ABŞ-ın Suriya planı: Türkiyəni dayandır, SURİYANI BÖL..

Baxış sayı:
3793

ABŞ, Türkiyə və Rusiyanı nəzarət altına alaraq Suriyanı parçalamaq üçün gizli pərdə arxasında planlaşdırma aparır. ABŞ, 11 yanvarda Vaşinqtonda topladığı İngilis, Fransız, İordaniyalı və Səudiyyəli nümayəndələrlə Suriyanın bölünməsini müzakirə edib. ABŞ-ın Suriyanı parçalamaq planında Astana-Soçi prosesinə zərbə endirərək Cenevrə prosesini önə çıxarmaq da yer alıb.
 
Livanın “Al Akhbar” xəbər saytının Vaşinqtondakı İngilis səfirliyindən aldığı bir teleqrama görə, ABŞ xarici işlər nazirinin müavini David Satterfield 11 yanvarda bəzi Qərbli və Şərqli ölkə nümayəndələri ilə Vaşinqtonda keçirdiyi bir görüşdə ABŞ-ın bölünmüş bir Suriya strategiyasını yekunlaşdırıb. İngilis diplomat Bencamin Norman imzalı teleqramda ABŞ, İngiltərə, Fransa və Səudiyyə Ərəbistanı ilə İordaniyadan nümayəndələrin yaratdığı "kiçik qrupun" 11 yanvarda Vaşinqtonda keçirdikləri ilk iclasda alınan qərarlar var.
Teleqramda ABŞ cəbhəsinin Suriyanın timsalında başda Türkiyə, Rusiya və İran olmaqla, regiona dair plan və hədəfləri yer alır. Sənədə görə, Devid Satterfield, ABŞ prezidenti Donald Trampın İŞİD-ə qarşı qazanılan qələbəyə baxmayaraq, Suriyada Amerika hərbi varlığını davam etdirməyə qərar verdiyini təsdiqləyib. Bunun Amerikaya maya dəyərinin isə ildə 4 milyard dollar olaraq müəyyən olunduğunu söyləyib.
 
SƏRHƏD DEYRİZOR
 
Sənədə görə, ötən ay ABŞ döyüş təyyarələrinin, Suriyanın Deyrizor bölgəsində Əsəd rejimi əsgərlərini və Rus muzdlu əsgər ordusu Vaqneri vurması, faktiki olaraq Fəratın şərqi üçün sərhəd cızma cəhdi idi. ABŞ Fəratın qərbi və şərqi arasında bir atəş xətti yaratmağa çalışır. Amerikalılar, altı həftə əvvəl Suriya Qrupundakı müttəfiqlərinə, növbəti hədəfin ölkənin şərqini geri qalanından ayırmaq olduğunu deyib.
 
BEŞ MƏRHƏLƏ
 
Sənəddə Suriyada həyata keçirilməsi lazım olan beş mərhələdən danışılır. Bu mərhələlər Suriyanı parçalamaq, Türkiyəni nəzarət altına almaq, BMT-nin Suriya Üzrə Xüsusi Nümayəndəsi Ştefan də Misturayı ABŞ məqsədləri istiqamətində yönləndirmək, Soçi prosesini sabotaj etmək və Suriya müxalifətini təsir altına almaqdan ibarətdir.
 
SOÇİYƏ TƏXRİBAT
 
"Kiçik Qrup "un hədəfində Türkiyə, Rusiya və İranın Astanadan sonra başladığı Soçi prosesi də var. Sənəddəki ara başlıqlardan biri də "Soçini istifadə etmək və sabotaj etmək" kimi qeyd olunur. Soçinin əhəmiyyətini məhv etmək üçün də "Cenevrə prosesinin bərpası" nəzərdə tutulur.
 
MÜNASİBƏTLƏR DÜZƏLMƏYƏCƏK
 
Amerikalı nümayəndə iclasda PKK/PYD-nin Cenevrəyə daxil olması lazım olduğunu söyləyib. Türkiyənin bunu əngəllədiyini bildirən Amerikalı diplomat Türk-Amerika münasibətlərinin onsuz da pis olduğunu və daha da yaxşıya doğru getməyəcəyində qəti olduğunu bildirir.
 
Qaranlıq toplantının iştirakçıları
 
ABŞ cəbhəsinin Suriyanın timsalında başda Türkiyə, Rusiya və İran olmaqla, regiona dair plan və hədəflərinin yer aldığı teleqramı göndərən şəxs Bencamin Norman İngiltərənin Vaşinqton səfirliyində vəzifəlidir. 12 yanvarda göndərilən teleqramda 11 yanvarda Vaşinqtonda keçirilən toplantıya qatılan adlar belə sıralanıb: “Toplantıya, Satterfield xaricində, İngiltərə Xarici İşlər Nazirliyi Suriya Masası rəhbəri Hyu Clary və Fransa Xarici İşlər Nazirliyi Orta Şərq və Şimali Afrika şöbəsinin rəhbəri Jerome Bonnafon iştirak edib. Vaşinqtonun iki Ərəb müttəfiqi də iclasda iştirak edib. İordaniya Xarici İşlər Nazirliyinin müşaviri Nawaf Wasfi al-tal və Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyində yüksək səviyyəli təhlükəsizlik məmur olaraq çalışan general-mayor Jamal al-Aqeel”.
 
Ankaraya qarşı ön hazırlıq
 
İordaniyalı nümayəndənin "bütün zamanların ən gizli dövlət iclası" adlandırdığı ilk iclasda Almaniya, Misir və Türkiyənin də bu qrupa dəvət edilməsi müzakirə edilir. Türkiyə ilə gərgin keçən müzakirələrdən dolayı əvvəl bir blok yaratmaq üçün dəvət məsələsində tələsməmək qərara alınıb. Misir və Almaniyanın dəvət edilməsi isə qərara alınıb.
Müxalifət.az