​Ağdaşın daha bir kəndinə təbii qaz verilib

Baxış sayı:
5953

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağdaş rayonunun Aşağı Nemətabad kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
Open.az “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, tədbirdə bildirilib ki, ümumilikdə 144 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 min 721 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda Ağdaş rayonunun Orta Ləki kəndinin qaz təsərrüfatının yenidən qurulması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin yaşayış məntəqəsi də təbii qazla təmin ediləcək.