Ana dilini necə qorumalı - cərimə təklifi...

Baxış sayı:
4213

Möhsün Nağısoylu: “Hansısa qurumun materialında dil pozuntuları, ədəbi dilin normalarının gözlənilməməsi halı olarsa, qurum cərimələnə bilər”

Azərbaycanda vaxtaşırı olaraq ana dilimizi qorumaq məsələsi gündəmə gətirilir. Müxtəlif ziyalılar bildirirlər ki, xalqın var olması üçün ilk növbədə onun ana dilini yaşatması lazımdır.

Eləcə də ölkədə bəzi  məmurların ana dilimizdə normal danışa bilməmələri də tənqid edilir. Teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məsələyə toxundu. Ə.Həsənov bildirdi ki, hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür:

“Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir. Hər bir məmur xarici dili bilmirsə, əlbəttə, bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnalistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.

Bu gün cəmiyyətimizdə sadə vətəndaşlar, müxtəlif qurumlar, xidmət sektorunda da rus dilində danışanların sayında artım müşahidə olunur.  Bu baxımdan bəzi ekspertlər düşünürlər ki, dilimizi qorumaq üçün ilk növbədə sadə vətəndaşlardan başlamaq lazımdır.

“Yeni Müsavat”a danışan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Dövlət Dil Komissiyasının üzvü Möhsün Nağısoylu bildirib ki, ana dilimizi qorumaq məqsədilə Monitorinq mərkəzi yaradılacaq:

“Ölkə prezidentinin 1 noyabr 2018-ci il tarixli ”Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı"nı hazırlamaq üçün sərəncamı var(İşçi qrupunun sədri Möhsün Nağısoyludur - Ə.R.). Bu sərəncama əsasən Monitorinq mərkəzi yaradılacaq. Mərkəzin geniş səlahiyyətləri, işçiləri, ayrıca yeri olacaq. Bu baxımdan düşünürəm ki, məsələ tənzimlənəcək. Doğrudur, dil xalqın varlığıdır və dilin qoruyucusu bu baxımdan xalqın özüdür. Gərək, hər kəs dilin saflığını qorumağa çalışsın və bu dildə danışmağı ilə fəxr etsin. Lakin belə görünür ki, bu sahədə boşluqlar var. Ona görə də məsələ ölkə prezidenti səviyyəsində narahatlıq doğurub. Bu narahatlığın nəticəsi olaraq belə bir fərman verilib. Onu da deyim ki, Nəsimi adına Dilçilik İnstitutunda da ayrıca monitorinq şöbəsi var. O şöbə də bu istiqamətdə maarifləndirici işlər görür. Yəni ayrı-ayrı qurumlarla müqavilələr bağlayıb, dəyirmi masalar keçirir. Lakin bizim təsir mexanizmimiz yoxdur. Hesab edirəm ki, yaradılacaq olan Monitorinq mərkəzinə geniş səlahiyyət veriləcək. Hətta cərimələrin də tətbiq olunacağını düşünürəm. Bu, öz müsbət təsirini göstərəcək".

M.Nağısoylu bildirib ki, söhbət qurumların cərimələnməsindən gedir:

“Danışan şəxsin cərimələnməsindən söhbət getmir. Söhbət hər hansı bir qurumdan gedir. Tutaq ki, reklam agentliyinin hər hansı bir reklam çarxında dil pozuntuları, ədəbi dilin normalarının gözlənilməməsi halı olarsa, həmin quruma cərimə tətbiq oluna bilər. Eyni zamanda təklif etmişik ki, dövlət qulluğuna işə qəbul zamanı da namizədlərin ana dilini bilmək səviyyələri yoxlanılsın. Bu da məmurlar səviyyəsində dilimizin qorunmasına nəzarət etmək üçündür. Eləcə də radioda, televiziyada redaktorların, korrektorların mütəmadi olaraq yoxlanılması keçirilməlidir. Bütün bunlar bizim tədbirlər planımızda yer alıb. Bu planı Nazirlər Kabinetinə göndərmişik. Nazirlər Kabineti də təklifləri Monitorinq mərkəzinə verəcək. Düşünürəm ki, bütün bunlar özünün müsbət nəticəsini verəcək”.

Nağısoylu söyləyib ki, Azərbaycanda rus dilli məktəblərin ləğvi ilə bağlı qadağalar qoymaq, məqsədəuyğun deyil:

“Biz demokratik bir ölkədə yaşayırıq. Hesab edirəm ki, bu cür qadağalar qoymaq düzgün deyil. Sivil ölkəyik, ancaq burada milli şüur da lazımdır. Yəni tutaq ki, valideyn əgər rus dilində bilmirsə, uşağının rus məktəbinə qoyulması, onun şikəst edilməsi deməkdir. Yəni hər kəs gərək dili ilə fəxr edə. Bəzi insanlarda belə bir fikir var ki, rus dilinin səviyyəsi yüksəkdir. Onlar bu məsələdə aldanırlar. Sovet zamanında belə idi. Çünki rus dilini bilməyənləri işə götürmürdülər. İndi isə əksinədir. Bu gün dövlət qulluğuna ana dilini bilməyənləri işə götürmürlər. Başqa dilləri də bilmək lazımdır. Lakin hədd məsələsi var. Hesab edirəm ki, ibtidai siniflərdə təhsil ilk növbədə ana dilində olmalıdır. Başqa dillər də tədris olunsun. Lakin birinci növbədə öz dilimizə üstünlük verilməlidir”.

Ä°lgili resim

Mövzu ilə əlaqədar  “Yeni Müsavat”a danışan keçmiş təhsil naziri Firudin Cəlilov  ana dilinin qorunmasının strateji məsələ olduğunu söyləyib. O bildirib ki, televiziyalar ziyalıları, dilçi mütəxəssisləri vaxtaşırı efirə çıxarmalıdırlar, ciddi məsələlər gündəmə gətirilməli və müzakirə aparılmalı, təbliğ olunmalıdır:

“Bir-iki veriliş var dillə və tarixlə bağlı, o verilişlərə də adamları siyahı əsasında çağırırlar. Mən bilən mən çağırılmasına yasaq qoyulanlar siyahısındayam. Məndən xoşları gəlməyə bilər, amma axı mənim dediklərim və ya deyəcəklərim məhz ana dilimizlə, dövlətin, xalqın ən vacib məsələsi ilə bağlıdır.

Rus dilini bir xarici dil kimi öyrənmək lazımdır. Necə ki, ingilis dilini məktəblərdə bir fənn kimi tədris edirlər, elə də rus dilini tədris etmək lazımdır. Ancaq rus dilində məktəblər açmağa nə ehtiyac var? Bu, ana dilimizə zərbə vurur".