​Abutiruyentlərin nəzərinə - PULSUZ MƏSLƏHƏT MƏRKƏZİ yaradıldı

Baxış sayı:
2701

Dövlət İmtahan Mərkəzi və Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi yaradılıb.
DİM-dən verilən məlumata görə, bu gündən fəaliyyətə başlayan Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.
“Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Qərbi Kaspi Universiteti arasında əldə edilmiş ilkin razılığa əsasən, növbəti “Abituriyent Məsləhət Mərkəzi” bu universitetdə yaradılacaq. Qərbi Kaspi Universitetində fəaliyyət göstərəcək məsləhət mərkəzi haqqında əlavə məlumat veriləcək.
Digər ali və orta ixtisas təhsil müəssisələri də bu tip məsləhət mərkəzlərinin yaradılması və abituriyentlərə xidmət göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər. Məsləhət mərkəzinin yaradılması və s. məsələlərlə bağlı DİM tərəfindən dəstək göstərilir.