurduğunu çox aydın göstərdi.

Bundan başqa, 2016-cı ilin aprel döyüşləri tarixi partnyor olaraq Rusiyanın etibarsızlığını da ortaya çıxardı: gözləntilərin əksinə olaraq rəsmi Moskva Ermənistan tərəfdən hərbi əməliyyatlara qoşulmadı.

Dörd günlük müharibə həm də Ermənistan əhalisinin bir qrup siyasətçiyə - lideri əvvəlcə Robert Koçaryan, sonra Serj Sarqsyan olan "Qarabağ klanı"na qarşı narazılığını "partladan" impuls rolunu oynadı.

Nəticə etibarilə bu hadisə keçmiş jurnalist və deputat Nikol Paşinyanın hakimiyyətə gəlməsinə şərait yaratdı.

Maraqlıdır ki, Ermənistanda 2018-ci ilin aprelindəki hakimiyyət böhranı zamanı Qarabağda atəşkəs rejimi pozulmadı.

Qarabağ münaqişəsi regionun gələcəyinə hələ çoxmu təsir edəcək?

Qarabağ münaqişəsinin dondurulmasının ən ciddi nəticəsi siyasi proseslərin və demək ki, həm də siyasi liderlərin milli məsələdən asılı vəziyyətdə qalması, bu konfliktin bir nömrəli milli məsələyə çevrilməsidir.

Belə vəziyyət nəinki yeni müharibə ehtimalını artırır, eyni zamanda ən təmkinli liderləri də mütəmadi olaraq populizm "tələsinə" salır.

Millətçilik yaxın perspektivdə əhalinin səfərbərliyi üçün stimul vasitəsi olsa da, uzaq perspektivdə o, cəmiyyəti real problemlərdən yayındırır, inkişafı yubadır; uydurma təhlükələrlə manipulyasiya edərək "mühasirə təfəkkürü" yaradır.

Təsadüfi deyil ki, bütün bu müddət ərzində həm Ermənistan, həm də Azərbaycan təkcə aşağı həyat səviyyəsinə görə yox, eyni zamanda azadlıqların və insan haqlarının səviyyəsinə görə də beynəlxalq reytinqin ən aşağı pillələrində yer alıblar.

Konfliktin həll edilməməsi və adətən, qurama olan təhlükələrin mövcudluğu Ermənistanı düşmənlərdən qorumaq üçün onun müdafiəçisi rolunda Rusiyanın regionda olmasına daimi ehtiyac yaradır.

"Məxməri inqilab" Ermənistana bu ölkənin siyasi təsirindən xilas olmaq və real islahatlara başlamaq fürsəti qazandırsa da, təhlükəsizlik problemlərinə ənənəvi yanaşma hər şeyi olduğu kimi saxlaya bilər.

Optimizm üçün əsas varmı?

Ermənistan və Azərbaycan arasında əhalini sülhə hazırlamaq barədə razılıq əldə edildiyi açıqlandığına görə, Paşinyanın hakimiyyətə gəlişi həm vasitəçilərdə, həm də bu iki ölkədə optimiz yaratdı.

Görünür, bu optimizm konflikt nəticəsində yaranmış maraqların təmsilçilərinin Ermənistan hakimiyyətindən uzaqlaşdırılmasıyla əlaqəliydi.

Eyni zamanda, regionun ancaq mehriban qonşuluq şəraitində və Bakıyla Yerevan arasında iqtisadi əməkdaşlıq halında mümkün olan işıqlı gələcəyilə bağlı tərəflərin baxışlarındakı ortaq nöqtələr də optimizm yarada bilərdi.

Amma sonrakı görüşlər bu optimizi azaltdı, çünki tərəflər konfliktdən çıxış yolu axtarmaq üçün birgə əməkdaşlıq əvəzinə, yenidən "qalib-məğlub" ritorikalı diplomatik savaşa cəlb olundular.

Məsələn, Paşinyanın danışıqlara Dağlıq Qarabağın da tərəf kimi cəlb edilməsi tələbi qaçılmaz şəkildə İlham Əliyevin Dağlıq Qarabağ azərbaycanlıları icmasının da tərəf olması şərtilə toqquşur.

Qarabağ münaqişəsində onminlərlə insan həlak olub

Uzun müddət danışıqlar prosesinin əsas uğuru kimi qiymətləndirilən Madrid prinsipləri çoxmənalıdır və bu, tərəflərə imkan verir ki, onları tam əks yöndən interpretasiya etsinlər. Beləliklə də bu prinsiplərin qəbul edilməsi və təbii ki, həm də reallaşdırılması mümkünsüz hala gəlir.

Nə dəyişməlidir? Öz müstəqilliyini regional və beynəlxalq münasibətlərin subyekti olaraq dərk edərək təhlükəsizlik məsələlərinə ortaq yanaşma formalaşdırmaq, mehriban qonşuluq münasibətləri üçün şəxsi təşəbbüslərin və məsuliyyətin vacibliyini qəbul etmək.

Bu halda konfliktin həlli hətta sülh prosesi çərçivəsindən kənarda, Azərbaycan və Ermənistan arasındakı ikitərəfli danışıqlar əsasında da həll edilə bilər.

Hər iki tərəf bunu üçün bütün imkanlara sahibdir - ənənəvi və tarixi (real və uydurma) təhlükələri aradan qaldıraraq gələcək birgə rifahın əsaslarını qurmaqla, mehriban qonşuluq prinsiplərinə əməl etməklə, bu prinsiplərə əsaslanan əməkdaşlığın üstünlüyünü əhaliyə göstərməklə.

Cəmiyyətin sülhə hazırlanması ictimai şüurun müasirləşməsi və liberallaşması üçün şərait yaratmaq, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların hüquqlarına hörmət qoymaq deməkdir.

Həm də elə bir perspektiv yaratmaq ki, orda fiziki sərhədlərin əhəmiyyəti xeyli azalmış olsun.

Leyla Əliyeva,
Оxford