Alpinistləri ölümə aparan səbəb...

Baxış sayı:
322

Ötən il dekabrın 23-də Şahdağın zirvəsində itkin düşən 3 alpinistimiz - Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadənin axtarışları hələ də nəticə verməyib. Xatırladaq ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri olan idmançıların axtarışı xaricdən dəvət olunan mütəxəssislərin də iştirakı ilə Qusar, Qəbələ istiqamətlərində də davam etdirilir. Axtarışlarda könüllülərin də iştirak etdiyi haqda məlumatlar var. Hansı ki, bunların bəzilərinin alpinistlərin dostları, "Gilavar" klubunun üzvləri olduğu deyilir... Əlbəttə, bu axtarışların nəticə verməməsi alpinistlərin ailə üzvləri, yaxınları kimi, hər bir Azərbaycan vətəndaşını da üzür. Onların itkin düşməsindən 20 gündən artıq vaxt keçsə də, hələ də doğmaları bir möcüzə baş verəcəyinə, alpinistlərin sağ-salamat tapılacağına olan inamlarını itirməyiblər. Şübhəsiz, belə bir möcüzə yaşanması təkcə yaxınlarının deyil, hər bir vətəndaşımızın arzusudur. Amma alpinistlərdən birinin 7 min metr yüksəkliyi fəth etdiyi haqda informasiyanın olduğunu və həmin yüksəklikdə hazırda mövcud olan hava şərtlərini nəzərə alsaq, bu haqda heç də nikbin düşünmək olmur. Bütün bunlara rəğmən, biz yenə də inanırıq ki, bir möcüzə baş verəcək və hər üç gənc alpinistimiz sağ-salamat tapılacaqlar... Bütün bunlar öz yerində. Lakin son günlər sosial şəbəkələrdə alpinistlərin axtarışının nəticə verməməsindən doğan narazılığın günbəgün artması da diqqətimizi cəlb etməyə bilməzdi. Hansı ki, əksər vətəndaşlarımız axtarışların vaxtında və peşəkar səviyyədə həyata keçirilmədiyini bildirərək, rəsmi qurumları ittiham etməkdədirlər. Sözsüz ki, bu fikirdə olanlar haqsız da deyillər. Ən azı ona görə ki, alpinistlərin itkin düşdüyü haqda xəbərlər verilən ilk günlərdə heç bir rəsmi qurum bu informasiyanı ciddiyə almadı. Üstəlik, ilk günlərdə cəmi bir neçə nəfərin iştirakı ilə axtarışların aparılması, yəni həmin gənclərin həyatlarına biganə yanaşılması çox böyük yanlış idi. Halbuki, alpinistlərin itkin düşdüyü haqda informasiya ilk gündən ciddiyə alınmalı, dərhal müstəxəssislər cəlb edilib, onların axtarışına başlanmalı idi. Çünki hər hansı bədbəxt hadisə baş vermiş olsaydı, onların cəmi 2-3 gün sağ qalma ehtimalı olduğunu "Gilavar" - hava və ekstrim idman klubunun rəhbərliyi, eləcə də Fözvqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri bilməmiş deyildi. Ancaq bizim rəsmi qurumlar hər 3 alpinistin axtarışına o zaman ciddi yanaşdı ki, sosial səbəkələrdə onların hansı məqsədlə yüksəklik fəth etmək niyyətləri haqda açıqlama yayıldı. Alpinistlərin təhlükəli hava şəraitində həmin yüksəkliyi fəth etməkdə məqsədlərinin ölkə başçısının 24 dekabr tarixli ad gününə hədiyyə olması ilə bağlı informasiya cəmiyyətdə haqlı olaraq çox ciddi etiraz yaradır. Lakin, rəsmi qurumlar bunu təkzib edir, alpinistlərin könüllü olaraq həmin zirvəyə qalxdıqlarını bildirirlər və özlərinin bu günkü fəaliyyətsizliyinə haqq qazandırmaq istəyirlər. Tutaq ki, alpinistlərimiz könüllü şəkildə ölkə başçısının ad gününə hədiyyə olaraq zirvəni fəth etmək istəyiblər. Əgər onlar həmin zirvəni fəth edə bilsəydilər, ölkənin bütün televiziyaları bu hadisəni eninə-uzununa işıqlandırıb insanların gözünü mazol edəcəkdilər və bu hadisədən siyasi divident əldə etməyə çalışacaqdılar. Amma bu gün onlar könüllü olaraq zirvəni fəth etməyə getdikləri, lakin uçquna düşdüklərinə görə (lakin buna da inanmaq olmur) onların taleyinə qeyri-ciddi yanaşma ortadadır. Axı hər bir vətəndaşın taleyi təkcə onun yaxınlarını və əzizlərini deyil, dövlətini də ciddi narahat etməlidir. Təbii ki, hazırda dövlət qurumlarının itkin düşən alpinistlərin axtarışını sadəcə ictimai qınaqdan xilas olmaq üçün həyata keçirdiyi kimsəyə sirr deyil. Elə xaricdən mütəxəssislərin dəvət olunmasının da məhz FHN-nin öz imicini qorumaq məqsədinə xidmət etdiyi şübhəsizdir. Amma bu gün hər bir sıravi vətəndaşı düşündürən odur ki, FHN-in milyonlar xərclənərək alınan texnikası burada da işə yaramırsa, o halda nəyə gərəkdir? Hanı böyük vəsait hesabına alınan helikopterlər, qar maşınları? Hər il ixtisaslı mütəxəssislərin yetişdirilməsinə ayrılan böyük həcmdə vəsaitlər boşuna xərclənib? Nə üçün bu günə qədər itkin düşən alpinistlərlə bağlı bircə ipucu belə ortada yoxdur? Axı, bu axtarışlar Himalay dağlarında, “Everest” zirvəsində aparılrmır ki, 10 gündən çox vaxt ərzində hər hansı bir izə rast gəlinməsin! Üstəlik, alpinistlərin getdikləri koordinatlar da bəllidir. Belə bir vəziyyətdə rəsmi qurumların ictimai qınaqla üz-üzə qalmasına necə haqq qazandırmamaq olar?! Nuridə Quliyeva