ABŞ və İsrail İranın Suriyadakı varlığına SON QOYMAĞA ÇALIŞIR

Baxış sayı:
1612

Natiq Miri: "Ola bilsin müstəqillik günü, İran cavab olaraq Suriya ərazisindən ya raketlərlə, ya da pilotsuz hava vasitələri ilə İsraili vursun"
 
"İraq və Suriyanın bütün neft, qaz istehsallarının həmin dəhliz vasitəsiylə Aralıq dənizinə, oradan isə Qərb dünyasına daşımağı hədəfləyirlər"

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Şayrat aviabazasına raket zərbələri endirib. Bu barədə verilən məlumatda deyilir ki, bütün raketlər Homs rayonunda Suriya Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Qeyd olunur ki, Şayrat bazasına atılan 10 raketin hamısı aviabazaya çatmamış havada zərəsizləşdirilib.
Bu arada, məsələ ilə əlaqədar yayılan digər informasiyada isə bildirilir ki, İsrailin baş naziri Benyamin Netanyahu Suriyanı bombardman edən müttəfiqlərə İranı vurmaqla bağlı çağırış edib. Məlumata görə, Netanyahu Britaniyanın baş naziri Tereza Meylə gizli telefon danışığı zamanı bunu deyib. İsrail rəsmisi həmçinin, ABŞ-ın Suriyaya kimyəvi silahlardan istifadəyə görə hücum etməsinə dəstək verdiyini, Britaniya ilə Fransanın da bu əməliyyatı dəstəklənməsindən məmnunluq duyduğunu vurğulayıb.
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq Natiq Miri hesab edir ki, ABŞ və İsrailin əsas hədəfi Suriyada İranın güc varlığını sındırmaqdan ibarətdir: "Bu gün artıq ABŞ açıq şəkildə bəyan edir ki, bölgədə İŞİD təhlükəsini tamamilə yox etdikdən sonra qoşunlarının Suriyadan çıxmasının əsas səbəblərindən biri də mütləq mənada regionda, Yaxın Şərqdə İran hegemonluğunu tamamilə yox etməkdən ibarətdir. Yəni əsas hədəflərdən biri də budur. Çünki İranın varlığı ABŞ-ın strateji müttəfiqi olan İsrail üçün təhlükə sayılır. Bu baxımdan, İranın regiondakı gücünü tamamilə yox etməyi planlaşdırırlar. Məhz bundan sonra regionda İsrail üçün alternativ hərbi güc olmayacaq".
İranın Suriyadan çıxarılmasının məqsədlərindən birinin də ABŞ-ın Aralıq dənizinə yeni dəhliz açma planı ilə bağlı olduğunu vurğulayan politoloqun sözlərinə görə, bundan əvvəl Suriyanın şimalından kürd dəhlizi açmaq planlaşdırılırdı: "Türkiyə isə "Zeytun budağı" əməliyyatı ilə həmin planı alt-üst etdi. Odur ki, artıq Suriyanın şimalından deyil, cənubundan İordaniyadan keçməklə, İsrail vasitəsi ilə Aralıq dənizinə bir dəhlizin yaradılması planı işə salınıb. Bu plan çərçivəsində isə İraq və Suriyanın bütün neft, qaz istehsallarının həmin dəhliz vasitəsiylə Aralıq dənizinə, oradan isə Qərb dünyasına daşımağı hədəfləyirlər. Bu yöndə isə əsas əngəllərdən biri məhz İranın Suriyada varlığıdır. Bu baxımdan, düşünürəm ki, son Suriya bombardmanında İran hədəfləri vuruldu. Hesab edirəm ki, bu, son deyil və İranın Suriyadakı varlığına tamamilə son qoyulanadək onun hədəfləri vurulmağa davam edəcək".
İranın ona qarşı atılan addımlara cavab verməsinə gəlincə, Natiq Miri bu qənaətdədir ki, Tehran artıq həm İsrailə, həm də ABŞ-a təhdid dolu ismarıc göndərib: "İran elan edib ki, bütün bu bombardmanlar cavabsız qalmayacaq. Bildiyiniz kimi, yaxınlarda İsrailin müstəqillik günü qeyd olunacaq. Artıq İsrail kəşfiyyatında belə bir informasiya var ki, ola bilsin məhz müstəqillik günü, İran cavab olaraq Suriya ərazisindən ya raketlərlə, ya da pilotsuz hava vasitələri ilə İsraili vursun. İsrail isə öz növbəsində, bəyan edib ki, əgər belə bir hadisə baş verərsə, o zaman İranın Suriyada yerləşən bütün obyektləri darmadağın ediləcək"./Hurriyyet/