ABŞ Senatı Azərbaycan məmurlarına sanksiya tətbiq edəcək? – EKSPERTLƏRDƏN AÇIQLAMA

Arif Hacılı: “Azərbaycan hakimiyyəti Mehman Əliyevi həbs etməklə çox böyük səhvə yol verib”
 
“Qabil Hüseynli: “Sənədin Senatda qəbul olunması ehtimalı var”
 
İki gün əvvəl ABŞ Senatoru Riçard Durbin Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə Senata sənəd təqdim edib.
Qeyd edək ki, Senatorun təqdim etdiyi sənəd Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.
Sənəddə Dövlət Katibindən rica edilir ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin.
Sənəd 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında təqdim olunub və hazırda Vaşinqtonda tam komitə heyəti tərəfindən nəzərdən keçirilir.
Məsələ ilə bağlı hökumət rəsmilərinin də narahatlığı görünməkdədir. O baxımdan, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Report”a açıqlaması diqqəti çəkir.
S.Novruzov bildirib ki, ABŞ Senatında Azərbaycan rəsmilərinə sanksiya tətbiq olunması ilə bağlı müzakirələr aparılacağına dair xəbərlər var: “Düzdür, belə təşəbbüs olub. Bu müzakirələr ola da bilər, olmaya da. İnanmıram ki, belə bir qərar qəbul olunsun”.
S.Novruzov onu da qeyd edib ki, bu, sadəcə olaraq, erməni lobbisinin və onlara muzdlu xidmət göstərən siyasətçilərin Azərbaycana qarşı növbəti təxribatıdır.
 
“Mehman Əliyevin həbsi bu məsələdə artıq son hədd rolunu oynayıb”
 
Məsələ ilə bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı Hurriyyet.org-a bildirib ki, ABŞ siyasi hakimiyyəti tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq olunması müzakirələrinə başlanacağı gözlənilən idi: “Görünür, Mehman Əliyevin həbsi bu məsələdə artıq son hədd rolunu oynayıb. Əslində, Azərbaycan hakimiyyəti Mehman Əliyevi həbs etməklə çox böyük səhvə yol verib. Bu həbs qanunsuz olmaqla yanaşı, eyni  zamanda Azərbayacana ağır zərbə vuran bir həbsdir. Ona görə, vəziyyətdən çıxış yolu Mehman Əliyevi və digər siyasi məhbusları  azadlığa buraxmaqdır. Çox təəssüf ki, Azərbaycan hakimyyəti məntiqə uyğun fəaliyyət göstərmir. Ona görə də Mehman Əliyevin yaxın vaxtlarda azadlığa çıxacağına böyük  ümidlərim yoxdur”.
 
“Azərbaycan  hakimiyyəti dərhal ciddi addımlar atmasa, sənəd qəbul olunacaq”
 
“Azərbaycanın beynəlxalq imici və bü gün Azərbaycanda mövcud olan hakimiyyətə ABŞ-da olan münasibət Senata təqdim olunan bu sənədin qəbul olunacağından xəbər verir. Azərbaycan  hakimiyyəti dərhal ciddi addımlar atmasa, sənəd qəbul olunacaq”,- deyə partiya sədri vuğuladı.
 
“Belə bir vəziyyətin yaranmasının səbəbkarı Azərbaycan hakimiyyətidir”
 
S. Novruzovun “Bu, sadəcə olaraq, erməni lobbisinin və onlara muzdlu xidmət göstərən siyasətçilərin Azərbaycana qarşı növbəti təxribatıdır” fikrini xatırlatdıqda, A. Hacılı qeyd etdi ki, Azərbaycana qarşı siyasi fəaliyyət göstərən qüvvələr var və təbii ki, erməni lobbisi də Azərbaycana qarşıdır: “Ancaq belə bir vəziyyətin yaranmasının səbəbkarı Azərbaycan hakimiyyətidir. Söhbət Mehman Əliyevin həbsindən gedirsə və Azərbaycan üçün belə bir problem yaranırsa, səbəbi aradan qadırmaq, Mehman Əliyevi azadlığa buraxmaq lazımdır. Erməni lobbisi əleyinə Azərbaycan televiziyalarında təşkil olunan təbliğat kampaniyaları vəziyyəti dəyişdirməyəcək”.
 
“Mehman Əliyevin azad edilməsi, heç olmasa ev dustqlığına buraxılması məqsədəuyğun görünür”
 
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirdi ki, bu, çox ciddi mövqedir: “Hələ indiyə qədər Azərbaycanda həbs edilənlər barədə ABŞ belə bir sənəd ortaya qoymamışdı. Bu nöqteyi-nəzərdən də məsələnin ciddi olduğunu və ictimaiyyət nümayəndlərinin Prezidentə müraciətini nəzərə alıb, Mehman Əliyevi ən azından ev dustaqlığına və yaxud girov müqabilində azadlığa buraxmaq lazımdır. Çünki bu məsələ getdikcə yoğunlaşır və Azərbaycanın beynəlxalq imicinə xələl gətiməyə başlayıbdır. Bu nöqteyi-nəzərdən Mehman Əliyevin azad edilməsi, heç olmasa ev dustqlığına buraxılması məqsədəuyğun görünür”.
 
“Amerika, Avropa dövlətləri Mehman Əliyevin həbsdən azad olunmasını istəyirlər”
 
Q. Hüseynlinin fikrincə, sənədin Senatda qəbul olunması ehtimalı var: “Bu ehtimal real görünür. Dövlət Departamentnin çağırışından sonra bu məsələnin Amerikada yüksələn xəttlə üzrə inkişaf etdiyini görürük. Yəni Amerika, Avropa dövlətləri Mehman Əliyevin həbsdən azad olunmasını istəyirlər”.
 
“Prezidentimiz humanistlik edib, bu məsələni dəyərləndirə bilər”
 
Q.Hüseynli hesab edir ki, Mehman Əliyev azadlıqda olsa, bu Azərbaycan xalqına daha çox xeyir verə  bilər: “Prezidentimiz də humanistlik edib, bu məsələni dəyərləndirə bilər”.