​“Allah adamı kimi görünür, amma...” – Deputatdan Hacı Şahinə cavab

Baxış sayı:
4252

Saxta namaz qılıb dələduzluqla məşğul olan, yaxud ədalət duyğusunu itirmiş insandan daha faydalısı, içki içib kiməsə zərər vurmayan insandır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Saxta namaz qılanların insanları daha çox aldatdığını deyən deputatın sözlərinə görə, burada əsas məsələ ədalət prinsiplərinə əməl etməkdir:
“İçkini içəni bilirsən ki, bu adam içir, həyat tərzi budur. Buna görə də onu görə, tanıya bilirsən. Belə məsələlərdə əsas hədəf saxtakarlıqdır. Namaz qılanların, kərbalayıların, hacıların içində də belə saxtakarların sayı az deyil. Hesab edirəm ki, həmin fikirlər bu kontekstdə səsləndirilib.
İslamın əsas hədəfi ədalətli insan yetişdirməkdir, insanın ədalət prinsiplərinə sayğılı davranmasını təmin etməkdir. Yoxsa ki, kiminsə saqqal uzatması, yaxud gecə-gündüz namaz qılması şərt deyil. Bunlar hamısı formalardır, rituallardır. Qənaətimə görə, məsələ həm də bu kontekstdə dəyərləndirilib. Görünür, müəyyən məsələlərin daha ibrətamiz anlaşılması üçün müqayisə bu formada aparılıb”.
İçki içməyin şeytan əməli olduğunu vurğulayan Fazil Mustafa bildirib ki, siqaret çəkmək də Allahın verdiyi bədənə qəsd etməkdir:
“Allah insana dopinq verməyib. Ən böyük dopinq səbirdir, insan özünü, öz daxilini ağılla, əxlaqla tənzimləməsidir. Buna qalmış olsa, hamı həb udub məst ola bilər, nəşə çəkib “qəhrəman”a çevrilər. Allah qatında dopinqlə nəyəsə nail olmaq kimi bir tələb yoxdur. Əsas tələb insanın özünü ağılla tənzimləməsidir.
Əlbəttə, içki içmək pis əməl sayılır. İçkinin də, siqaretin də, narkomaniyanın da təbliği anormallıqdır. Əsas hədəfin ədalət olduğunu nəzərə alsaq, saxta namaz qılandansa, başqasına pislik etməyən içki içən adam daha az zərərlidir. Çünki o, kənardan Allah adamı kimi görünür, amma bu prinsiplərə zidd fəaliyyətlər göstərir. Buna görə də, belə adamların zərərləri daha çoxdur”.
Qeyd edək ki, ilahiyyatçı Şahin Həsənlinin cümə xütbəsində söylədiyi fikirlər birmənalı qarşılanmayıb. O, xütbəsində yalançı dindarlardan söz açıb və hər spirtli içənin pis adam olmadığını dilə gətirib:
“Bundan əvvəl demişdim ki, namaz qılıb özündən razı olmaqdansa, araq içib özündən narazı olsan yaxşıdır. Araq içmək günahdır, şeytan əməlidir. Bir amması var ki, hər namaz qılan, hər araq içəndən üstün deyil”.