Arvadını namus üstündə öldürən məhkəmədə: “Ərəblərlə videoları vardı… “

Baxış sayı:
5739

Arvadını qətlə yetirməkdə təqsirləndirilən Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 
Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 
İttihama görə,  R. Dadaşov arvadı A. Dadaşovanı yüngül həyat tərzi keçirdiyi üçün, başqa şəxslərlə görüşdüyü üçün dəmir parçası ilə qətlə yetirib. 
Həmçinin ittihamda göstərilir ki, R. Dadaşov arvadını azyaşlı uşaqlarının gözü qarşısında işgəncə verərək xüsusi amansızlıqla öldürüb. 
R.Dadaşov ittiham üzrə özünü qismən təqsirli bilib, lakin əməlindən peşman olmadığı bildirib. 
Məhkəmədə sərbəst ifadə verən şəxs deyib ki, arvadını xüsusi amansızlıqla qətlə yetirməyib: "İttihamlarda yazılanlar yalandır. Hadisə uşaqların gözü qabağında baş verməyib. Aidəni gedib bağçadan götürüb evdə öldürmüşəm. Uşaqların heç nədən xəbəri olmayıb. Mən danmıram, arvadımı öldürmüşəm.  Kişiyəm, namusumu təmizləmişəm. Polisə də özüm məlumat vermişəm. Polis gəlib məni tutanda uşaqları da qardaşım Amilə verdim ki, o saxlasın. 
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi - mərhumun atası ifadə verib. 
O bildirib ki, hadisə haqqında TV-də gedən süjetdən xəbər tutub: "Qonşular hansısa kanalda baxmışdı. Mənə dedilər, hazırlıq elədim. Yoldaşım xəstəydi,  ona demədim. Sonradan xəbər tutdu. Bu adamın dediklərinin hamısı yalandır. Mən bu barədə danışmaq istəmirəm. İstintaqda nə demişəmsə, o düzdür".
Hüquqi varis qeyd edib ki, R. Dadaşov ömrü boyu işləməyib: "Onun evinə mən baxmışam. Bir əlim onların üstündə olub. Bizi həmişə təhdid edirdi ki, sizi öldürəcəm".
Prosesdə şahid qismində təqsirləndirilən şəxsin qardaşı Amil Dadaşov ifadə verib. 
O bildirib ki, hadisə haqqında qardaşı ona məlumat verib:  "Qardaşımın da, mənim də telefonumda qızın ərəblərlə olan əxlaqsız şəkilləri videoları var.  Barlarda, diskotekalarda videoları var.  Qardaşım haqq edib onu öldürüb.  Onların nəslinin hamısı xarabdır.  Ataları da biqeyrətdir.  Zalda bir az da qalsa, mən də onu öldürəcəm".
Hakim təqsirləndirilən şəxsin qardaşını zaldan çölə çıxarıb. 
Şahid qismində dindirilən şəxslər Təranə Kazımova bildirib ki, Aidə ilə iş yoldaşı olub: "Gecələr gecə klubunda birlikdə işləmişik. Mənə o vaxt demişdi ki,  həyat yoldaşından boşanma üçün ərizə verib. Mən də demişdim ki, boşanmamısansa, sonra problem yaşayarsan. İşimiz gecədən səhərə qədər idi".
Məhkəmədə təqsirləndirilən şəxsin övladları Aysel Dadaşova və Asim Dadaşovun da ifadələri elan olunub. 
Prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Məhkəmə prosesi avqustun 9-da davam edəcək. 
Qeyd edək ki, qətl bu il yanvarın 11-də Nəsimi rayonunda baş verib. Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşov yaşadığı evdə həyat yoldaşı, 31 yaşlı Aidə Dadaşovanın başına küt alətlə vuraraq onu qətlə yetirib. R.Dadaşov tutulub.
Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
R.Dadaşov əvvəllər oğurluğa görə məhkum olunub.