​ABŞ və Aİ-dən İrəvana: DƏRHAL AZAD EDİN!

Baxış sayı:
3982

ABŞ və Avropa İttifaqı müxalifətin etiraz aksiyalarının keçirildiyi Ermənistanı təmkinli olmağa və vətəndaşların dinc etiraz hüququna hörmətlə yanaşmağa çağırıb.
Muxalifət.az xəbər verir ki, ABŞ diplomatları polis əməkdaşlarına və nümayişçilərə qarşı zorakılıq aktlarına yol verən şəxslərin qanuna uyğun şəkildə məsuliyyətə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
“Biz hakimiyyəti dinc aksiyalara icazə verərək təmkinli olmağa, sərbəst toplaşma azadlığı hüququndan istifadə edən şəxsləri isə bunu məsuliyyətlə, zorakılıqdan qaçaraq və vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışaraq etməyə çağırırıq. Jurnalistlərə və nümayişçilərə qarşı zorakılığa dair məlumatlar bizi narahat edir”, - ABŞ-ın Ermənistan səfirliyinin bəyanatında deyilir.
“Avropa İttifaqı Ermənistan hakimiyyətinin sərbəst toplaşma azadlığını tam hörmətlə qarşılamasını və qanunun Ermənistanın beynəlxalq öhdəliklərinə, o cümlədən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına uyğun olaraq ədalətli və mütənasib şəkildə tətbiq olunmasını gözləyir. Qanuna əsasən, toplaşmaq hüququndan istifadə edərkən saxlanılan bütün şəxslər dərhal azad edilməlidir”, - Aİ-dən bildirilib.
Xatırladaq ki, aksiyanın əsas təşkilatçısı olan Nikol Paşinyan da daxil olmaqla, 3 deputat saxlanılıb. Ümumilikdə isə son 6 gündə 1000 nəfər həbs edilib.