​ADPU RƏHBƏRLİYİNDƏN DAHA BİR ŞİKAYƏT – Xanım Mehdiyeva: “İşdə qalmağım üçün məndən rüşvət istədilər…”

Baxış sayı:
15833

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovun bu vəzifəyə təyin edildikdən sonra çox sayda təcrübəli kadrı işdən çıxarması və onları özünün təcrübəsiz qohumları, ya da hansısa məmurların yaxını olan qeyri-peşəkar kadrlarla əvəzləməsi barədə şikayətləri saytımızda dərc etmişdik. Qeyd etmişdik ki, belə iddia irəli sürənlərdən biri də ADPU-nun keçmiş əməkdaşı Arzu Əliyevadır. Hansı ki, oxucularımız artıq Arzu xanımın müsahibəsi ilə tanışdır. ADPU-dan qanunsuz olaraq işdən çıxarıldığını iddia edən daha bir əməkdaş, 18 ilə yaxın sözügedən universitetdə çalışmış Mehdiyeva Xanım Nəriman qızı da redaksiyamıza müraciət edərək, şikayətini dilə gətirib. Xanım Mehdiyeva deyir ki, ADPU-da 18 ilə yaxın kitabxanaçı və paralel olaraq operator vəzifəsində çalışıb: “Cəfər Cəfərov universitetə rektor təyin oluandan sonra kütləvi ixtisarlar həyata keçirməyə başladı. Adını da qoydular ki, guya, qeyri-ixtisas sahiblərini işdən çıxarırlar. Ancaq qeyri-ixtisas sahibi olan elə insalar vardı ki, öz işini rektorun yeni komandasında olan “ixtisaslı kadrlar”dan çox yaxşı bilirdilər. Buna rəğmən, özlərinə sərf etməyən bütün əməkdaşları bir ucdan işdən çıxardılar. Rektorun bu qanunsuz göstərişinə etiraz edənləri isə müxtəlif yollarla hədələyərək, “konllü” işdən çıxmaq haqda ərizə yazdırmağa məcbur etdilər”. X.Mehdiyeva deyir ki, ilk əvvəl onun da adı kütləvi olaraq işdən çıxarılan əməkdaşların siyahısında olub. Lakin öz hüququnu məhkəmə vasitəsilə həll etmək istədiklərini biləndən sonra, onu başqa bir işlə təmin ediblər: “Mənim 52 yaşım var, 18 il Pedaqoji Universitetdə çalışmışam, bundan sonra harda işləyə bilərdim ki?! Baxdım ki, yeni rəhbərlik kadrların peşəkarlığına önəm verməyərək, məhz özlərinə “münasib” olmayanları işdən çıxarır, vəkil tutmağa məcbur oldum. Məhkəməyə verməyə hazırlaşırdım. Həmin vaxt İnsan Resursları şöbəsinin müdiri kimi təqdim olunan Aftandil Bayramov guya, oğlumun həmin vaxt cəbhə bölgəsində xidmət etdiyinə nəzər alıb, mənə tabelçi işini təklif etdi. Mən məcbur olub, qəbul etdim və iki il yarım həmin işdə çalışdım”. Xanım Mehdiyeva deyir ki, bununla belə, 9 il kitabxanada işləyən qızını işdən çıxarıblar. ADPU-nun keçmiş əməkdaşının sözlərinə görə, iki il yarım ərzində qanun çərçivəsində ADPU-da işçilərin işə gəlib-getmələrinə nəzarət edib və tabel üzrə uçotunu aparıb. Həmin müddət ərzində Aftandil Bayramovun köməkçisi Qumral Qədimova bir neçə dəfə işə gəlməyən müxtəlif şəxsləri ona tapşırıb. O, ilk əvvəl bütün bunları rektorun adından tapşırsa da, sonradan başqa məqamlar ortaya çıxıb: “Həmin vaxt Qumral xanım Aftandil müəllimin köməkçisi vəzifəsində işləyirdi. Yeni gələn kadrlardan idi. O, köməkçi işləyən vaxtlarda gəlib mənə bir neçə nəfəri tapşırırdı ki, onlar işə gəlməsə də, yola verim. Məsələn, arxivdə işləyən Kifayət Qurbanova vardı, aylarla işə gəlmirdi, çox vaxt xaricdə olurdu, Qumral xanım gəlib rektorun adından deyirdi ki, Cəfər müəllim tapşırıb, onun adını işə gəlməyənlərin siyahısına salma. Sonra Ənvər Seyidov, başqa adamlar vardı ki, işə gəlmirdilər, amma maaş alırdılar. Yəni xeyli sayda adam vardı ki, işə gəlməsələr də, Qumral xanım deyirdi ki, rektorun xəbəri var, onların adını qeyd elə... Mən baxdım ki, bu məsələdə rektorun adından sui-istifadə olunur, bundan imtina etdim. Dedim ki, işə gəlməyən adamların adını ayın sonunda tabeldə yaza bilmərəm, tanımadığım adamları necə yazım. Ola bilər ki, həmin şəxslərin bəzilərinin işə gəlməməsindən rektorun xəbəri vardı, amma Qumral xanım başqa şəxsləri də ora əlavə edib, rektorun adından istifadə edirdi. Çünki, bir dəfə Kifayət xanımla söhbət edəndə məlum oldu ki, o, rektorun adamı deyil. Dedi ki, ay qız, mən rektorun adamı deyiəm, Qumralı pulla saxlayıram əlimdə”. Xanım Mehdiyeva deyir ki, Qumral Qədimova ADPU-nin İnsan Resursları şöbəsinə müdiri vəzifəsinə keçdikdən sonra onunla “haqq-hesab” çəkərək, işdən çıxarmağa nail olub: “Qumral xanım müdir keçən kimi Kifayət Qurbanovanı da yanına apardı. İşə gəlməyən adama öz kabinetinin yanında ayrıca bir otaq ayırdı... Bir gün məni çağırdı, dedi ki, səni işdən çıxarıram, get özünə iş tap. Mən həmin vaxt çox pis oldum. Kifayət xanımın otağına keçib, orada ağladım ki, bu mənə niyə belə edir. O da mənə dedi ki, ay qız, nə qədər varındı, mən gedib danışaram, qalarsan işdə. Dedim ki, mənim imkanım yoxdur, heç nə verməyə gücüm çatmır. Dedi ki, işdə qalmaq istəyirsənsə, Qumral xanımın hörmətini elə. Mən Qumral xanımın bütün qanunsuz əməllərini bilirdim, ona görə məni çıxarmaq istəyirdi. O mənə dedi ki, sən rüşvət götürürsən, ona görə işdən çıxarıram. Axı, mən necə rüşvət götürə bilərdim?! Dedim kimdən götürmüşəm, bircə fakt deyin, deyə bilməsəniz, mən çıxıb rektora şikayət edəcəm. Təbii ki, o, mənə heç bir fakt göstərə bilməzdi və elə bir şey də yox idi. Dedi ki, sən çıx, indi üzünə durdurmağa 10 nəfər adam gətirəcəm. Bütün naxçıvanlıları məcbur edəcəm ki, sənin üzünə dursunlar, bundan sonra da səni “maddə ilə” çıxarcam”. Qumral Qədimova X.Mehdiyevanın sözlərinə görə, Qumral Qədimovanın təhdi və jantajlarından sonra “könüllü olaraq” işdən çıxmaq haqda ərizə yazmağa məcbur olub: “ADPU-dan çıxarılandan sonra, heç yerdə iş tapa bilmədim. Daha sonra məcbur olub Türkiyə getdim, orda 10 ay qulluqçu kimi çalışdım. Məni çıxarmamış başqa bir nəfəri gətirib yerimdə oturtmuşdular. Amma mən o rüşvəti versəydim, işdə qalardım. Təxminən 2-3 min manat istəyirdilər. Amma mənim banklara kredit borcum vardı, imkanım da yox idi... Oğlum həbir xidmətdən qayıtmışdı, 280 manat maaş işləyirdi, onunla dolanırdıq”. ADPU-nun keçmiş əməkdaşı deyir ki, Türkiyədə olduğu müddətdə də dəfələrlə rektor Cəfər Cəfərova və prorektor Eldar Aslanova yazılı şikayət edib. Amma bu şikayətlərin heç biri müsbət nəticə verməyib: “Qumraldan şikayət etdim ki, məndən rüşvət istədi. Məlum oldu ki, Qumral xanıb əvvəllər Müəllimlər İnstitutunda Kadrlar şöbəsinin rəisi vəzifəsində çalışanda da rəhbərliyə “layiqli" xidmət göstərib, bu səbəbdən ona ehtiyacları var idi... Bir dəfə universitetin Orxan adlı əməkdaşı mənimlə əlaqə saxlayıb dedi ki, necə olubsa ətraflı yaz. Mən başıma nə gətirmişdilər, hamısını yazdım. Heç bir nəticəsi olmadı”. Muxalifet.az Redaksiyadan: Yazıda adları çəkilən şəxlərin mövqeyini dərc etməyə hazırıq.