Akademikdən deputata SƏRT CAVAB: "Qanı təmiz olmayan insanlar tarixi şəxsiyyətlərimizə ləkə atır"

Baxış sayı:
8575

Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, akademik, xalq şairi Nəriman Həsənzadə Milli Məclisin deputatı Araz Əlizadənin Azərbaycanın Dövlət Himninin sözləri barədə səsləndirdiyi fikirlərə cavab verib.
Nəriman Həsənzadə "Ölkə.Az"a açıqlamasında deyib ki, bəzi şəxslər Azərbaycanın tarixi şəxsiyyətlərini təftiş edərək təxribata əl atırlar:
"Tarixi şəxsiyyətlərimizi təftiş edirlər. Adını da qoyurlar söz azadlığı və demokratiya. Burada heç bir söz azadlığı və ya demokratiya yoxdur. Hamısı təxribatdır. Bu millətə qarşı bu cür təxribatlar edirlər". 
Xalq şairi bildirib ki, bu cür hərəkətləri başqa millətlər etmirlər:
"Bu insanlara mat qalmışam. Çünki bütün tarixi şəxsiyyətlərimizin hamısını ləkələməyə çalışırlar. Bunu heç bir başqa millətin nümayəndəsi etmir. Bu günlərdə 19 yaşlı qız da Mübariz İbrahimov haqqında nalayiq ifadələr səsləndirmişdi. İnanın ki, onun dediyini nə erməni, nə də gürcü qızı danışmaz. Elə bil ki, bizim insanların qanı təmiz deyil. Ona görə də deputatından tutmuş sıravi insanına qədər tarixi şəxsiyyətlərimiz haqqında aşağılayıcı fikirlər səsləndirir. Onlara görə, Babək, Şah İsmayıl Xətai də "düşməndir". Puşkin öləndə də onun nə qədər borcu var idi, qumarbaz idi. Görün ruslar bunu deyirlərmi!".